Gurtulush.jpg
Fon-222.tif
Fon-222.tif
Gövhər Əntiqə

QURTULUŞ
(Seçilmiş şerlər)



Mən bu kitabımı Azərbaycanın şanlı oğlu, möhtərəm Prezident, Zati-Aliləri cənab Heydər Əlirza oğlu Əliyevin şərəfinə yazdım. O, Allah tərəfindən se çilmişlərin seçilmişi olduğu üçün, mən də, bu kitabıma öz seçilmiş əsərlərimi daxil etdim. Mənim bu kitabım Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda bütün həyatını fəda etmiş möhtərəm Prezident Cənab Heydər Əlirza oğlu Əliyevə olan dərin hörmət və məhəbbətimin təcəssümüdür.
Müəllifdən.

Myellif.bmp

Gövhər Əntiqə (Əliyeva Gövhər Arif qızı) 1960-cı ildə Naxçıvan şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, cərrah ixtisasına yiyələnmişdir.
Gövhər xanım əyninə geydiyi bəyaz xələtiylə xəstələrə şəfa verirsə, yazdığı misralarıyla k önüllərə mənəvi körpü salır.
Bəlkə də onun şairliyi həkimliyindən çox-çox qabaqdır.
Gövhər Əntiqə qəlbinin həzin nəğmələrini hələ 14 yaşından ağ vərəqlərə pıçıldayır.
Müəllif nədən yazırsa yazsın, orijinallığa, coşğun ilhama söykənməyə çalışır.
Beləliklə, Gövhər Əntiqə qəlbindən qopan misralarla özünə 100-dən artıq qəzəl, rübai, bayatı, eyni zamanda bir-birindən gözəl lirik şerlər, mahnı mətnləri, bir neçə xalq əfsanəsilə bağlı poemalar “hörmüş”, ilk kitabını çap etdirmiş, onları öz oxucularına bağışlamışdır.
Yeni kitabında Gövhər Əntiqənin şerlərilə yanaşı, öz şerlərinə bəstələdiyi mahnıların mətni də əksini tapıb.
Biz istedadlı şairə Gövhər Əntiqənin yeni poetik addımını təbrik edir, müəllifə yaradıcılıq uğurları arzulayırıq.


QURTULUŞ

Gəldi göy atlısı Türkün, bəyan oldu aləmə,
Batacaqdır yağılar daha tükənməz ələmə.
Düşüb artıq elə dərdə, elə hüzn ilə qəmə,
Salam ol millətə, ol xalqa bəxtəvər dedilər,
Ki, vardır sərkərdəsi türk oğlu Heydər, dedilər.

O, dühasıyla axan qanlara son qoydu daha,
Azərbaycan həqiqətin dünyaya yaydı daha,
“Lissabon Sammiti” düşmən gözünü oydu daha,
Yox siyasətdə ona öylə bərabər, dedilər.
Gəldi xilaskarımız türk oğlu Heydər, dedilər.

Keşməkeşli həyatı örnək olubdur çoxuna,
Arxalanır yerdə xalqa, göylərdə Allahına,
O olan yerdə gələnməz daha düşmən yaxına,
Daşıyır vətən yükün çiynində hünər dedilər
Gəldi xilaskarımız türk oğlu Heydər, dedilər.

Uşaqdan böyüyədək sevmədədir onu hamı,
Var böyük dövlətlərin Ona böyük ehtiramı
Düşür hər an yadıma ataların bir kəlamı
Bilər həm zər qədrini o əhli zərgər, dedilər.
Gəldi xilaskarımız türk oğlu Heydər, dedilər.

Qarabağın qara bağrın bəladan qurtaracaq,
Yurduma uzanan yad əlləri şəksiz qıracaq,
Çox keçməz, dünya məhkəməsində hesab soracaq
Yeganə bir şəxsiyyət var, ər oğlu ər dedilər,
Gəldi xalqın xilaskarı–türk oğlu Heydər dedilər.
15. 06. 1997.

NAXÇIVAN

Haçadağ dağlar sultanı
Bir yanın Araz, Naxçıvan.
Gəzəsən bütün dünyanı
Tayın tapılmaz, Naxçıvan!

Nuhun tufanın görmüsən,
Neçə yağı gömürmüsən,
Poladmısan, dəmirmisən,
Mətin, yenilməz, Naxçıvan!

Badamlın dünyanı gəzər,
Sirab, Vayxır süfrə bəzər,
Darı dağdan şəfa süzər,
Dərd-bəlan qalmaz, Naxçıvan!

Qışın sərtdi sözün kimi,
Yayın atəş, özün kimi,
Nə duzun, nə qızın kimi
Aləmdə olmaz, Naxçıvan!

Qumun qızıl, daşın uran.
Gözəldir həm yaylaq, aran,
Bir yol Batabatı görən
Ondan ayrılmaz, Naxçıvan!

“Mömünə Xatun” şah abidən,
Əshabü-kəhf, ruhla-bədən!
Düşmanına getsin qadan!
Qədrini bilməz, Naxçıvan!

Dədə Qorqud məskənisən,
Ər Heydərlər Vətənisən,
Həm qədimsən, həm yenisən!
Əbədi, ölməz Naxçıvan!
18. 07.1999.

SƏNƏ SALAMLAR OLSUN,
ALİ BAŞ KOMANDANIM!

Vətənin dar günündə, yetişdin harayına,
Keşməkeşli bir həyat düşdü ömür payına.
“20” Yanvar günü, qurban verib özünü,
Sən səsini ucaltdın, partbiletini atdın.
Onda sən həqiqəti dünyaya bəyan etdin.
Böyük bir imperiyaya təklikdə üsyan etdin.
Qayıtdın vətəninə, doğma Naxçıvanına,
Döndün bir Sərkərdətək millətinin yanına.
Durdun xalqın dalında, duracaq bir dağ kimi,
Düşdün düşmənlərinin gözünə bir ağ kimi.
Xalqın böyük sevinclə çıxmışdı pişvazına,
Sərkərdə yazılmışdı sənin alın yazına.
Çox qısa bir zamanda, vətənin Naxçıvanda
Xalqı səfərbər etdin, sən böyük hünər etdin.
Düşmən blokadaya salmışdı Naxçıvanı,
Ataraq təhlükəyə on minlərlə insanı
 ac-susuz saxlamışdı.
Kəsib bəndi-bərəni yolları bağlamışdı,
Sən xalqınla əl-ələ düşmənə sinə gərdin,
“Haykın” cavabın verdin.
“93”də xalqının böyük iradəsiylə,
Millətin sonsuz sevən ürəyinin səsiylə,
Məşəltək yana-yana, böyük Azərbaycana
Sərkərdətək qayıtdın, millətini oyatdın.
Qurutdun göz yaşını yüz minlərlə ananın,
Yeganə ümidiydin bütün Azərbaycanın.
Kəsdin ermənilərin uzanan əllərini,
Kəsdin böhtan söyləyən o mənfur dillərini.
Xalqımızın başına açılan oyunları,
İllərdən bəri axan o günahsız qanları
Dünyaya bəyan etdin, nahaqqa üsyan etdin.
Düşman sakit qalmadı, gündə min dona girdi,
Libasını dəyişdi, gündə min qına girdi.
Sən, xalqını səsləyib, düşmənini haqladın
 zamanı qabaqladın.
Çox nəhəng dövlətlərin maneəsini qırıb,
Sən necə nəhənglərin iradəsini qırıb,
“Əsrin müqaviləsi”ni bağlayıb öz xalqına
Əbədi çörək verdin.
Xalqın gözünə işıq, dizinə dirək verdin
Sən yorulmaq bilmədin, elə qurdun, yaratdın.
Düşmənlərin gözünə iti ox kimi batdın.
Sən millətin yolunda etdin ömrünü fəda,
Tanrı, sənə yar olsun, qorusun səni Xuda!
Sən yüksələn Bayrağı heç enməyə qoymadın,
Sən azadlıq yolunda vuruşlardan doymadın.
On ildir müstəqildir mənim azad Vətənim,
Bu sənin zəhmətindir yaşayır şad vətənim.
Səni ürəkdən sevir bütün Azərbaycanım,
Sənə salamlar olsun! Ali Baş Komandanım!


NİYƏ İNANMIRSAN
QAYIDACAĞAM

Azərbaycan torpaqlarının erməni
işğalçılarından qorunmasında şəhid
olanların müqəddəs xatirəsinə baş əyirəm.
 
Məni yola salıb son mənzilimə
Niyə inanmırsan qayıdacağam.
Batma, təsəllisiz, kədərə, qəmə,
Niyə inanmırsan qayıdacağam?!

Gözümdə muradım, könlümdə arzum,
Getdim qorumağa Vətəni, quzum.
Kim deyir ki, vaxtsız axdı ulduzum?
Bir az dəyişmişəm, qara torpağam,
Niyə inanmırsan qayıdacağam?!
Köksümdə ufacıq bir əksin vardı,
Mərmi ürəyimlə birgə apardı,
Baxma ki, anam da fəryad qopardı,
Hələ o da bilmir əbədi sağam,
Niyə inanmırsan qayıdacağam?!

Bizi salamlarkən yaylım atəşi,
Gördüm gözlərində ümidsiz yaşı
Əl saxla, qızların yolunmaz başı!
Yenə güvəndiyin sarsılmaz dağam,
Niyə inanmırsan qayıdacağam?!

Gedəndə demişdim yolumu gözlə,
Döndüm, yanındayam, oxşa, əzizlə,
Mən tək dəliqanlı bir parça bezlə
Bürünüb məzarda uzanacağam?!
Niyə inanmırsan qayıdacağam?!


AXIR
Şair Məmməd Aslana

Altmış nədir ömrü girov qoyasan,
Altmış hələ nə əvvəldir, nə axır.
Zaman qıymaz keçdiyini duyasan,
Göz yumursan, göz açırsan, ilaxır...

Kəlbəcərin hay əlində, Murovun,
Qız-gəlini gavurların girovu,
Neçə ildir buz qəlblərdə qırovu
Əridəmmir, Tər-tər küsüb, lal axır.

Hey beynəlxalq təşkilatlar döz deyir.
ATƏT real iş əvəzi, söz deyir.
Azəriyə əl tutana göz dəyir,
Hayıstana dörd-bir yandan pul axır.

Torpağıma gör neçə göz dikilib,
Zənn edirlər yel əsib-qoz tökülüb.
“907”-dən çəpər çəkilib,
ABŞ sanır, koğuşundan bal axır.

Millətimin yox özgədən harayı,
Əsər etmir nəhənglərə harayı.
Bir Heydərdir Allahdan oğul payı,
Açacaqdır bizə də bir yol axır.

Haykın oğlun qudurtdular daha da,
Müsəlmanlar qalxmadılar cahada,
Xilasımız o nurani dühada,
Aparacaq çör-çöpləri sel axır.

Ərzurumun gədiyinə varırsan.
Dağda-daşda istedad axtarırsan,
Sən zərgərsən, zər qədrini bilirsən,
Bizləri də, bir yadına sal axır.

Gövhər deyər, Məmməd şerin Aslanı,
Qələm əhli bir kəlmədən aslanır.
Çaqqal-maqqal basa bilməz aslanı,
Lütf edibən bu naməmi al axır.

SƏN HƏMİN BAKISAN

Sən həmin Bakısan, evləri uca,
Küçələri geniş, dalanları dar.
Sən həmin Bakısan, qocadan-qoca,
Öpür tellərini xəzri, gilavar.

Sən həmin Bakısan, həmin Bakısan,
Köksündə həsrətin, hicranın həmin,
Sən dəli Xəzərin qoynundakısan,
Sən lal şahidisən nakam eşqimin.

Sən həmin Bakısan, şəhid qanıyla
Yoğrulub hər addım torpağın, daşın.
Aləmdə məşhursan adın-sanınla,
Heç vaxt əyilməyib mərdanə başın.

Sən həmin Bakısan, “qara qızılın”
Faşizm üzərində qələbə çalıb,
Səndə, ey bəşərin nadir gözəli,
Hələ çoxlarının gözləri qalıb.

Sən həmin Bakısan, evləri uca,
Küçələri geniş, dalanları dar.
Sən həmin Bakısan, qocadan-qoca,
Sevər Gövhər səni nə ki, ömrü var.
30. 01. 1997.

DÜNYA
Xocalı şəhidlərinin xatirəsinə ithaf edirəm.

Ey çərxi-fələk, neyləmisən, yanmada dünya.
İllərdi dönüb tərsinə fırlanmada, dünya!
Oğuz elinin qolu bükülməzdi yağıdan,
Dərddən bükülüb qəddi, beli sınmada dünya!

Türk qız-gəlinin, körpələrin qanı halalmış,
Min təhqir ilə meyidləri ortada qalmış.
Dünyamı yatıb röyada, dünyamı qocalmış?..
Odlar yurdu öz qanına bulanmada, dünya!

Nalə çəkirik, səsimizi aləm eşitməz,
İmdada uzanmış əlimiz kimsəyə yetməz,
Bir böylə zülmü tanrı görür, əsla əfv etməz,
Göz yaşlarımızla hələ sulanmada dünya!

Ey çərxi-fələk, neyləmisən, yanmada dünya.
İllərdi dönüb tərsinə fırlanmada, dünya!
Oğuz elinin qolu bükülməzdi yağıdan,
Dərddən bükülüb qəddi, beli sınmada, dünya!!!
31.02.1992.

ASLAN YURDU TÜLKÜLƏRƏ BASILMAZ

Ər oğlu ər, namərdlərdən asılmaz!
Aslan yurdu, tülkülərə basılmaz!
Allahdan bir olan ümid kəsilməz,
Şəhid qanlarının cavabı gələr!

Bir çalğısan, yad əllərdə çalınan,
Bir əşyasan hey satılıb, alınan.
Yağı düşmən, bəslənsən də, yalınan
Sorduğun qanların hesabı gələr!

Qəzəbimiz hələm-hələm bilinməz,
Odlar yurdu qan bələnər, bölünməz,
Türk qeyrəti bir qaladır, alınmaz.
“Göy atlı” üzündə niqabı gələr!

Mən Gövhərəm, Naxçıvanın qızıyam,
Böyük Türkün kiçiyiyəm, azıyam.
Bu Vətən yolunda ölsəm, razıyam,
Sənin də ömrünün əzabı gələr!
26.05.1992.

DÜNƏN
“20 YANVAR” şəhidlərinə ithaf edirəm

Bakı, heç özünə yoxdu bənzərin,
Nədən bələnibdir qana, de sinən?
Hanı o nər kimi oğulun, ərin?!
Bu gün yoxdur, axı var olub dünən.

Onların ömrünün gülən çağıydı,
Yaxşını, yamanı bilən çağıydı,
O günahsızların ölən çağıydı?
Verdin ayaqlara, kor olub dünən.

Meyitlərinin də itirdi izin.
Cəlladlar yox etdi, hardaydı gözün?
Aləmə qırx dedi, o neçə yüzün
Adın da gizlətdi, zor olub dünən.

Zaman bağışlamaz, an bağışlamaz.
O gecəki zülmü dan bağışlamaz,
Otur indi alış, yan, bağışlamaz,
Qız-gəlinin saçı qar olub dünən.

Silahsız, tanklara yeriyən hanı?!
Haqqı, ədaləti arıyan hanı?!
Bizi sinəsiylə qoruyan hanı?!
Namərd gülləsiylə vurulub dünən.

Bu dərddən Xəzri də susub, dinməyir.
Göydə qağayılar küsüb, enməyir.
Dəniz qımıldanıb silkələnməyir,
Ağlayıb, ağlayıb, yorulub dünən.

Dövran namərdindir gün keçir, Gövhər!
Qəbriniz önündə and içir Gövhər,
İntiqam almağa vaxt seçir, Gövhər,
Sinəm neçə yerdən yarılıb dünən.
21.01.1990.

GEDİM BARI
Həyatdan vaxtsız getmiş, əziz anam
Əntiqə həkim Heydər qızına ithaf edirəm.

Gəldim görüşünə, qurban olduğum,
Qalx mənimlə kəlmə kəs, gedim barı.
Getdiyi yollarda gözü qaldığım,
Bu zalim fələkdən küs, gedim barı.

Gün-günorta olub, yandırıb, yaxır,
Əksin lal sükutla üzümə baxır,
Sən dönən deyilsən nə əvvəl-axır,
Sözümə bir qulaq as, gedim barı.

Bir qətrə kədərə qıymazdın məni,
Ölsən ağlamağa qoymazdın məni?
Niyə, sən bu qədər saymazdın məni?
Hirslən üstümə de;- “sus!”, gedim barı.

O sənsiz yurdunda izin görünür,
Baxıram güzgüyə üzün görünür.
Bu hicran ömürdən uzun görünür.
Dön xəfif bir mehə əs, gedim barı.

And iç, yoxluğuna inandır məni,
Bağrımı al qana bələndir mənim,
Gövhərəm, başına dolandır məni
Tutum öz-özümə yas, gedim barı.

Əziz anam

Sən özümsən, istəyimsən, duyğumdasan,
Gündüz fikrim, gecə şirin uyğumdasan.
Tez getsən də, bir ömürlük qayğımdasan,
Əziz anam, canım anam, mənim anam.

Hər addımda mənimləsən, yanımdasan,
Saatımda, dəqiqəmdə, anımdasan,
Damarımda axan coşqun qanımdasan,
Əziz anam, canım anam, mənim anam.

Sən dünənsən, sən bu günsən, sabahımsan.
Ümidimsən, əlim yetməz pənahımsan.
Ürəyimdə nisgilimsən, min ahımsan,
Əziz anam, canım anam, mənim anam.

Sən özümsən, istəyimsən, duyğumdasan,
Gündüz fikrim, gecə şirin uyğumdasan.
Tez getsən də, bir ömürlük qayğımdasan,
Əziz anam, canım anam, mənim anam.

17. 06. 1989.
NƏ TEZ BELƏ QOCALMISAN,
AY ATA

Nə tez belə qocalmısan, ay ata,
Nə tez belə saçlarına dən düşüb.
On il olar anam gedib rəhmətə,
O bəxtiyar günlərimiz gen düşüb.

Nə tez belə qocalmısan, ay ata,
Dünənəcən cavan idin, gənc idin.
Əzəmətdə Rüstəm zala tay ata,
Taledənmi küsdün belə incidin?

Hanı anam?, çəkə sənin nazını,
Oyandırma, yuxudadır, qoy yata!
O gün olsun haqlıyasan yüzünü
Ümidimiz, pənahımız, ay ata.

Nə tez belə qocalmısan ay ata,
Nə tez belə saçlarına dən düşüb.
On il olar anam gedib rəhmətə
O bəxtiyar günlərimiz gen düşüb.

ÖZÜN BİLƏRSƏN
Həyatdan nakam köçmüş əmim oğlu
Məhəmməd Əli oğluna ithaf edirəm.

Yolumu gözləmə, gəlməyəcəyəm.
O, dəniz, o sahil, o həsrət o sən.
Dərdimi danışıb bölməyəcəyəm,
Qalarsan, qalmazsan, özün bilərsən.

Alışdım oduna, yandım oduna,
Adım yazılmadı sənin adına,
Nə vaxtsa sevgilim, məni yadına
Salarsan, salmazsan, özün bilərsən.
Dünya onu bilir boşala, dola,
Kimə nə veribdir, əlindən ala,
Qalxıb ayağıma son dəfə yola,
Salarsan, salmazsan, özün bilərsən.

Ah-naləm bürüyüb bütün aləmi,
Gedirəm, qəlbimdə ayrılıq qəmi,
Sən də qəhərlənib bir bulud kimi,
Dolarsan, dolmazsan özün bilərsən.

Tapmadıq hicranın bir əlacını,
Şirin əvəzinə daddıq acını,
Məzarım üstünə gəlib, saçını
Yolarsan, yolmazsan, özün bilərsən.

Əlvida vəfalım, ey məhəbbətim?
Səcdəni qılmağa yoxdu taqətim,
Qiyamət günündə bəlkə qismətim
Olarsan, olmazsan, özün bilərsən.
12. 04. 1991.
 

BAYATILAR
20 Yanvar şəhidlərinin xatirəsinə

Gəmilər hanı batdı?
Sındı hər yanı batdı.
Millətimi qırdılar,
Ay ellər, qanı batdı!!!

Erməni soyar gedər,
Al qana boyar gedər,
Qorbaçovdur arxası
Çətin ki, doyar gedər.

Eləmi səndə qaldı,
Yox! Yox! desən də qaldı.
Erməni! Millətimin,
Qisası səndə qaldı!

Eləmi dağlar fələk!
Gör kimi dağlar fələk.
Namərdə meydan verib
Qalmışıq ağlar, fələk!

Eləmi arxası yox,
Poladı var, xası yox,
Qoru millətim Allah!
Bəndədən arxası yox!

Eləmi namərd dünya,
Mərd dünya, namərd dünya!
Səndə vəfa görmədim,
Başdan-başa dərd dünya.

Eləmi ov gedəməm,
Dur öldür, qov, gedəməm,

Qalıb namərd əlində
Yarım girov, gedəməm!
Bu dağ məndən
Qol məndən, budaq məndən,
Yüz il yüz ilə qala
Çəkilməz bu dağ məndən.

Eləmi bir də, məni,
Çağırma bir də məni,
Tutdu bu qəfil bəla
Durduğum yerdə məni.

Eləmi gün dalıdı,
Ağlama, gün dalıdı.
O bəxtiyar çağlarım,
O gözəl gün dalıdı.

Eləmi gedər, gəlməz.
Gün keçər, gedər, gəlməz.
Dur gəl sarıl boynuma,
Səfərim gedər, gəlməz.

Eləmi bəndi-bərə,
Keçmədi bəndi, bərə
Çağırma, gələmmirəm,
Bağlanıb bəndi-bərə!

Eləmi sərvi boyun,
Ötərdi sərvi boyun,
Getmə o dar məzara
Sığışmaz sərvi boyun.

Eləmi zalım fələk!
Daş fələk, zalım fələk!

Niyə məni qoymadın
Yarımla qalım, fələk!

Eləmi gözləri nə?
Qaşı nə, gözləri nə?
Doyunca baxammadım
Badamı gözlərinə.

Eləmi sizi dağlar,
Çox gəzdim sizi dağlar,
Mən öldüm cavan getdim,
Nisgilim sizi dağlar.

Eləmi bir də məni.
Dön çağır bir də məni.
Gedər gəlməz yoldayam
Görməzsən bir də məni.

Eləmi gedən gəlməz
Günlərdən gedən, gəlməz,
Demədimmi fələkdən
Bizi tərk edən gəlməz.

A gedən, dərdin nədi?
Könülmü verdin nədi?
Bu sevda qismət deyil,
Xülyamı gördün nədi?

A gedən, dərdin nədi?
Mahalın, yurdun nədi?
Gedənə bənzəmirsən,
Könülmü  verdin nədi?

Eləmi qış görünür,
Saçımda qış görünür.

Gövhər çoxdan səninçün
Unudulmuş görünür.

Xəlbirdən heç teşt olmaz,
Dərya töksən heç, dolmaz
O ki, qaldı qisasa
Düşmənə güzəşt olmaz.


Kedi keçdi,
Buradan kedi keçdi,
Bir qara sevda gəldi
Baxtımı yedi keçdi.


Eləmi qış görünür,
Sağımda qış görünür.
Gövhər çoxdan səninçün
Unudulmuş görünür.
21. 01. 1990-cı il.
RÜBAİLƏR


Yanar gözlərinin hikməti harda?
Ona nə od verən, nə söndürən var,
Eh sənli günlərim çox uzaqlarda,
Nə geri səsləyən, nə dindirən var.

Özümü itirib sənin gözündə,
Gəzirəm zamandan, vaxtdan xəbərsiz.
Məndən uzaqlaşıb itən izində
Tənha dolaşıram baxtdan xəbərsiz.

Gözlərin bir cümlə söylədi canan,
Nə mübtədası var, nə xəbəri var,
Məhəbbət elə bir qəsrdə sultan,
Nə bir gədası var, nə nökəri var.

Zülmət gecə kimi sakit gəlmişdi,
Şıltaq gündüz kimi yox olub getdi.
Mən bilə-bilmədim bu necə işdi,
Ruhumu özüylə aparıb getdi...

Onun üzüyündə yazılıb adın,
Mənimsə qəlbimin dərinliyinə
Sevgilim, sən mənə qismət olmadın
Şirin röyalarda qayıtdın yenə.

Bir ana həsrəti yandırır məni,
Ünvanı yazılı məzar daşıdır.
Apardı bir dünya məhəbbətini,
Tutduğu dünyanın bir qarışıdır.

Mənim dərdim o qədər çox,
Yüksələn dağlar götürməz,
Fələyin də xəbəri yox,
Eşitsə, ağlar, götürməz.
Sənə mən nə deyim, sən mənə bil ki,
Elə əlçatmazsan, elə uzaqsan,
Bu dünya şirin bir nağıl deyil ki,
Düşünüm bir daha qayıdacaqsan.

Döyür pəncərəmi kimsəsizliyin,
Açıb qapıların taybatay həsrət
Mən qara bəxtimi kimdən gizliyim?
Onu faş eyləmiş dönük məhəbbət.

Həsrətin o qədər ağırdır mənə,
Bilmirəm dünyanın harasındayam.
Xəyaldan ayrılıb görürəm yenə,
Çatma qaşlarının arasındayam.

Hicran içirdərik ayrılıq camı,
Sənli günlərimi çox gördü mənə.
Alıb əllərinə qara saçımı,
Özüm də, bilmədən ağ hördü mənə.

Yanar gözlərinin hikməti harda?
Ona nə od verən, nə söndürən var,
Eh sənli günlərim çox uzaqlarda,
Nə geri səsləyən, nə dindirən var.

Özümü itirib sənin gözündə,
Gəzirəm zamandan, vaxtdan xəbərsiz.
Məndən uzaqlaşıb itən izində
Tənha dolaşıram baxtdan xəbərsiz.

Gözlərin bir cümlə söylədi canan,
Nə mübtədası var, nə xəbəri var,
Məhəbbət elə bir qəsrdən sultan,
Nə bir gədası var, nə nökəri var.



SEVGİ ŞERLƏRİ

SƏN VƏ O

O, ötən günlərim, sən gələcəyim,
O, xəyal, sən isə həqiqətimsən.
O, tez itirdiyim arzum, istəyim,
Sənsə, gec tapdığım səadətimsən.

O, kədər, o qəmim, o, dərdim, ahım,
Sən isə sevincim, toyum, büsatım.
O, mənim günahsız, acı günahım,
Sən isə fərəhim, ömrüm, həyatım.

O, ürək ağrısı, silinməz yaddaş,
Sən təzə sətirdə yeni bir yazı.
O, qəlbimdə şaxta, o, boran, o, qış,
Sən isə könlümün baharı, yazı.

O, dönük bəxtimin dönük ilqarı,
Sənsə, üzə gülən rüzgarım mənim.
O, qəddar fələyin aciz şikarı,
Mən isə, mən isə şikarın sənin.
16.01. 1980.

SON DƏFƏ GƏL DEMİŞDİN

Əsir payız küləyi, son dəfə gəl demişdin,
Görüş yeri tək qalıb, sən hələ gəlməmişdin.

Qoşa çağlarımızın xatirələri gəlib,
Ayrılıq yetib daha, qəmi, kədəri gəlib,
Sənli dünənlərimin, sənsiz səhəri gəlib,
Vaxt tamam azalıb, sən hələ gəlməmişdin.

Dəniz fırtınasıyla bizi yada salırdı,
Ayrılırdıq, eşqimiz sahildəcə qalırdı,
Salxım söyüd acıqla saçlarını yolurdu,
Yarpaqlar da, saralıb, sən hələ gəlməmişdin.

Kimlər ayırdı bizi, dillərinə mərhəba!
Kim aldı əllərini əllərinə, mərhəba!
Əzəl qara, indi ağ tellərinə mərhəba!
Gəncliyimiz qocalıb, sən hələ gəlməmişdin.

Əsir payız küləyi, son dəfə gəl demişdin,
Görüş yeri tək qalıb, sən hələ gəlməmişdin.
06.11. 1986.

SƏNƏ QONŞU OLMUŞAM

Sevgilim, gözün aydın, yaxınına gəlmişəm,
Mən özgə birisiylə sənə qonşu olmuşam.
Fələyin gərdişinə, talenin hökmünə bax,
Kim deyərdi qapımız üz-üzə açılacaq
Kim deyərdi başıma qəm-kədər ələnəndə,
Qonşu eyvanda durub, ah çəkəcəksən sən də.
Kim deyərdi eşqimiz böylə qurtaracaqdır,
Ayrılıq sevgimizin belini qıracaqdır.
Yarım, gözlərin aydın, gör nə günə qalmışam,
Mən özgə qapısında sənə qonşu olmuşam.
Bircə divar ayırır bizi bir-birimizdən,
Yuxuda da, görürəm qayıdırıq dənizdən.
Qayalar cingildəyir o qoşa nəğməmizdən
Dindirsən hönkürərəm, bulud kimi dolmuşam,
Vəfasız, gözün aydın, sənə qonşu olmuşam.
Gövhərin köksünü bil, həsrətin yaracaqdır,
Eşqini ürəyində gora aparacaqdır,
Gözlərinin önündə saçım ağaracaqdır,
İstəməzdim biləsən, saralmışam, solmuşam.
Sən mənə göz dağı, mən sənə qonşu olmuşam.

06. 03. 1988.

SEVGİLİM

Ötən günlər xəyal kimi yaddaşımdan keçəcək,
Yanaqlarım bir bal kimi, göz yaşımdan içəcək,
Salxım söyüd silkələnib, saçlarını tökəcək,
Getdiyimiz yollar bizi qınayacaq, sevgilim.

Hər an səni arayaram, hər an səni anaram.
Özgəsiylə görüb səni, gizli-gizli yanaram,
Xoşbəxt olsan, özümü də, mən bəxtəvər sanaram
Qəlbimizdə tellər bizi qınayacaq, sevgilim.

Gövhər deyər çox uzaqsan, əlim sənə yetişməz,
Bir ürək ki, paralandı, dünya gələ bitişməz,
Nakam eşqim yüyürsə də, bil, səninlə ötüşməz,
Günahkarıq, ellər bizi qınayacaq, sevgilim.
20. 06. 1977.

GÖRÜŞDÜK AYRILMAQÇÜN

Görüşdük ayrılmaqçün, nə qəribə görüşdü...
Ayağımız altında qumlu sahil, göy dəniz.
Başımız üstdən qoşa qağayılar ötüşdü,
Necə dözərəm dedim, necə dözərəm sənsiz...

Ayrıldıq sahildəcə, izlərimiz tək qaldı,
Getdik, dönüb bir daha baxdıq arxamızca biz.
O şaqraq gəncliyimiz, o andamı qocaldı?
Küskün baxışlarıyla toqquşdu gözlərimiz.

Getdik, küləklər bizi qovdu arxadan yenə,
Özgə səadətinə qovuşacaqsan, bildim,
Vəfasız deyəcəkdim, deyə bilmədim sənə,
Bəlkə bir tale kimi sənə qismət deyildim.

Görüşdük ayrılmaqçün, nə qəribə görüşdü...
Ayağımız altında qumlu sahil, göy dəniz...
Başımız üstdən qoşa qağayılar ötüşdü,
Necə dözərəm dedim, necə dözərəm sənsiz.
03. 06. 1977.
DƏYİŞMƏZSƏN ELƏMİ?

 O nakam eşqimizi, yanındakı körpənin
  atılan dırnağına dəyişməzsən, eləmi
 Bu günkü sevincini, mənlə qoşa dünənin
  unudulan çağına, dəyişməzsən, eləmi?
 Qarşılaşsaq qəfildən, üzünü çevirib sən
  məni sənli “mələyin” büzülən dodağına
 dəyişməzsən eləmi?!
 Bu bir tale qanunu?
  vəfasızlıq əmrimi?
 Qayıtsa qoşa çağlar əzəl olduğu kimi
 Məni o meymununun rənglənən yanağına
  dəyişməzsən, eləmi?!
 Verdiyin vədləri, bəxş etdiyin kədəri,
 Sənsiz qalan Gövhəri, bizi-bizdən ayıran
 Bu ömrün sınağına dəyişməzsən eləmi?!
06. 06. 1988.

KAŞ BU YUXU OLA

Söylə, gözlərindən axan göz yaşı,
Niyə ürəyimə axıb tökülür?
Toyuna qarışıb hamının başı,
Biz qəmli, ətrafsa sevinir, gülür.
Gəlmişəm yaxşı yol deyəm mən sənə,
Başını qaldırıb üzümə baxma!
Hətta xəyalın da, olub keçənə
Qayıtmaq istəsə bir də, buraxma!
Kim idi günahkar, bilə bilmədik,
Zaman öz çarxını sürdü apardı,
Bir qətrə sevinci bölə bilmədik,
Fələk xəbər tutdu, tufan qopardı.
Səni aparırlar, sənsə qanrılıb,
Məni axtarırsan ürkək baxışla,
Mənim qol-qanadım sınıb, qırılıb
Əlim sənə yetməz, məni bağışla!?!
Gedirsən, dalınca su atır anan,
Mənsə göz yaşımla yuyuram yeri.
Kaş bu yuxu ola, qalxıb yuxudan,
Qaytara biləydik ötən illəri.
08. 03. 1977.

NİYƏ SEVDİM

Bu gecə ayrılıqlar səni məndən alası,
Nə sən mənnən gedəsi, nə mən sənnən qalası,
Çəkinməsəm, hönkürüb saçlarımı yolası,
Niyə sevdim bu qədər, səni zalım balası?!

Bu gecə bir özgəsi əllərimi sıxacaq,
Həsrətindən ağlayan gözlərimə baxacaq,
Ömürlük hicran bizi, yandıracaq, yaxacaq,
Başına dolandığım deyil mənim olası,
Niyə sevdim bu qədər, səni zalım balası?!

Bu gecə qəddar fələk bizi lənətləyəcək,
O nakam eşqimizi sındıracaq, əyəcək,
Bu günün qalibləri özlərini öyəcək,
Bu dərd bizim dərdimiz, başqasına nolası,
Niyə sevdim bu qədər, səni zalım balası?!

Bu gecə ayrılıqlar səni məndən alası,
Nə sən mənnən gedəsi, nə mən sənnən qalası,
Çəkinməsəm, hönkürüb saçlarımı yolası,
Niyə sevdim bu qədər, səni zalım balası?!
02. 04. 1984.

HƏSRƏTİN, SƏNSİZLİK, BİR DƏ TƏNHA YOL

Çatdım əllərinə, gördüm özgəsi
Sıxıb əllərini yubanmışam mən.
Oxuyur eşqimiz vida nəğməsi,
Yatmışdım, yuxudan oyanmışam mən.
Ağlamaq nə lazım, güldüm üzünə,
Olan olmuş daha barışmalıydım,
Sönük görünərdi nə desəm sənə,
Səninlə dost kimi danışmalıydım.
Tanış etdin məni öz mələyinlə
Gördüm baxışından yağır tənələr,
O, hardan biləydi gülüm, səninlə
Qoşa çağlarımız qarğıyır nələr.
Dedin: –”Qonağım ol”, –dedim “Çox sağ ol!”
Getdim, ayrılığa boyun əyərək.
Həsrətin sənsizlik, bir də tənha yol,
Sıxdı ürəyimi inildəyərək.
04. 08. 1986.

FIRTINAYA DÖNƏRƏM

Eşitdim ki, deyirlər pəncərən dənizədir,
Görməmişəm üzünü, hələ evin təzədir,
Xəzri ilə eyvanın qucuşur, üz-üzədir,
Fırtınaya dönərəm, döyərəm pəncərəni,
Şirin yuxularından oyadaram mən səni.

Bilirəm yaddaşında qalmayıb qoşa çağlar.
Zalım fələkdən nahaq ürəyim küsü bağlar.
Gözlərim səndən deyil, özümdən küsüb ağlar ,
Fırtınaya dönərəm, döyərəm pəncərəni,
Şirin yuxularından oyadaram mən səni.

Əzizinə deyərsən, bu nə küləkdir belə?
Üşüdür yayda bizi, qış gəlməyibdir hələ.
Salıb gecələr sənin ürəyinə vəlvələ,
Fırtınaya dönərəm, döyərəm pəncərəni,
Şirin yuxularından oyadaram mən səni.

03. 06. 1987.

AY KÖRPƏ CEYRANIM...

Oduna yansam da, nə faydası var,
Dilim söyləməz ki, ömürlük susar,
Əllərim əlinə qovuşmaz naçar,
Başına dolanım, qadanı alım,
Ay körpə ceyranım, ürkək maralım.

Mənim saçlarımda tellərim bəyaz,
Ömrümün xəzanı səninkində yaz,
Özün diləsən də. qismətim olmaz,
Allahım istəmiş sənsiz qocalım,
Ay körpə ceyranım, ürkək maralım.

Ayrılıq tanrıdan bizə yazılmış,
Bu sevda qismətdən tamam üzülmüş,
Daha halallaşaq, vaxta azalmış,
İstəklim, sevimlim, ömrüm, vəfalım,
Ay körpə ceyranım, ürkək maralım.

Yetər! Mümkünü yox, vüsal imkansız,
Get, get, əfv et məni, eşqin zamansız,
Mən daşam, qayayam sevginə cansız,
Səni rədd etməyə qalmadı halım,
Ay körpə ceyranım, ürkək maralım.
29. 05. 1992.

SƏN DƏ YAZIQ, MƏN DƏ YAZIQ

Əlimiz özgə əlində,
Adımız yadlar dilində,
Boğulduq gözlər selində,
Sanırdıq heç ayrılmazıq,
Sən də yazıq, mən də yazıq.

Boyun əydik tanrımıza,
Yazılmışdı alnımıza,
Yalan satdıq könlümüzə
Gözləməkdən yorulmazıq,
Sən də yazıq, mən də yazıq.

Naməhrəmik, indi yadıq,
Arzuda qalmış muradıq,
Nə bəxtəvərik “yarıdıq”
Boynumuza sarılmazıq,
Sən də yazıq, mən də yazıq.

Gövhər dilər ömrü bitə,
Çətin sənə əli yetə,
Ümid qalıb qiyamətə,
Dünyanı tutub qalmazıq,
Sən də yazıq, mən də yazıq.
22. 07. 1992.

SALAM, BİR DAHA SALAM

Haqqım yoxdur səninlə ömürlük birgə qalam,
Ötən günlərimizi bəxtiyar yola salam,
Bacarmadım mən səni yadın əlindən alam,
Bir payız buluduyam, gah boşalam, gah dolam,
Qarşılaşsaq sevgilim, salam, bir daha salam.

Bilirəm, keçən anlar geri dönməyəcəkdir,
Köksümdə həsrətinin odu sönməyəcəkdir,
Ağlayacaq ürəyim, aşkar dinməyəcəkdir,
Tanrıdan yazılıbmış sənsiz saralam, solam.
Qarşılaşsaq sevgilim, salam, bir daha salam.

Fələkdən gileyliyəm, yoxkən onun günahı,
Mən özüm itirmişəm səni, ömrüm pənahı,
Kim ayırdı bizləri, tutsun Gövhərin ahı,
Hanı o qoşa çağlar, dönə qurbanı olam,
Qarşılaşsaq sevgilim, salam, bir daha salam.
23. 09. 1991.
NƏ FAYDA

Axdı yanağımdan yaş, vəfasızım,
Gəl yenə ömrümdən keç, vəfasızım,
Saldım öz başıma daş, vəfasızım,
Qayıtsan nə fayda, dönsən nə fayda.

Əlim özgəsinin əlində naçar,
Qaldıq yamanların dilində naçar,
Dodağın gözlərim selində naçar,
Danışsan nə fayda, dinsən nə fayda.

O vüsal əlçatmaz, həsrət tükənməz,
Fələk yıxan evi kimsə tikənməz.
Saçıma ələnən qarı tökənməz,
Özgəsən nə fayda, sənsən nə fayda.

Əvvəl qarşılaşsaq üz çevirərdin,
“Nə tez” qövr eylədi o köhnə dərdin.
Bu qəfil görüşdən bivəfam birdən
Yerində quruyub donsan nə fayda.

Xəzri yenə əsir tənha sahilə.
Gəl susaq, baxışaq biz elə belə.
Əlimiz birləşməz, dünya da gələ,
Önümdə diz çöküb ensən nə fayda.
22. 03. 1989.

BURAX HƏSRƏTİMLƏ BAŞ-BAŞA MƏNİ

Yetər, bir kəlmə də danışma artıq.
Burax həsrətinlə baş-başa məni
Öldürüb, halımı soruşma artıq,
Kim qıydı bir belə qarğışa məni.

Qoşa çağlarımız arxada qalmış,
Artıq gedərgisən, vaxta azalmış,
Fələk hicran adlı daşını salmış,
Atıbdır altında çarpışa məni.

Əlimdə əllərin, gözümdə gözün,
Kimdən gileylisən, günahkar özün,
Getdin qapısına qədirbilməzin,
Qoydun ömrüm boyu alışa, məni.

Dünyanı verələr, dırnağın deyil,
Keçdi sənli günlər, o çağın deyil,
Eşqimi tapdayan ayağın deyil,
Çarpdın qürurumdan sən daşa məni.

Mən artıq bir heçəm arzu filansız,
Bu nahaq dünyada nə var yalansız
Dağların qarıyam, buzuyam cansız,
Barı ürəyində sən yaşa məni.

Küsdüm taleyimdən, yazılan bumu?
Allahım, bu aşkar, yoxsa yuxumu,?
Bilmirəm hər nədir hələ suçumu,
Qoydun qiyamətdə barışa məni.

Yetər, bir kəlmə də, danışma artıq,
Burax həsrətinlə baş-başa məni,
Öldürüb, halımı soruşma artıq,
Kim qıydı bir böylə qarğışa məni.
17. 09. 1992.

GƏL QAYIDAQ ÖTƏN GÜNƏ

Gəl qayıdaq ötən günə, halallaşıb dönək bir də,
Eşqimizin zirvəsinə nəzər salaq, enək bir də.
Gəl qayıdaq, sakit, səssiz, bir özgəsi bilməsin heç,
Qaçaq fələkdən xəbərsiz, arxamızca gəlməsin heç.
Gəl qayıdaq, əllərini ver əlimə çəkinmədən,
Bu xəyaldır, qorxma gülüm, xəyallarda mənimkisən.
09. 05. 1980.

ŞƏKLİNİ YANDIRMIŞAM

Sevgilim, bilirsənmi nə oldu dünən axşam?
Mən sənin bilə-bilə şəklini yandırmışam.

Öpmüşəm tellərindən son dəfə həsrət ilə,
Baxmışam gözlərinə sönük məhəbbət ilə,
Üzü dönüklüyünü hey anıb nifrət ilə.
Əksini ürkək-ürkək əllərimə almışam,
Mən sənin bilə-bilə şəklini yandımışam.

Baxıb-baxıb, üzünə, yanmışam, alışmışam,
Xəyalımda səninlə bir xeyli danışmışam,
Şəklin duran vərəqi dönə-dönə açmışam,
Zərrəcən hayıf deyə, bil, peşman olmamışam,
Mən sənin bilə-bilə şəklini yandırmışam.

Qoşa çağlarımızda qəmdən uzaqdıq-uzaq,
Nə biləydim ayrılıq səni məndən alacaq,
Sandın başqa birisi sənə Gövhər olacaq,
İndi qanadı sınmış uça bilməz bir quşam,
Mən sənin bilə-bilə şəklini yandırmışam.

Sevgilim, bilirsənmi nə oldu dünən axşam?
Mən sənin bilə-bilə şəklini yandırmışam.
02. 09. 1981.

MƏRHƏBA

Qarşıma qəfil çıxan gözəl, sənə mərhəba!
Uca boylu, ay üzlü, mərmər sinə, mərhəba!

Mələkləri yuxuda sənin kimi görmüşəm,
Çəmənlərdə bənzərin çiçəkləri dərmişəm,
Bir baxışdan könlümü zalim, sənə vermişəm
Hər baharın yeri var, böyləsinə mərhəba!
Allahın yaratdığı bir möcüzə sənmisən,
Yox ənniyin, kirşanın, Tanrıdan bəzənmisən,
Gün hayandan çıxıb ki, bu tərəfə dönmüsən,
Gəlsən gündə yüz kərə, gülüm, yenə mərhəba!

Gövhərə yazılmadın lap əzəldən, bilirəm.
Sübhədək Allahıma yalvarmaqdan ölürəm,
Xəyallarda hər gecə yanına da, gəlirəm,
Aşkarda qismət olsan, onda mənə mərhəba!
05. 07. 1991.

BU DÜNYADA

Ağlamıram, keçib gedər,
Nə keçmir ki, bu dünyada,
Bu karvan da köçüb gedər,
Kim köçmür ki, bu dünyada.

Mən dəliyəm, sən divanə,
Qoydun məni yanə-yanə,
İki cahan bir cahanə,
Sığışmır ki, bu dünyada.

Deyildim ki, səndən doyan,
Sən ey məni sənsiz qoyan,
Ulduzları barışmayan
Barışmır ki, bu dünyada.

Gövhər, oxun dəydi daşa,
Cavan baxmaz qocalmışa,
Tər bənövşə qarlı qışa
Yaraşmır ki, bu dünyada.

07. 09. 1997.


QAYIT

Getdin, yalvarmaram sənə vəfasız,
Qəlbini həsrətim üzəndə qayıt.
Məni əllərində çıraqla yalqız,
Günün-günortası gəzəndə qayıt.

Həsrətin ağırdır, dözmürəm hələ,
Kimsəni yandırmaz ayrılıq belə,
Dönməz o çağlar ki, dünya da gələ,
Baş əyib hicrinə dözəndə qayıt

Rəqib tənə edib güldü üzümə,
Səni aparırmış sevgilim, demə.
Bürünsən Gövhərsiz dərd ilə qəmə.
Adını ömrünə yazanda qayıt.
13. 11. 1987.

SƏN SEVİNCİNİ YAŞA, MƏN İSƏ KƏDƏRİMİ

Yadındamı bir axşam buludlar ağlaşanda,
Biz sahildə səninlə birlikdə dayanmışdıq.
Dənizdə dalğalarla sahil qucaqlaşanda,
Qürub edən günəşin nuruna boyanmışdıq.
Külək gur saçlarını dağıdırdı üzünə,
Yadındamı o axşam qəlbinin dedikləri?
Dik baxmaqçün o məsum eşqimizin gözünə,
Yalvarıram sevgilim bir anlıq dönək geri.
Yadındamı, sən mənə demişdin həyatımsan,
Ölsəm də unutmaram bu ilk məhəbbətimi.
Əzizim, ömrümüzün üstündən ötən tufan
Aldı mənim əlimdən, aldı səadətimi.
İndi mənim qarşımda dayanmısan nə dəhşət!
Çox uzaq görünürsən, sönük ulduzlar təkin,
Qəlbimi qəhəriylə boğan acı həqiqət,
Qarşımızda sədd çəkib, yenilməz dağlar təkin.
Unut deyirsən mənə, nə rəhmsiz bir qərar!!
Məgər öz ürəyimi unuda bilərəmmi?
Təkcə sənə verdiyim məhəbbətimi qaytar!
Sən sevincini yaşa, mən isə kədərimi...
19. 01. 1976.

TƏK QALIB MƏNİM KƏDƏRİM

Yarım, neçə vaxtdır gözüm yoldadır,
Səni axtarıram, intizardayam.
Gəl gör bir günəşin necə haldadır,
çılğın fırtınayam, dalğalardayam.

Cavab ver, əzizim, o məhəbbətin
Şirin sözlərində donub qaldımı?
Bir heçə döndərdi məni həsrətin,
Qəlbin özgələrdən heç kam aldımı?

Çırpanda üzünə axşam küləyi,
Bir söz söylədimi qulaqlarına?
Ürək bacarmayır daha dözməyi,
Niyə atdın onu ayaqlarına?

Layla söyləyəndə sənə göy dəniz
Düşdümü yadına heç nəğmələrim?
Onda qoşa idi sevinclərimiz,
İndisə tək qalıb mənim kədərim.
16. 10. 1977.

LAL MƏHƏBBƏTİM

Gözlərinin atəşində qovruldum,
Necə söndüm, necə yandım, bilmədim.
Fırtınaykən sakitləşdim, yoruldum,
Ey mənim utancaq, lal məhəbbətim.

Qağayılar uçur dalğalar üstə,
Sərin mehlə qucaqlaşıb surətim,
Əzizim, sən məndən ömrümü istə
Qalmayıbdır daha hal, məhəbbətim.

De, nədən uzaqdan baxırsan yadtək?
Sənsən bil sevimlim, mənim qüdrətim.
Əzəldən yaranıb qəlbimiz titrək,
Gəl cavab ver, cavab al, məhəbbətim.

Dilimiz susanda danışar ürək,
Səninlə bağlıdır mənim səadətim,
Baxışlar danışsa dil nəyə gərək?
Ey mənim utancaq, lal məhəbbətim...
21. 11. 1977.

ÖMRÜMÜZ ÇEVRİLƏR BİR XARÜQƏYƏ

Əzizim, nəğmənlə oyanmaq üçün
Nələr lazım idi, mənə, bilmirəm.
Odlu gözlərindən yayınmaq üçün,
Nakam eşqimizə dönə bilmirəm.
Günah kimdə idi, məndə, ya səndə?
Hələ cavab vermir buna qəlbimiz,
Şıltaq ömrümüzdən tufan ötəndə,
Bir tufan kimi də ayrılmışıq biz.
Unuda bilmirəm, hələ ürəyim
Sənin yoxluğuna röya tək baxır,
Sənlə itirdiyim şən gələcəyim,
Keçmişə günahkar dünyatək baxır.
Demə bizim yollar heç birləşməmiş,
Fələyin hökmüylə ayrılacaqmış,
Sevgimiz nə idi, başa düşməmiş,
Titrək ürəyimiz sıyrılacaqmış.
Əzizim, əvvəllər necə idisə,
Elə şuxluğunla gəl gələcəyə!
Əgər məhəbbətin geriyə dönsə,
Ömrümüz çevrilər bir xarüqəyə...
19. 01. 1978.

TOYUN MÜBARƏK

Toyun mübarək, xoşbəxt olasan,
Ey ötən gəncliyin itmiş sevinci.
Mən bunu yazmıram yada salasan,
Sözümdən nə utan, nə də ki, inci.
Bilməm necə verdin öz ürəyini,
Mənim səadətimi oğurlayana,
Mənsiz yaşasan da gələcəyini,
Bil ki, qalacaqsan hey yana-yana.
Günlərin ötəcək öz “mələyinlə”
İstəmirəm mən tək oda yanasan,
Nakam eşqimizi son dəfə dinlə!
Ey bivəfa yarım, xoşbəxt olasan!
Elə sanma səni izləyəcəyəm,
Uçurumlar bizi ayırıb daha,
Varlığımı səndən gizləyəcəyəm,
Sən sakit baxasan nurlu sabaha.
Köçmüşəm səninçün indi dünyadan,
Çağırma, səsini tufanlar kəsər!
Ey bivəfa yarım xoşbəxt olasan!
Qoy dönük qəlbini sarmasın kədər.
17. 02. 1977.

YANINDA BİRİ VAR

Yanında biri var, “nə bəxtiyarsan”,
Necə sevinirsən, necə gülürsən?
Geriyə qanrılıb məni axtarsan,
Kölgənəm ardınca özün bilirsən.

O mən deyiləm ki, göz yaşlarıyla,
Boğasan qədrini bilməyəsən heç,
O mən deyiləm ki, alqışlarıyla,
Bir kərə könlünü almayasan heç.
Unutmusan daha ötənlərini,
Get, onun başına dolan, istəsən.
Satarsansa əgər dünənlərini
Mən müştərin ollam alan, istəsən.

Yanında biri var, “nə bəxtiyarsan”,
Necə sevinirsən, necə gülürsən?
Geriyə qanrılıb məni axtarsan,
Kölgənəm ardınca özün bilirsən.
19. 01. 2000.

HAŞİYƏ

Soruşdum güldanımda
Qönçəykən solan güldən,
–”Neyçün mənim yanımda
Xəndan oldun böylə sən?”
–Hicranın üzü yaman,
Sənin nəvazişlərin
Gücsüzdür ayrılıqdan”,
Deyərək saplağından
Qopub qırıldı birdən,
Gözlərim qabağından
Yerə sərildi birdən.
Titrək səslə inlədim,
Alıb əlimə onu,
Vəhşi çəməndə dedim,
Məhəbbət olduğunu
Kimə desən inanmaz,
Orda alaq otları
Böylə sevgini qanmaz.
Qanrılıb mənə sarı,
Dedi:–”Bilmirsənmi bəs,
Ömrün sevgi baharı
Harda gəlsə müqəddəs...”
05. 05. 1987.
TƏK SƏBR

Düşər düşməzi var səbrin deyərlər,
Aldı səni məndən gülüm, tək səbr.
Bir gün gələr həyat çarxın əyərlər,
Gətirdi mənimçün ölüm, tək səbr.

Mən ki, bilməyirdim yamanı, yadı,
Aldı fələk səni, mənə qoymadı.
Qaldı həsrətində, könül doymadı,
Necə etdi mənə zülüm, tək səbr.

Fəryad etsəm səsim sənə çatammaz,
Könül quşun xəyal, uçub tutammaz,
Ürək istədiyin ölsə, atanmaz,
Kaş ki, quruyaydı dilim, tək səbr.

Gövhər deyər bir səhv idi etmişəm,
Bilməmişəm, yardan küsüb getmişəm.
Məgər ki, mən bu dünyadan itmişəm?
Kaş olaydı məndə sənintək səbr,
Aman ey ayrılıq, aman tək səbr!..
01. 04. 1977.

GÜNƏŞİ İTİRMİŞƏM

Günlər keçir, il ötür, yoxdur əsla səs, soraq.
Bilmirəm bundan sonra sevgilim, nə olacaq.
Baxıram, səma tutqun, göylər qara buludlu,
Köksümdə bir fırtına, ürəyim yanar odlu.
Gəzirəm çəmənləri, qönçələr əymiş başın,
Səmalar ağlaşmada, bulud tökür göz yaşın.
Çağırıram, səsimə əks-səda səs verir.
Çağırıram, qayalar, dağlar da mənə gülür.
Günəş hanı? görmürəm, necə vaxtdır, əzizim.
Sən gedəndən nə gecəm vardır, nə də gündüzüm.
Çırpır səhra küləyi tellərimi üzümə,
Gör nə vaxtdır şəfəq də görünməyir gözümə.
Eh əzizim, bilsəydin nə səhvə yol vermişəm,
Gülüm, sənin simanda günəşi itirmişəm.
18. 06. 1974.
ÖRPƏYİN QARADIR

Örpəyin qaradır gözlərin təki,
Örtmə, yalvarıram, onu başına!
Şirin bir şey yoxdur sözlərin təki,
Qara yaraşarmı, qara qaşına.
Kirpiyin uzundur, oxa bənzəyir,
Gözlərin sürməli ahu gözüdür,
Saçların gözəldir, səni bəzəyir,
Səni nurlandıran günəş özüdür.
Mən ki, səni hər gün belə görürəm,
Allah bədnəzərdən saxlasın səni!
Yanıram dərdindən ay qız ölürəm,
Xuda ürəyimlə bağlasın məni.
12. 10. 1972.

ŞİRİN EYLƏMƏDİK DİLLƏRİMİZİ

Uzaqda dayandıq görüş yerindən,
“Küsmüşdü”, qəlbimiz biri-birindən,
Xəzərin küləkli sahillərindən
Qovurdu inadla təkəbbür bizi.

Oğrun-oğrun baxıb geriyə döndük.
Nə bir söz söylədik, danışdıq, dindik
Bu hicran təzəydi, biz ki, həməndik,
Kim belə ayırdı əllərimizi?

Göydə buludların gözləri doldu
Dincəldik axır ki, yar, olan, oldu.
Gözümüz önünə tül pərdə saldı,
Həsrət tumarladı tellərimizi.

Sən sandın açılmaz, olmasan, səhər,
Mən sandım dünyada təkcədir Gövhər.
Yoluna qoymadıq gülüm birtəhər,
Şirin eyləmədik dillərimizi.

DÜZÜLMÜŞ

Gəlişin nə yaman gec oldu gülüm,
Köç getdi, yollarda qoydu bizləri.
Paxıllar ayırdı aman, sevgilim,
Bu sonsuz hicrana qıydı bizləri.

Gənclik qaça-qaça çıxdı aradan,
Yürüdü qəm-kədər bənddən, bərədən,
Özgə oldu dediyini yeridən
Eləcə dillərdə qoydu bizləri.

Sevgimiz nə idi, yaxşı, yamandı?
Biz ha, eyləyincə özgəsi qandı,
Səadət oğrusu bilmərrə dandı,
Günün-günortası soydu bizləri.

Gövhərin qisməti bunca yazılmış,
Axır son ümidi kökdən üzülmüş,
Rəqib gəlib yar cərgəsi düzülmüş
Dedi, dedi, yeyib doydu bizləri.

EY BİVƏFA YAR

Ötən günlər ötüb, keçibdir rüzgar,
Qayıtsam neylərsən ey bivəfa yar?

Mən səni itirdim, rəqibim tapdı,
Yubandım bir addım, o da hesabdı,
Eşqimiz yazılı canlı kitabdı,
Unutsam neylərsən, ey bivəfa yar?

Uyumuş röyada o xatirələr
Kimsə dindirməyir, sormayır xəbər,
Yuxuya veribdir onları Gövhər
Oyatsam neylərsən ey bivəfa yar?


BARI XƏYALINDAN
ÇƏKİM GÖZÜMÜ

Gedirsən, sevgilim, bu gündən səni,
Yadlar qarşılayıb, yola salacaq.
Öpəcək başqası ağ əllərini
O titrək qəlbini ələ salacaq.
Gedirsən, nə deyim, bəlkə beləymiş
Bizim alnımızda yazılar axı,
Söylə, ey sevgilim, söylə bu nəymiş?
Nəymiş eşqimizin ülvi günahı?
Harda gecikmişəm, bilə bilmirəm,
Harda yubanmışam zaman atına,
Yanına yüyürüb gələ bilmirəm,
Almış fələk səni yaman atına
Çapır özgəsinin yurduna indi,
Vağzalı çalınır, ağlayırsan a...
Sevgilim, bu büsat, bu toy sənindi,
Gözlərini yerdən bir ayırsana!
Gedirsən, son dəfə bax gözlərimə,
Apar ürəyində axır sözümü.
Mənə ümid verən bir kəlmə demə!
Barı, xəyalından çəkim gözümü.

SƏNSƏ YOX

Ey sevgilim sənlə qoşa gəzdiyim,
Tənha yollar yerindədir, sənsə yox.
Boyun əyib həsrətinə dözdüyüm
O xəyallar yerindədir sənsə yox.

Yanağımı göz yaşımla doyuran,
Ürəyimi parçalayıb sıyırsan
Səni məndən, məni səndən ayıran
Acı dillər yerindədir, sənsə yox.

Qumlarında yalın, ayaq qaçdığım,
Sularına min bir nəğmə qoşduğum,
Çinar boylum, sənlə vidalaşdığım
O sahillər yerindədir, sənsə yox.

Vəfasızım, sənli günlər de harda?
Çatma qaşın divanəsi Gövhər də,
Dağ-dərədən gül nəfəsli bahar da
Axan sellər yerindədir, sənsə yox.


GÖZÜM BULUDUNDA
YAĞIŞA DÖNDÜN

Sevgilim, baharkən tez qışa döndün,
Gözüm buludunda yağışa döndün,
Qəlbimdə naləyə qarğışa döndün
Məni sənsiz qoyub gedəndən bəri.

Sən ki, heç eylədin əhdi, ilqarı,
Ayrıldı birləşən ömür yolları,
Yağdı saçımıza zamanın qarı,
Eşqimizi qurban edəndən bəri.

Nələr olacaqmış, ah nə biləydik,
Ayrılıq hökm etdi, biz boyun əydik,
Gərək o çağlara tezcə dönəydik
Həsrət köksümüzü didəndən bəri.

Sevgilim, baharkən tez qışa döndün,
Gözüm buludunda yağışa döndün,
Qəlbimdə naləyə qarğışa döndün,
Məni sənsiz qoyub gedəndən bəri.

BİLMİRƏM

Acıydın, şirindin, zəhərdin, baldın,
Hər nəydin ömürlük xatirə qaldın,
Sevgilim, sən məndən səbrimi aldın,
Ən “adi” hicrana dözə bilmirəm.

Getdin, özünlə bir getdi gülüşüm,
İncə dodağında itdi gülüşüm,
Bir qış yuxusunda yatdı gülüşüm
Nə vaxt qayıdacaq yaza, bilmirəm.

Əzəl doğma idin, indisə yadsan,
Acı göz yaşısan, nalə, fəryadsan.
Qəlbimdə əbədi yanar bir odsan,
Haçan çevrilərsən közə, bilmirəm.

Paxıllar aranı vurdu, dinmədik,
İnaddıq ikimiz küsdük, dönmədik,
Qalxdıq “zirvələrə” gülüm enmədik,
Hansımız səmada süzə, bilmirəm.

Gözümüz yaşından yarandı ümman,
Sən gizli saxladın, mən isə “pünhan”,
Ayrılıq zülm edib vermədi aman,
Bəs necə çıxacaq üzə, bilmirəm.

Biri-birimizsiz qaldıq bilmədən,
Bizə tənə etdi hər gəldi gedən,
Gövhəri dünyada nisgilli edən
Neylərəm görünsə gözə, bilmirəm.

GÜLƏ-GÜLƏ

Baxır cəllad kimi yenə gözlərin,
Tökür kirpiklərin qan gülə-gülə,
Əsiri olmusan yalan sözlərin,
Amansız alırsan can, gülə-gülə.

Boyunla öyünmə, gəldi gedərdi,
Bu dünya dediyin dərddi, kədərdi.
Bilmirik ömrümüz hara qədərdi,
Deyirsən oduma yan, gülə-gülə.

Təkcə xəyalına çatdığım anda,
Özümü unudub atdığım anda,
Gecələr fikrinlə yatdığım anda
Qayıdır səninlə dan, gülə-gülə.

Gövhər qismət deyil bunca vəfasız,
Xəyanət eylədi öncə, vəfasız
Dönərmi sanırsan səncə vəfasız?
Qayıdar o qoşa an, gülə-gülə.

UNUT MƏNİ BACARSAN

Unut dediklərimi, unut məni bacarsan.
Gün o gün deyil artıq, zaman bir özgə zaman.

Keçdi qoşa çağımız, arzularda qalmışıq,
Oldu olacağımız, biz artıq qocalmışıq,
Ötənə yolumuz yox, boyun əydik fələyə,
Düşünmə qayıdacaq gəncliyimiz geriyə.
Əyil gözündən öpüm bu yuxu yetdi sona,
Aşkarda imkanı yox, qaçıb gəlim yanına.
Unut dediklərimi, unut məni bacarsan,
Surətin xəyalımda dolaşır, necə varsan.
İndi Gövhərin deyil, başqa birinə yarsan.
Keçdi qoşa çağımız, arzularda qalmışıq.
Oldu olacağımız, biz artıq qocalmışıq.

BƏZƏNSİN

Xəbər verin yar gələcək,
Qoy yollar əlvan bəzənsin.
Əhv edib üzə güləcək,
Gözünə qurban bəzənsin.

Tər çiçəkdən hördüm çələng,
Bənd eylədin düz yeddi rəng,
O yar mələklərdən qəşəng
Lütf edib canan bəzənsin.

Boyu uca, gözü ala
Saldı məni yaman hala,
Qurban olum qulac qala,
Oduna yanan bəzənsin.

Naz-qəmzəsi canım aldı,
Ömür keçdi, yaş qocaldı,
O gözəllik kimə qaldı?
Həmişə cavan bəzənsin.

Gövhər, kimi tutdu könül,
Rahatlığın atdı könül.
Tufan ilə yatdı könül
Bivəfa dünyan bəzənsin.
 
SƏN OLMASAYDIN

Dünya dolanardı başıma mənim,
Çıxardı duman, çən qarşıma mənim.
Saçım yaraşmazdı yaşıma mənim,
Dönüb qar olardı, sən olmasaydın.

Ömrüm çox mənasız görünəcəkdi,
Qəlbim dərdə-qəmə bürünəcəkdi,
Ürək döyünməyə ərinəcəkdi,
Həsrət yaralardı sən olmasaydın.
Göydə şimşək çaxar, bulud gələrdi,
Dəniz mənə qarğıyardı, gülərdi.
Yağış yağar, izini də, silərdi,
Günüm qaralardı, sən olmasaydın.

Gövhər kimi dərdə düşən olmazdı
Sahillərlə heç görüşən qalmazdı,
Ürək özgəsini yada salmazdı,
Özün paralardı, sən olmasaydın.

HÜNƏR İSTƏYİRƏM BAXA BİLƏSƏN

Elə bilirdin ki, məhəbbət sənə.
Gərəksiz əşyadır, ata bilərsən.
Eh, deyib biryolluq olub-keçənə,
Qayğısız kədərsiz yata bilərsən.
Elə bilirdin ki, nakam eşqimiz
Oduna tək məni yandıracaqdır.
Onu bilmədin ki, ayrılanda biz,
Səni öz təkliyin donduracaqdır.
Sən elə bilirdin, elə bilirdin
Hər şey bir röyadı, şirin nağıldı,
Sən ki, mənə elə gülə bilirdin
İndi o gülüşün hara dağıldı?
Susmusan, başını qaldır bir anlıq,
İndi özgəsiylə qarşındayam mən.
Çöksə də gözünə zülmət, qaranlıq,
Hünər istəyirəm baxa biləsən!


GÜNƏŞİN TELLƏRİ QIZILI

Günəşin telləri qızılı, sarı,
Günəşin telləri min rəngə çalır.
Səninlə mən birgə keçən yolları,
İndi xəyalların yadıma salır.
Günəşin telləri isti, od kimi.
Yandırır qəlbimin dərinliyini,
Keçirsən qarşımdan indi yad kimi,
Baxsan da, görmürsən sevgilim məni.

Günəş tellərini saldı çöllərə,
Ötdü başımızın üstündən bahar,
Nə tez istəyimiz düşdü dillərə,
Qaldı yarı yolda nakam arzular.

Günəşin telləri qızılı, sarı,
Günəşin telləri min rəngə çalır.
Səninlə mən qoşa keçən yolları,
İndi xəyalların yadıma salır.

QAYIT BAHARDA

Titrədi qəlbimin teli qəfildən,
Ötdü xəyalımdan surətin sənin.
Mən sənə yadlaşdım gülüm, il-ildən,
Bilsən nə ağırdır həsrətin sənin.

Könlümü aldadıb, gələcək dedim.
Ovutdum nisgilli ürəyimi mən.
Söylə, bəs qəlbimi necə aldadım?
Nə deyib ayrılım xatirələrdən?

Günəş tellərilə çimir dənizdə,
Qayalar dalğayla cidalaşırlar.
İndi sənsiz qalan pəncərənizdə
Ötən xatirələr vidalaşırlar.

Ümidim qalıbdır əzizim, yenə,
Qaranquşlar uçub gələn diyarda,
Nakam eşqimizin son istəyinə
Əməl et sevgilim, qayıt baharda.

QAPINA GƏLMİŞƏM

Qapına gəlmişəm, ey bivəfa yar,
Ey ötən günlərin pak nişanəsi,
Sənə ürək verdim, özümə qaytar,
Kəsilsin qəlbimin son bəhanəsi.
Qapına sədəqə deyə gəlmişəm,
Təkcə yetimlərə pay verrəm dedin,
Mən ki, məhəbbətdən yetim qalmışam,
Sən ey çərxi fələk, gör bir neylədin?!
Qapına gəlmişəm, gül üzlü dildar,
Qapına gəlmişəm, mən gözü yaşla.
Ya öldür sən məni, canımı qurtar!
Ya da ki, rəhm eylə, məni bağışla.

MƏN HEÇ SƏNİ TAPMADIM Kİ, İTİRƏM

Mən heç səni tapmadım ki, itirəm.
Tapsa idim, itirəsi deyildim.
Mənə ürək vermədin ki, götürəm,
Verməsəydin götürəsi deyildim.

Astanama yetişmədə dəmhadəm
Biri həsrət, biri hicran, biri qəm.
Sən hökm etdin bu sevdanı bitirəm,
Etməsəydin bitirəsi deyildim.

Yaxdı məni fərağının odu, hey!!!
Sənsiz qaçıb bu dünyanın dadı, hey!!!
Gətirsələr yüz min pərizadı hey!
Bil ki, könül yetirəsi deyildim.

Gövhər deyər, yalan çıxmaz dilimdən,
Ayrılığın betər mənə ölümdən.
Bir quş idin uçub getdin əlimdən,
Tutsa idim, ötürəsi deyildim.
01.09.1998.

DAD YARIMÇIQ ƏLİNDƏN

Yarıda qaldı bizim ülvi məhəbbətimiz,
Yandırdı qəlbimizi tükənməz həsrətimiz,
Sevirəm kəlməsini eşitmədim dilindən
 dad yarımçıq əlindən!
 dad yarımçıq əlindən!

Ömür keçir, bilmirəm, gələcəksənmi barı,
Ömür keçir, sağalmır ürəyimin qübarı,
Gəl bir badə iç gülüm, gözlərimin selindən
 dad yarımçıq əlindən!
 dad yarımçıq əlindən!

Məhəbbət söylədiyin həm şirin, həm acıymış,
Ürəyimiz əzəldən bir sevgi möhtacıymış,
Tel ayırdım bir kərə mən qəlbimin telindən,
 dad yarımçıq əlindən!
 dad yarımçıq əlindən!

Biz ki, qoşa gəzərdik sahilləri, dənizi,
Söylə, niyə belə tez ayırdı fələk bizi,
Ayrılıq utanarmı görən öz əməlindən,
 dad yarımçıq əlindən!
 dad yarımçıq əlindən!
02.01. 1981.

DOLDUR QƏDƏHLƏRİ YAXINIMA GƏL

Doldur qədəhləri yaxınıma gəl,
Onlar eşqimizin son badəsidir,
Nə ağla, nə yalvar, nə gözünü sil,
Könlüm xəyanətdən doymuş, bəsidir.

İçək sabahadək, dan olsun gecə,
Ayrılıq tanrıdan bizlərə qismət,
Vida nəğməmizdən yorulsun gecə,
Gülək, hönkürsək də, ürəkdə xəlvət.
Doldur qədəhləri, əlimiz heydən,
Dilimiz kəlmədən düşənə qədər,
Doldur gənclik adlı o acı meydən,
İçək ayaq üstdən aşana qədər.

Şirin vədləri verməyək daha,
Barı bu gecəni yalansız keçək,
Səni and verirəm o bir Allaha,
Sorğusuz, sualsız, filansız keçək.

Doldur qədəhləri, əlimdə əlin,
Gözümdə gözlərin xəyala dönsün,
Sus! kəlmə deməsin nəbadə dilin,
Bu gecə əlçatmaz vüsala dönsün.

Sonunda qayıdaq evlərimizə,
Hərə yatağında bir yuxu alsın.
Qalxanda bir röya görünsün bizə,
Bu gecə necə var, elə də qalsın.

Doldur qədəhləri, yaxınıma gəl!
Onlar eşqimizin son badəsidir.
Nə ağla, nə yalvar, nə gözünü sil,
Gövhər xəyanətdən doymuş, bəsidir.  
15. 09. 1992.

MƏNİMSƏN, BİLİRƏM, ÖZ ƏLİMDƏSƏN,

Mənimsən, bilirəm, öz əlimdəsən,
Çirkinim də sənsən, gözəlim də, sən.
Axırım da sənsən, əzəlim də, sən.
Tale yazısısan alnımda mənim.

Sən zəhər də olsan, bal deyəcəyəm,
Sözsüz qismətimə baş əyəcəyəm,
Özüm sevməsəm də, seviləcəyəm,
Yerin olmayacaq kölnümdə mənim.
Tanrıdan buyrulmuş vəfadarımsan,
Hər iki dünyamda mənim yarımsan,
Həm qəmdən, kədərdən xilaskarımsan,
Həm də öldürənim, qanlım da, mənim.

Mənimsən, bilirəm, öz əlimdəsən,
Çirkinim də, sənsən, gözəlim də, sən.
Axırım da sənsən, əzəlim də, sən,
Tale yazısısan alnımda mənim.
11. 06. 1991.
         
QOY SƏNİN OLSUN

Dünya gözəl, həyat şirin,
Mavi dəniz, suyu sərin,
Şıltaqlığı ləpələrin
 qoy sənin olsun!

Buludların göz yaşları
Çəmənlərin yağışları,
Bir gözəlin baxışları
 qoy sənin olsun!

Şəlalənin şırıltısı,
Dağ çayının nəriltisi,
Qövsü-qüzeh parıltısı
 qoy sənin olsun!

Uca dağlar başı qarlı,
Bir ürək qartal vüqarlı,
Bir könül, sevgi baharlı
 qoy sənin olsun!

Bu yeni açılan səhər,
Ulduzsuz, zülmət gecələr,
Sənə vurğun olan Gövhər
 qoy sənin olsun!
01. 03. 1978.

APARIB

Hicranın nə yaxın, vüsalın uzaq,
Gecələr yuxumu alıb, aparıb.
Bivəfam bu zülmü bəs hara yazaq?
Dərd məni çöllərə salıb aparıb.

Sevgimiz ümmandı, tez gözə gəldi,
Gecənin zülməti gündüzə gəldi,
Ayrılıq, vəfasız, tək bizə gəldi
Qara saçlarımı yolub aparıb.

Nə sən dərd çəkəndin, nə mən qəm əhli,
Gəzərdik bağça-bağ güllü-çiçəkli,
Nakam eşqimizi xəbis ürəkli
Paxıllar araya salıb aparıb.

Gövhər, eşqin odu söndü, alışmaz,
Bəxtimiz ulduzu küsdü, barışmız,
Əriyər ömrümüz, axıb qarışmaz,
Fələk üzümüzə gülüb, aparıb.
13. 11.1987.

ÖTƏN XATİRƏLƏR DARIXACAQDIR

Mən ki, itirmişdim səni lap çoxdan,
Bu nə təsadüfdü, bu nə görüşdü?

Əzizim, çöhrəni görcək uzaqdan,
O ötən günlərim yadıma düşdü.
Niyə tələsmisən deyirsən mənə,
Mən ki, tələsmədim, zaman tələsdi.

Güzəştə gedərdik olub keçənə,
Başımız üstündən tufanlar əsdi,
Sən pak bir mələkdin, mənsə səninçün
Canımdan keçərdim, eh, ötən günlər.
Ayrılıq sözünü heç düşməninçün
Sən rəva bilməzdin, gör oldu nələr...
İndi dayanmısan qarşımda yadtək,
Danışsaq, özgələr pis baxacaqdır.

Qorxuram səninlə bir də görüşsək,
Ötən xatirələr darıxacaqdır.
Əlvida demədik heç ayrılanda,
İndisə ayırmış hasarlar bizi.

Ömür karvanından köç ayrılanda,
Bəlkə onda birgə taparlar bizi,
Get daha!, uzaq ol! görməyim səni,
Danışsaq, özgələr pis baxacaqdır.
Bir də, xatırlatsaq olub keçəni,
Ötən xatirələr darıxacaqdır...
07.01. 1981
 
NƏYİ DƏYİŞƏCƏK Kİ,
GECİKMİŞ ETİRAFIN

Niyə məni qəlbində de, pünhan əzizlədin?
Mən ağladım yalvardım, sən eşqini gizlədin,
Niyə getdin bir kəlmə söyləmədən, de niyə?!
Niyə məni buraxdın əbədi sənsizliyə?!
İndi səni sevirəm söyləyərək dönmüsən,
Artıq olanlar olmuş, nəyə gərək dönmüsən,
Yetər!, məni bu qədər üzmə, varsa insafın,
Nəyi dəyişəcək ki, gecikmiş etirafın.
10 06. 1998.

APARDI PAYIZ MEHİ

Səni tanış etdilər mənimlə bu gün axşam,
Sanki ötən günləri qoşa dolaşmamışdıq.
Aman ey vəfasızım, gör nə günə qalmışam,
Səninlə bir yad kimi, özgə kimi danışdıq.
Necə deyə bilərdik sevmişik sizdən artıq,
Olanlar olub keçib, özgə qismətiyik biz,
Almış o şən çağları bu tale bizdən artıq,
Bəxtimizə mərhəba!, özgə səadətiyik biz,
Dedi ömür yoldaşın:–”Bu mənim yaxın dostum”
–Çox şadam, söylədim ki, sizinlə tanışlığa,
Səni unutmalıykən mən özümü unutdum,
Sanki əlim uzandı kimsəsiz bir boşluğa
Baxışdıq gizlicənə, bu belə olmalıymış...
Bağlı idim sənintək mən də, başqa birinə
O gənclik illərindən xəyallar qalmalıymış,
Həsrət olmalıymışam o qara gözlərinə,
Sağollaşıb ayrıldıq, əlbəttə biz yox, onlar...
Qaldı ürəyimdəcə baxışın da, səsin də...
Qayıtmaz ki, bilirəm, bir də ötən zamanlar,
Apardı payız mehi onları nəfəsində...
04. 08. 1986.

BU NƏ DƏLİ SEVDADIR
(Mahnı, musiqisi müəllifindir)

Yox! yadımda deyilsən, necə tanıyım səni?!
Zaman keçmiş, vaxt ötmüş, illər qovhaqovdadır.
Daha nə fərq edəcək, durum qınıyım səni?
Çıxart başından getsin! bu nə dəli sevdadır?!

Yox! yadımda deyilsən, səsin də, tanış deyil,
O küçələr, o yollar çoxdan unudulubdur.
Bu bir acı həqiqət, şirin aldanış deyil,
Səni fələk qıymayıb, əllərimdən alıbdır.

Nədir? yoxsa bu görüş ayrılıqdan acımı?
Həyatımı bir daha alt-üst edəcəkmisin?!
Bir tanıdım kəlməsi dərdinin əlacımı?
Söyləsəm ey sevgilim, çıxıb gedəcəkmisin?!

Səni unutmasam da, mən danmağa məcburam,
Həyat röya deyil ki, bildiyim kimi yozum.
Başqasın sevdim deyə aldanmağa məcburam,
Bu halimlə barışdım, get daha vəfasızım.

Yox! yadımda deyilsən, necə tanıyım səni?!
Zaman keçmiş, vaxt ötmüş, illər qovhaqovdadır.
Daha nə fərq edəcək, durum qınıyım səni,
Çıxart başından getsin! bu nə dəli sevdadır?!
26. 01. 2000.

YUXUMA GƏLMİŞDİN

Yuxuma gəlmişdin, nəyə? bilmirəm.
Yuxuma gəlmişdin əvvəlki kimi.
Nə gəl, nə də gəlmə deyə bilmirəm.
Əsir eyləmisən bütün fikrimi.
sənin adını da çağırmamışam,
And olsun eşqimə xəyallarda mən,
Mənə rəhm et! deyib bağırmamışam,
Söylə! Çağrılmamış niyə gəlmisən?!
Yuxuma gəlmişdin sakit baxışlı
Yuxuma gəlmişdin inadkar, mətin.
Məni qoyub getdin sən gözü yaşlı,
Billəm, peşman olmaq deyil adətin,
Bəs niyə gəlmişdin, söylə! de barı!
Ey nakam eşqimin nakam baharı.
Uzaqda durmuşdun bir xəyal təkin,
Dəli fırtınatək coşub-daşırdın,
Mən dəvət etməmiş özün gəlmişdin,
Ötən günlərinlə vidalaşırdın.
Yuxuma gəlmişdin, nəyə? bilmirəm.
Yuxuma gəlmişdin əvvəlki kimi.
Nə gəl, nə də gəlmə deyə bilmirəm.
Əsir eyləmişəm bütün fikrimi.
04. 03. 1981.

TOYUNA ÇAĞIRARSAN

Mənə yalan söyləmə, bu bir acı həqiqət,
Əlini ver əlimə, halallaşaq, nəhayət.
Sanma ki, ayrılığı görüb tanımamışıq,,
Bu bəlalı başımız ayrılığa alışıq.
Gedərgisən, bilirəm, yolundan qalma barı,
Sızlar qiyamətəcən ürəyimin qübarı.
O nakam eşqimizi bizmi böylə qoruduq,
Sevgilim, bəxtəvərim, gör, bir necə “yarıdıq”.
Mənə yalan söyləmə!, get! yoxluğuna dözüm.
Get!, kəsilsin ümidim, qalmasın səndə gözüm.
Çoxdan boyun əysmişəm, fələyin gərdişinə,
Silmə gözlərim yaşın, burax getsin işinə...
Halimə acımadan, təsəlli vermədən get!
Bu bir alın yazısı, nolursun, daha tərk et!
Mənə yalan söyləmə, ayrılığı tanırım,
Sənə yalvardığımçün özümdən utanıram.
Get!, qarşımda bir daha görünmə, nə olursun?
Blkə xəyallarımda xatirətək qalırsın.
Sıxılma, vəfasızım, nə var ki, bundan asan,
Mənimlə toy etmədin, toyuna çağırarsan...
26. 07. 1999.

SƏNİ TANIMADIM Kİ...

Səni tanımadım ki, eləcə baxdım ancaq,
Əlini ver əlimə, yenidən tanış olaq.

Unutmuşam son dəfə adını çəkdiyimi,
Unutmuşam ardınca göz yaşı tökdüyümü,
Unutmuşam vidalaşmağa gecikdiyimi,
Səni tanımadım ki, eləcə baxdım ancaq,
Əlini ver əlimə, yenidən tanış olaq.

Həyat röya deyil ki, mən deyim sən yozasan,
Bu bir alın yazısı, nə karəsən pozasan,
Bir dost kimi köhnəsən, düşmən kimi təzəsən,
Səni tanımadım ki, eləcə baxdım ancaq,
Əlini ver əlimə, yenidən tanış olaq.

Hər iki dünyamızda biz daha naməhrəmik,
Bir-birimizçün dərdik, göz yaşıyıq, ələmik,
Daş qaya deyilik ki, biz də bəni-Adəmik.

Səni tanımadım ki, eləcə baxdım ancaq,
Əlini ver əlimə, yenidən tanış olaq.

Gövhər bir söz deməz ki, bu nə yersiz təlaşdı,
Qorxma, təsadüf idi, səninlə qarşılaqdı,
O nakam eşqimiz də, milyonlara qarışdı,
Səni tanımadım ki, eləcə baxdım ancaq,
Əlini ver əlimə, yenidən tanış olaq.
02. 09. 1999.

XOŞ GƏLDİN, XOŞ GƏLDİN

Sən məni tərk etmiş idin,
Bizə xoş gəldin, xoş gəldin!
Qışda qoyub getmiş idin
Yaza xoş gəldin, xoş gəldin

Həmin evdir, həmin oda,
Saldın məni yaman oda,
Necə gəldik bu dünyada
Gözə, xoş gəldin, xoş gəldin.

Gedərgisən, saxlıyamam,
Olacağı haxlıyamam,
Gedib səni yoxluyamam
Sizə, xoş gəldin, xoş gəldin,

Ensin fələk tifağından!
Olmaz belə qonağından,
Çətin Gövhər fərağından
Dözə, xoş gəldin, xoş gəldin.
05. 06. 1999.
YARA BİR

Nə fərqi var, ya dayanaq, ya gedək,
Yetər artıq görüş yerin tərk edək,
Dünən xəyal, bu gün nağıl, dil gödək,
Hicran acı, vüsal şirin, yara bir.

Bu dünyanın olanları tərsinə,
Eşqimizin uvandı bu, tərsi nə?
Axtar, ara, uca boylu, tər sinə,
Könül sevən gözəl, çirkin, yara bir.

Gileylənmə, Tanrı yazan yazı bu,
Sevgimizin qışı bu, ayazı bu,
İnanmıram heç çıxarda yazı bu,
Ürəyimə təbib baxıb yara bir.

Gövhər deyər, az çəkməni dara sən,
Al əlimi, zülflərini dara sən,
Düşməyəsən, mənim kimi dara sən,
Gül üzümə, al könlümü, yara bir.
11. 11. 1993.

EL NƏ DEYƏR

Bülbülə gül nə deyər,
Kəmərə bel nə deyər,
Oxşasam qara zülfün
Pərişan tel, nə deyər?

İzin ver busə alım,
Qalmayıb əsla halım,
Tərk edərsə xəyalım,
Onda könül nə deyər?

Od qoyubsan sinəmdə,
De nə günah var məndə,
Sözü ürək deyəndə
Bəs onda, dil nə deyər?

Gövhərdə tab yox daha,
Ümid qalıb allaha,
Razılıq ver sabaha,
Verməsən, el nə deyər?
10.01. 1977.


OLA-OLMAYA

Gül bitə özgə bağında,
Gözün qala yanağında,
Bir gözəlin dodağında
Həsrətin ola-olmaya.

Bir yar sənə göz eləyə,
Qışını da, yaz eləyə
Atdan-atdan göz eləyə,
Qismətin ola-olmaya.

Ömür keçə, gün gödələ,
Qocalıq qaçaraq gələ,
Sala canına vəlvələ,
Taqətin ola-olmaya.

Gövhər, dur gəz el-obanı,
Demə o yara tay hanı,
Sərvəti eşqidə tanı,
Dövlətin ola-olmaya.
20. 08. 1986.

LALƏ

Yanaqların al rəngli qan,
Köksün başı qara, lalə.
Bəzənmisən sən xudadan
Yaraşırsan yara, lalə.

Çöl-çəmənin maralısan,
Harda bitsən, oralısan.
Nədən bağrı yaralısan?
Yoxsa düşdün tora, lalə.

Dövranındı fəsli bahar,
Pənahın ağlar buludlar.
Gözəllikdə bənzərin var
Çiçəkləyən nara, lalə.

Bu il gəlişin gec oldu,
Qış uzandı, qar güc oldu.
Gövhər sənə möhtac oldu,
Qıyma intizara, lalə.
04. 05. 1999.

MƏNİ

Gözəl, səni belə gördüm,
Eşqin saldı qana məni,
Naməhrəmə könül verdim,
Bağışla mövlanə məni.

Duydum, sən də, qəm əhlisən,
Bir sövdəgərdən behlisən,
Neyləyim ki, deyiklisən,
Gətirmisən canə məni.

Məqam gəzirəm ağlıyam,
Yardan sinəsi dağlıyam,
Mən də, qolları bağlıyam,
Gəl çəkmə divanə məni.

Ay əli xınalı xanım,
Durum başına dolanım,
Həsrətindən yandı canım,
Qılmısan pərvanə məni.

Gövhərəm, dərdü sərdəyəm,
Nə göydəyəm, nə yerdəyəm,
Bir məcnuntək zəncirdəyəm,
Etmisən divanə məni.
11 may 2000-ci il.

GÖZƏL

Xoş o kimsənin halına,
Sənintək yarana gözəl.
Zinət verə cəmalına,
Huritək darana gözəl.

Mən qışımda, sən yazında
Mən nə hayda, sən nazında.
Yayın bu cız-ha-cızında
Salmısan borana, gözəl.

Mən ahılam, sənsə cayıl,
Nə olmusan hayıl-mayıl,
Bu yuxudan qalxıb ayıl,
Salma məni qana, gözəl,

Həsrətindən dərbədərəm,
Nə sən əsli, nə mən kərəm,
Mən də Əntiqə Gövhərəm
Ərz eylə sorana, gözəl.
11 may 2000-ci il.

YALVARIM

O çağlarım indi hanı?
Gedim səcdənə yalvarım,
Öpüm əli ayağını,
Ölüncə sənə yalvarım.

Bu gün keçdi, sabaha bax,
Səni məndən vaxt ayırar,
Ola əlimdə ixtiyar,
Dönüm dünənə, yalvarım.

Çox imiş fələyik gücü,
Yox bir ölümün əlacı,
Hey ağlayıb acı-acı
Bizdən dönənə, yalvarım.

Kim səni Gövhərdən aldı?
Bu nə əlçatmaz vüsaldı?
Söz vermişdin, harda qaldın?
Qayıdım yenə, yalvarım.
16. 04. 1997.

HEÇ XOŞBƏXT OLMAĞI BACARAMMADIM

Mən daha səninçün adiləşmişəm,
Mən daha səninçün bir heçəm indi.
Bilirəm, bilirəm, gözdən düşmüşəm,
Karvandan ayrılan bir köçəm indi.
Sən onu sevirsən, əzizləyirsən.
Gözüm baxa-baxa kül oluram mən.
Onu dost-aşnadan da gizləyirsən,
Tüstüsüz alovsuz qovruluram mən!
Görürəm gözəlçən məndən cavandır
hələ saçlarına dən düşməyibdir!
İstərsən yax məni, odlara yandır.
İnanmaram səni dəyişməyibdir.
İki balam dönüb zəncir olubdur;
Məni qollarına bağlayıb sənin.
Yoxsa dünya qopub, yer yarılıbdır.
Düşüb ayağına ağlayıb sənin
Deyim qıyma bizi ayrılıqlara,
Alın yazısı bu, daha neyləyim,
Yoxsa sən haraydın yoxsa mən hara?..
Bir tavan altında əlin əlimdə
Sənin yoxluğundan üşüyürəm mən!
Sanki üz döndərib məndən ölüm də,
Hələ də, hələ də yaşayıram mən.
Daha inanma ki, böylə çox sürər,
Mən daşdan-qayadan ki, yaranmadım,
Axır xəyanətin məni öldürər,
Heç xoşbəxt olmağı bacarammadım.
25. 01. 2001.


SƏNİ İNDİ KİMDƏN İSTƏYƏCƏYƏM

Ötüb gedəcəkdir illər birbəbir.
Öpüb gedəcəkdir əsən meh kimi.
Gözümün yaşını qurudar səbr
Güllərin üstünə düşən şeh kimi.

Ötüb gedəcəkdir həsrətin ilə
Alışan köksümün alovu odu.
Bəlkə də, sönəcək məhəbbətinlə
Çulğayan qəlbimin çılğın inadı.

Səni ki, əlimdən tez aldı həyat,
Səni illər boyu gözləyəcəyəm.
Səni ki, mən özüm itirdim, heyhat!!!
Səni indi kimdən istəyəcəyəm?!!!

01.02. 1979-cu il.

QİSMƏTDƏ AYRILIQ, ARZUDA VÜSAL

Qara saçlarını yolaraq tökən,
İllərimi ağartdı, günmü ağartdı?
Nakam eşqimizin gözünə çökən
Dumanmı ağartdı, çənmi ağartdı?
Məndən ayrılalı, hicranmı söylə,
Sevgilim əlini çəkib saçına?
Dayan! addımını bir anlıq əylə!
Yalansa da, məni inandır buna.
Dözdüm sənsizliyə, bəs nədir bu gün
Tale dayandırıb üz-üzə bizi.
Susub dayanmışıq, dinmirik neyçün?
Ürək danışdırır göz-gözə bizi.
Qorxuruq bilələr, xəbər tutalar,
Bu lal sükutu da alalar bizdən.
Sən özgə ömründə yeni bir bahar,
Mənimçün xəzrisən əsən dənizdən.
Qismətdə ayrılıq, arzuda vüsal,
Vəfasız, nə yaman bəxtəvər olduq,
Getdi qoşa çağlar, qaldı xoş xəyal,
Xatirələr qaldı, biz gedər olduq.
19.04.1978-ci il.


QOY GEDİM BAŞINA DOLANIM BU GÜN

Qoy gedim başına dolanım bu gün,
O görüş yerinin, o sahillərin.
Yatdım yuxularda gördüm büsbütün
Qurtardım əlindən qəmin, kədərin.
Hardasa bir yeni məhəbbət mənə,
Əl edib söyləyir: –”Qəm çəkmə, yetər!”
Mən də güləcəyəm vəfasız yenə,
Sənsə yanacaqsan məndən də betər.
Başqa birisiylə gözün önündə
Qoşa gəzəcəyəm həsrətdən uzaq,
Məni addım-addım bil, izləsən də,
O mənli çağların qayıtmayacaq.
Qoy gedim başına dolanım bu gün.
O görüş yerinin, o sahillərin,
Sən də, aşikarda sorarsan neyçün
Bir özgə qisməti oldu Gövhərin.
02.07. 1987-ci il.

SƏNLİ SƏNSİZLİYƏ DÖZƏ BİLMİRƏM

Uzaqlarda idin, ümidim vardı,
Səni gördüm, bildim hər şey qurtardı,
Sənsiz günlərimə dözmək olardı,
Sənli sənsizliyə dözə bilmirəm.

Yox məhəbbətimə bir yer sinəndə,
Səninçün bir heçəm, bilirəm mən də.
Ötəni görməkçün geri dönəndə,
Sənli sənsizliyə dözə bilmirəm.

Ayrılıq araya saldı min həsrət,
Yatır özgə eşqi köksündə xəlvət,
yetər bu soyuqluq, gülüm, nəhayət,
Sənli sənsizliyə dözə bilmirəm!

Düşər saçlarıma dən də dözərəm.
Getsən bir dəfəlik sən də, dözərəm,
Bəlkə yoxluğuna gendə dözərəm,
Sənli sənsizliyə dözə bilmirəm.

Hicran tənə edir, sən ona bir bax!
Səndən başqa daha nəyi alacaq?!
Bilməzdi Gövhər də, sənsiz qalacaq
Sənli sənsizliyə dözə bilmirəm.
03. 08. 2986.
SAYANMAZ OLDU

Könül həsrətində alışdı, yandı,
Ürək döyünmədi sənsiz, dayandı.
Çöllər də yuxudan qalxdı, oyandı,
Niyə mənim bəxtim oyanmaz oldu?

Sənsiz saçlarıma düşdü dən də, bil,
Ayrı düşdük, gözüm qaldı səndə bil,
Yar-yarından dura bilməz gendə, bil,
Çaldı zaman atın dayanmaz oldu.

Durna qatarlanar, uçar, yurduna,
Həsrətli gözlərim baxar ardına,
Saldın aşiqini yüz yol dərdərdinə,
İtirdi hesabı, sayanmaz oldu.

İllər ötdü, günlər-günə calandı,
Hər ildə bir yaş ömrünə calandı,
Yadlar gəzdi, adı mənə calandı,
El dedi-qodunu sayanmaz oldu.

Sən ey ürək, sərhəddini aşmısan,
Elə sanma, yaxşı-pisdə pişmisən,
Aman Gövhər, gör nə günə düşmüsən
Yar səni görəndə sayanmaz oldu.
04. 05. 1976.

BİZ ELƏ BƏXTİYAR İKƏN

Sevgilim biz elə bəxtiyar ikən,
Hansı bəxtiyarlıq aradıq görən.
Xoşbəxtlik bizimlə elə var ikən,
Küsdürüb uçurduq əllərimizdən.
Bilmədik qədrini qoşa günlərin,
İncidik hər əsən küləkdən belə,
İndi həsrətilə o dünənlərin
Göz yaşı tökürük gülüm səninlə
Nakam eşqimizin sevgilim inan!
Ahu-nalələri tutubdur bizi,
Qurtara bilmərik bu ayrılıqdan
Ömürlük ayırıb əllərimizi,
Ad ına bağlanıb özgənin adı,
Yolunla düz yeri, arxana baxma.!
Bizə qoşa getmək qismət olmadı,
Olan oldu gülüm, daha darıxma...
Sevgilim biz elə bəxtiyar ikən,
Hansı bəxtiyarlıq aradıq görən.
Xoşbəxtlik bizimlə elə var ikən,
Küsdürüb uçurduq əllərimizdən.
01.06.1986.

ƏLVİDA

Gedirəm, dur məni yola sal barı,
Yağar tellərinə zamanın qarı,
Mənsiz gəlib keçər ömür yolları,
Əlin ayrı düşər yardan, əlvida!

Keçəcək bir daha qayıtmayacaq,
Kimsə ötənləri oyatmayacaq,
Ürəyim heç səni unutmayacaq,
Bir də qoşa günlər hardan?, əlvida!

Yoxluğun ölümüm olacaq mənim,
Ayrılıq başımı yolacaq mənim,
Gözlərim buludu dolacaq mənim,
Saçlarım seçilməz qardan, əlvida!

Durub astanamda hicranla həsrət,
Kim deyir ki, unudular məhəbbət?
Gövhəri nə aşkar, nə də ki, xəlvət,
Qurtara bilməzsən dardan, əlvida!
01. 04. 1979.

İTİRİLMİŞ MƏKTUB HAQDA BALLADA

Həyatından küskün adam
  görməmişdim indiyədək,
Lakin... fəqət!.. üzləşdirdi
  birisiylə məni fələk,
Külək əsir, mən sahildə
  dayanmışdım o keçəndə,
Göy dənizə baxa-baxa
  sularından utanmışdım o keçəndə.
Baxdım ona...
  ani baxış...
Gözlərindən nə oxunmuş?
Qəmli idi ağ bənizi
  heç nəyə də baxmayırdı,
Bildim, özü gizləsə də qəlbi gizlin ağlayırdı.
O, dayandı, dəniz üçün
  nəsə dedi sakit, səssiz...
Duydum, özü gizləsə də,
  inildədi nəhayətsiz.
Külək əsdi,
 üşüdü o,
  miskin bədən lap büzüşdü,
–”Oy! bu nədi?
 Ah, deyəssən ondan düşdü
Əlim atıb qamarladım
  yerdən onu,
Bir məktubdu, görünürdü
  saxlanmış il uzunu.
Yazılmışdı: “Qayıtmasam
  unut məni,
Gəlmə Xəzər sahilinə,
  götür yoldan gözlərini,
Kədərləndim, baxdım ona,
  yoxdu daha,
Qaçdım onun arxasınca
 hər ötənə baxa-baxa...
Tapammadım, o yox idi,
  saxladım ki, məktubu mən
Bəlkə onu sabah axşam buralarda görüb verəm.
Yox! gəlmədi, çıxıb getdi birdəfəlik.
–”Bəlkə bu sahili deyil,
  başqa sahilə gələcək,
Hey axtardım, illər boyu
  tapılmadı ondan əsər,
Dənizdənsə bu sözləri gətirirdi
  yaş küləklər:
–”Qayıtmasam, unut məni,
  Gəlmə Xəzər sahilinə
  Götür yoldan gözlərini”.
18. 10. 1973.

DEDİN ARAMIZDA İKİ RƏQİB VAR

Dedim aramızda yar, ah, iki rəqib vardır,
Saçlarına yağan qar, saçlarımı ağardır.
Bu gen dünya sevgilim, mənim başıma dardır,
Səni öz əllərimlə başqasına vermişəm.

Yaxınımda durmusan, əlim uzana qalıb,
Ümid bircə bu ömrü bizə yazana qalıb,
Bu aşkar röyalar da, onu yozana qalıb,
Sanki o çağları da, röyalarda görmüşəm.
Günah özümüzdədir, fələk neyləsin buna,
Gərəkdi inanaydıq ayrılıq olduğuna,
İndi bir-birimizə baxırıq yana-yana,
Hicranın çələngini bilə-bilə hörmüşəm.

Küsdürüb eşqimizi nakam yola salmışıq,
Gənclik arxada qalıb, biz çoxdan qocalmışaq.
Özümüz özümüzdən intiqammı almışıq?
Kül edib ömrümüzü düşmən sevindirmişəm.
Amandır, Gövhər adın tutma dilində, gülüm.
Artıq bizə bərabər, ya yaşamaq, ya ölüm.
Bağlıdır qol-qanadım, necə yanına gəlim?
Şirin xəyallarımda mən səni dindirmişəm.

Dedin aramızda yar, ah iki rəqib vardır,
Saçlarına yağan qar, saçlarımı ağardır.
Bu gen dünya sevgilim, mənim başıma dardır,
Səni öz əllərimlə başqasına vermişəm?
12. 10. 1989-cu il

MAHNILARAH NECƏ BƏXTƏVƏRSİN
(Mahnı, musiqisi müəllifindir)

Bir gün səni unutsam, vəfasızam nə dərsin.
Məni ona dəyişdin, ah necə “bəxtəvərsin”.

Ayrılıq da sevgilim, səndən vəfalı çıxdı,
Daha alışıq bana, ay yaxamı buraxdı,
Səni görcək gözümdən damla-damla qəm axdı
Güvənmə gəncliyinə sən də gəldi-gedərsin,
Məni ona deyişdin, ah necə “bəxtəvərsin”.

Bakı həmin Bakıdır, yolları sıcaq-sıcaq,
Bağında-baxçasında gülləri qucaq-qucaq,
Hanı o qoşa çağlar dönə, boynunu qucaq
Daha bana ömürlük ah-naləsi, kədərsin,
Məni ona dəyişdin, ah, necə “bəxtəvərsin...”

Qarşılaşdıq qəfildən, oğrun-oğrun baxışdıq,
İkimiz də ötəni hələ unutmamışdıq,
Bir neçə kəlmə olub keçənlərdən danışdıq.
Dedin dəyişməmisən, yenə həmin Gövhərsin.
Məni ona dəyişdin, ah, necə “bəxtəvərsin”.
04. 06. 2000-ci il.


NOLURSUN, GƏL BANA YALAN SÖYLƏMƏ
(Mahnı, musiqisi müəllifindir)

Qəlbin bir özgənin, çoxdan duymuşam,
Nolursun gəl mənə yalan söyləmə.
Bunca xəyanətdən artıq doymuşam,
Nolursun gəl mənə yalan söyləmə.

Getsən gedişinə dözərəm bəlkə,
Səndən əllərimi üzərəm bəlkə,
Başqa bir məhəbbət gəzərəm bəlkə,
Nolursun, gəl mənə yalan söyləmə.

Aldana-aldana yaşamaq çox zor,
Bu tale yükünü daşımaq çox zor,
Soyuq baxışlardan üşümək çox zor,
Nolursun, gəl mənə yalan söyləmə.

Qorxma! ayağına düşüb ağlamam,
Əlini-qolunu asla bağlamam,
Sən ki, gedərgisin, tutub saxlamam,
Nolursun, gəl mənə yalan söyləmə!
10.02.1992-ci il.


SƏNMİŞSƏN, BİLMƏMİŞƏM
(Mahnı, musiqisi müəllifindir)

Qara saçım ağ hörən,
Ürəyimdə dağ hörən,
Səni mənə çöx görən
  sənmişsən, bilməmişəm.

Həsrətini çəkdiyim,
Göz yaşımı tökdüyüm,
Yoluna göz dikdiyim
  sənmişsən, bilməmişəm.

Cəfasına dözdüyüm,
Qəm gölündə üzdüyüm,
Çıxaq ilə gəzdiyim
  sənmişsən, bilməmişəm.


Ayrılığı gətirən,
Sevincimi götürən
Əhdimizi itirəm,
  sənmişsən, bilməmişəm.

Gövhəri dərdə salan,
Çıxdın eşqinə yalan,
Demə elə məhv olan
  sənmişsən, bilməmişəm.
01.01. 1986-cı il.

AYRILIRIQ SÖZSÜZ, VİDASIZ
(Mahnı, musiqisi müəllifindir)

Budur, ayrılırıq, sözsüz, vidasız,
Öpür yanağımı payız nəsimi.
Qəlbim inildəyir səssiz, sədasız,
Hardan eşidəsən mənim səsimi.

Gedirsən, talenin yazısına bax...
Kimdir qismətindən artıq gözləyən.
De nəyə lazımdır bu qaşla-qabaq?
Deyiləm mən səni əsla izləyən.

Get! baxım ötənə bir xəyal kimi,
Get ki, gözlərində gözüm qalmasın.
Əlçatmaz, ünyetməz bir vüsal kimi
Sənə deyiləsi sözüm qalmasın.

Budur, ayrılırıq, sözsüz, vidasız...
Öpür yanağımı payız nəsimi,
Gövhərin fəryadı səssiz, sədasız,
Hardan eşidəsən onun səsini?...

06.01. 1990-cı il.

BAKI KÜLƏYİ
(Mahnı, musiqisi müəllifindir)

Ötəndə, Xəzərdə fırtına qopar,
Çılğın atın minib, dənizi çapar,
Bzzuludlar içində yenə yol tapar,
Göyə meydan oxur, Bakı küləyi.

Əsəndə zülfünü çırpar üzünə,
Şıltaqlığı çöküb sənin gözünə,
Yavrum, bax küləyə, bir də özünə,
Sən tək oda yaxır, Bakı küləyi.

Baxıram sahildən Xəzərə sarı,
Gülüm, sal boynuma qulac qolları,
Yenə həya edib utanma barı,
Demə axı baxır, Bakı küləyi.

Qumlu sahillərdə gəl qoşa gəzək,
Qağayılar təkin səmada süzək,
Sənsən bil, sevgilim, ömrümə bəzək,
Bizə nəğmə oxur, Bakı küləyi.
24. 08. 1977.

GÖRƏK BİR-BİRİMİZİ
(Mahnı, musiqisi müəllifindir)
Yeddi yetimlə bir dərədə qalsan da, yenə səni sevirəm.

Ayrılığın son günü, hicranın son anıdır.
Biz barışdıq, yenidən sevilmək zamanıdır,
Çəkilib gedən duman gözümüz dumanıdır
İndiyəcən qoymadı görək bir-birimizi.

Özgələr güləcəkdir baxıb ağ saçımıza,
Deyəcəklər baharı, kim gətirdi payıza?
Fələk bir qismət idi, gərəkdi böylə yaza,
O çağlarda qıymadı, görək bir-birimizi.

Sənin nəvən-nəticən, mənim qızım, gəlinim.
O gənclik illərini hardan gedim dilənim?
Ölsəm, yanında ölüm, al qanıma bələnim,
Həsrət bizdən doymadı, görək bir-birimizi.

Bizi ayıranların çoxu yoxdu dünyada,
Həqiqət xəyallardan çox uzaqdı dünyada,
Ötən günü, ömürdən dönüb baxdı dünyada,
Gövhər ömür saymadı, görək bir-birimizi.
04.12. 1988-ci il.

AMANSIZ TALELƏ YAZILACAQSAN
(Mahnı, musiqisi müəllifindir)

Sən mənim ömrümə qara bir xətlə,
Amansız talelə yazılacaqsan,
Fikrim rədd edəcək səni nifrətlə
Qəlbimdən günahtək pozulacaqsan.

Dönəcək xəyalım zəncir olacaq,
Şirin yuxularda boğacaq səni,
Qoşa çağlar gülüb ələ salacaq,
Mənsizlik boğaza yığacaq səni.

Gözün görə-görə məhv olacaqsan,
Eşqimiz qarğıyıb çünki bil sən,
Fəryad edəcəksən, hay salacaqsan,
Mənsiz sabahından mənli dünənə.

Sən mənim ömrümə qara bir xətlə,
Amansız taleli yazılacaqsan,
Fikrim rədd edəcək səni nifrətlə,
Qəlbimdən günahtək pozulacaqsan.
19. 02. 1987-ci il.

BÖYLƏMİ QAYITDIN GÖRÜŞ YERİNƏ
(Mahnı, musiqisi müəllifindir)

Gör necə həsrətlə gözlədim səni,
Böyləmi qayıtdın görüş yerinə?
Qara saçlarımı ağ görüb məni
Tanımadın yarım, axtardın yenə
Qarşında durmuşdum, baxırdım, amma
Uzaqlarda idi sanki xəyalın,
Elə bil gəlmişdin yuxularıma,
Yenə əlçatmazdı şirin vüsalın.
Yanaşıb soruşdun: –”Görmədinizmi
Burdan bir ağ bəniz qız gəlib keçər?”.
Dərdimiz dəryamı, yarım dənizmi,
Xəzan çağındayıq, yaz gəlib keçər
Məndən xəbər aldın məni sevgilim.
Böyləmi gözlədim səni sevgilim?!
Əlimlə göstərib gəldiyin yolu
Dedim:–”Axtardığın arxada qaldı”
Tələsərək döndün, gözləri dolu
Fələk səni məndən ömürlük aldı,
Gör necə həsrətlə gözlərdim səni,
Böyləmi qayıtdın görüş yerinə.
Qara saçlarımı ağ görüb məni,
Tanımadın yarım, axtardın yenə...
01. 02. 1987-ci il.

DOYUNCA BAX GEDİRƏM
(Mahnı, musiqisi müəllifindir)

Doyunca bax!, gedirəm, mane olan deyiləm,
Həyatında bir anda, görünməyəcəyəm, bil!
Mən ki, daha səninlə birgə qalan deyiləm.
Qismətim ayrılıqmış, o da bir qismət deyil.
Nə sonsuz arzuları yarıda qoydu fələk.
Günahkarı səninlə mən imişəm heç demə.
Sandım eşqimiz bizim üzümüzə güləcək,
Nə biləydim çıxacaq həsrətlə qəm, bəxtimə,
Doyunca bax, gedirəm, qoy sevinsin paxıllar.
Daha sənə yadam mən, doğmalaşa bilmirəm.
O gənclik illərindən qaldı şirin nağıllar,
Çağırsan da, səsini, eşidərəm, gəlmərəm!
01. 07. 1986-cı il.

QAYIT GERİ
(Mahnı, musiqisi müəllifindir)

Nə tez ötdü qoşa gənclik illəri,
Eşqimizin xəndan oldu gülləri,
Əllərində özgəsinin əlləri,
Unutma ki, səni yola salan var,
Qayıt geri, gözü yolda qalan var.

Bahar idik, xəzan gəldi saraldıq,
Gövrək idik, tufan qopdu qırıldıq,
Demə ki biz gözləməkdən yorulduq.
Ömrü boyu sənə qurban olan var,
Qayıt geri, gözü yolda qalan var.

Bu ayrılıq nədən oldu biləməm,
Qarşımdasan, yaxınına gələməm,
Bu hicrandan istəsəm də öləməm
Səni məndən, məni səndən alan var,
Qayıt geri, gözü yolda qalan var.

Damla-damla yanağımdan qəm axır
Vüsal yəqin bizim üçün darıxır,
Dönəcəksən bilirəm əvvəl-axır,
Həsrətindən saralıban, solan var,
Qayıt geri, gözü yolda qalan var.

Gövhər deyər sənsiz dünya qəfəsdi,
Qovuşmaqçün qarşımızı nə kəsdi?!
Dözəmmirəm bu hicrana ta bəsdi!!!
Neyliyim ki, başqasından balan var
Qayıt geri, gözü yolda qalan var.
01. 05. 2000.

DÖN Kİ, QİYAMƏTƏCƏN VİDALAŞAQ
(Mahnının musiqisi müəllifindir).

Mənə sən gərəksən, bilirsənmi?, sən.
Mənə sən gərəksən olduğun kimi.
Qaçaraq gələsən dünənlərimdən,
Yadımda neçə var, qalığın kimi.

Mənə sən gərəksən, xatirələri,
Şirin xəyalları neynirəm daha,
Hələ ki, kimsənin yoxdu xəbəri,
Bütün, şuxluğunla qayıt sabaha!

Mənə sən gərəksən, sadəliyinlə,
Bu zalım fələyin felindən uzaq.
Bir röya da olsa səsimi dinlə,
ayılaq, birlikdə xeyirə yazaq.

Mənə sən gərəksən, bilirsənmi? sən.
Dalaşaq, küsüşək, yenə barışaq.
Yanımdan vidasız çıxıb getmisən
Dön ki, qiyamətəcən , vidalaşaq...
23. 05. 1999.

DAHA DEMƏYƏCƏYƏM
(Mahnı, musiqisi müəllifindir)

Sənə ürəyim dedim,
Eşqim, diləyim dedim,
Şən gələcəyim dedim,
Daha deməyəcəyəm.

Sənə baharım dedim,
Dağca vüqarım dedim,
Sevimli yarım dedim,
Daha deməyəcəyəm.

Fikrim, xəyalım mənim,
Şirin vüsalım mənim,
Dedim maralım mənim,
Daha deməyəcəyəm.

Getdin, baxdım dalınca,
Dedim vəfanmı bunca?!
Səni sevsəm ölüncə,
Daha deməyəcəyəm.

Gövhərəm, çoxdu dərdim,
Səni yadlara verdim.
Sənə ömrüm deyərdim,
Daha deməyəcəyəm.
01. 01. 1981.

MƏNİ ÖLDÜRƏCƏK
(Mahnı, musiqisi müəllifindir)

Bu nə qismət, bu nə yazı
Bu dərd məni öldürəcək.
Həsrətindən namərd qızı
Namərd məni öldürəcək.

Haqdan bəzənmiş bir sona,
Qoydu məni yana-yana,
Hüsnü-camalı bir yana,
Qamət, məni öldürəcək.

Sinəsi, dağların qarı,
Hansı bəxtəvərin yarı,
Qoynundakı cənnət barı
Nemət, məni öldürəcək.

Zəhmətim getdi hədərə,
Məhv oluram nahaq yerə,
Vermir əntiqə Gövhərə
Qiymət, məni öldürəcək
06. 02. 2000.

O BƏXTİYAR ÇAĞLARIM DAHA XƏYALDI MƏNƏ
(Mahnı, musiqisi müəllifindir)

Sən getdin ötən günlər xatirə qaldı mənə
O bəxtiyar çağlarım daha xəyaldı mənə.
Dünya dəyişmədi ki, olduğu kimi qaldı.
Təkcə səni əlimdən ömürlük geri aldı.
Dünya dəyişmədi ki, hər şey öz yerindədir,
Çərxi fələk dolanıb həp öz bildiyin edir.
Qarşılaşsaq üz-üzə çətin ki, dinəcəksin,
Gündüz xəyal, gecələr röyama dönəcəksin.
Sən getdin ötən günlər qəhərə döndü mənə,
Həyatım bir udumluq zəhərə döndü mənə,
Daha yaşamıram ki, vaxtımı öldürürəm,
Sanma çəkdiklərimi kimsəyə-bildirirəm.
Sən getdin, ötən günlər, xatirə qaldı mənə,
O bəxtiyar çağlarım daha xəyaldı mənə...
22. 01. 1989.

SƏNDƏN AYRILAMAM Kİ,
AY MƏNİM NAMƏHRƏMİM
(Mahnı, musiqisi müəllifindir)

Demişdin yandıraram səni ölənə qədər,
Gözlərin atəşində yak məni, külə döndər.
Soruşma heç halımı, sana-cavab verəməm,
Şəhərin ortasında ağlayıb hönkürəməm.
Bağışlasın bizləri, əhv eyləsin yaradan,
Mən daha yaşamam ki, vurduğun bu yaradan.
Dikilib yad baxışlar yerbəyerdən bizlərə.
Ah nələr söyləyərdim o maskəli üzlərə
Bu nə qəfil görüşdü, yolların ayrıcında.
Eşqimiz yetim qalıb yılların ayrıcında
Gəl öpüm gözlərindən, kimsəni aldırmadan,
Ölüm ağuşundaca, dərd məni öldürmədən.
Getmə! gözlərim yaşı, getmə! kədərim, qəmim.
Səndən ayrılamam ki, ay mənim naməhrəmim.
18. 05. 2000-ci il.

SƏNİ BAHAR MEHİ APARDI
(Mahnı, musiqisi müəllifindir)

Səni bahar mehi apardı gülüm,
Bir də qaytarmaqçün öz nəfəsində.
Desəm ayrılıqdır, quruyar dilim,
Sıxar hicran məni məngənəsində.

Səni həsrət dolu baxışlarımla
Mən yola salmışam, özün bilirsən.
Səni itirmişəm göz yaşlarımla
Şirin yuxulara dönüb gəlirsən.

Dəniz uğuldayan fırtınasıyla
Bizi tənbeh edir, ayrıyıq deyə.
Gəlsə bütün dünya öz qayğısıyla
Alışa bilmirəm mən sənsizliyə.

Səni bahar mehi apardı gülüm,
Bir də qaytarmaqçün öz nəfəsində.
Gövhərin arzusu yaşar sevgilim,
O qoşa çağların xatirəsində.

EŞQİMİZİN XƏZAN ÇAĞI
(Mahnı, musiqisi müəllifindir)

Sən ki, mənə ey sevgilim, ən yaxın bir uzaqsan.
Əllərimi tellərinə toxundursam, günahdır.
Kim deyərdi vəfasızım, böylə qayıdacaqsan,
Sənmi günlər şirin xəyal, sənsiz günlər min ahdır.
Addım-addım yaxınlaşdım sənə indi nədənsə,
Qaça-qaça uzaqlaşıb göz yaşımı tökürəm.
Nələr dedim xəyalımda, o anlar geri dönsə,
O anlar ki, ömrüm boyu həsrətini çəkirəm,
Sən ki, mənə ey sevgilim ən yaxın bir uzaqsan,
Ömür keçir, gəncliyimiz hey boylanır arxadan.
Nə biləydi Gövhər səni böylə qayıdacaqsan,
Eşqimizin xəzan çağı, yay boylanır arxadan.
06. 08. 1986-cı il.

AYRILIĞA BİR BAX HƏLƏ
(Mahnı, musiqisi müəllifindir)

Ayrılığa bir bax hələ, gör özünü nə çəkir,
Elə bilir biz olmasaq aramızda olarmış.
Gözlərimə hirslənsəm də, damla-damla yaş tökür,
Elə sanır, desə getmə!, vəfasızı qalarmış.

Həsrətə bax, qəlbimizdə alovlanır sevincək,
Sanır ki, heç bizə olmasaq öz-özünə yanarmış,
Hicran salıb çiynimizə dərd-qəm adlı bürüncək,
Elə bilir qoymasaq da, onu zorla salarmış.

Gedişini çərxi fələk hey istəyir döndərə,
Tutub bizim əlimizdən başqa səmtə göndərə.
Hünəri var ayrılığı indi məni dindirə,
Deyərəm ki, qismət ki, var, əvvəl axır olarmış.
10. 06. 1986-cı il.

BAİSKAR ÖZÜN ÖYMƏSİN
(Mahnı, musiqisi müəllifindir)

Gəl biz beləcə ayrılaq,
Əlin əlimə dəyməsin.
Arzula tez unudulaq,
Hicran qəddimiz əyməsin.

Elə get ki, dözüm sənsiz,
Keçər qışım, yazım sənsiz,
Qaldım yarım özüm sənsiz,
Həsrət qapımı döyməsin.

Sabah-sabah qarşı çıxma.
Amandır, üzümə baxma!
Gövhər yanır, sən darıxma,
Baiskar özün öyməsin.
10. 11. 1987-ci il.

YALNIZ ÖLÜLƏR OLUR EHTİMALI SIFIRLAR
(Mahnı, musiqisi müəllifindir)

Bu ki, son görüş deyil, öndə neçələri var,
Yalnız ölülər olur ehtimalı sıfırlar.

Hələ sənlə nə qədər qəfil qarşılaşarıq,
Gizlicə baxışarıq, gizlicə danışarıq,
Hərəmiz bir özgəylə ömrümüzü yaşarıq,
Bu ki, son görüş deyil, öndə neçələri var,
Yalnız ölülər olur ehtimalı sıfırlar.

hələ soyuq hicranın boranı, qarı durur.
Hələ neçə sevdanın ayrılıqları durur.
Ömrümüz qurtarmır ki, neçə baharı durur.
Bu ki, son görüş deyil, öndə neçələri var,
Yalnız ölülər olur ehtimalı sıfırlar.

Hələ ki, oxunmamış neçə nəğmələr durur,
Bilirsənmi həsrətin dalında nələr durur.
Səni hamıdan artıq sevəcək Gövhər durur,
Bu ki, son görüş deyil, öndə neçələri var,
Yalnız ölülər olur ehtimalı sıfırlar.
23 iyun 1989.

NİYƏ SƏNİ SAXLAMADIM
(Mahnı, musiqisi müəllifindir)

Bilirdim ki, gedərgisən, niyəsəni saxlamadım?
Niyə düşüb ayağına hönkür-hönkür ağlamadım.
Niyə səni öpüşlərə qərq etmədim doyunca mən.
Uçüb getdin, tale quşum, bir-ikini sayınca mən.
Niyə səni sevdiyimi söyləmədim heç onda mən
Ah nə qədər bəxtiyardım, məsud idim yanında mən.
Niyə səni bilə-bilə öz öz əlimlə verdim yada,
Axı niyə?!!! Söylə niyə?!! ayrılıq var bu dünyada.
02.01. 1996.
ÇAĞIMDA
(Mahnı, musiqisi müəllifindir)

Niyə çıxdın de qarşıma
Sən mənim xəzan çağımda,
Saç-birçəyin çal vaxtında,
Bir dəli ozan çağımda.

Ömür keçdi varaq-varaq,
Ötənlərdən yoxdu soraq,
Gəncliyimi əldə çıraq,
Günorta gəzən çağımda.

Get!, könül çalan haramı,
Nuş eyləməm mən haramı,
Çayıl bulmuşsan haramı?
Dünyadan bezən çağımda.

Xəbərin yoxdu xəbərdən,
Ahu gözlü, minə gərdən,
Belə Əntiqə Gövhərdən
Əlimi üzən çağımda.
30 aprel 2000.

LERİK
(Mahnı, musiqisi müəllifindir)

Bənzərin var Bata-bata,
Nə gözəlsən belə, Lerik.

Çətin mənim səsim çata,
Burdan bizim elə, Lerik.

Dörd bir yanın sıx meşədir
Palıdların baş-başadır,
Çəmənlərin tamaşadır,
Gül qarışıb gülə, Lerik.
Çənin, dumanın əskilməz,
Bahar, yay, payızı bilməz,
Buludların üzü gülməz,
Ağlar, dönər selə, Lerik.

Qız-gəlinin incə belli,
Lalə yanaq, şirindilli,
Bəyaz bilək, zərif əlli,
Tel nazlanır telə, Lerik.

Xoş ötüşür fəsillərin,
Qışın qarlı, yayın sərin,
Bir arzusu var Gövhərin
Yenə bura gələ, Lerik.
07. 01. 1998.

NECƏ SƏNİ DARDAN ALIM
(Mahnı, musiqisi müəllifindir)

Bilməyirsən nə çəkirəm,
Hey deyirsən dərdin alım.
Ürəyinçün dil tökürəm,
Nə vaxt mənə verdin, alım.

Yolum uzaq, gedəsiyəm,
Eh, səni tərk edəsiyəm.
Fələk yazdı, nedəsiyəm?
Yamanca tez sordun halım.

Vaxtıydımı ayrılığın?
Çəkilərmi sinə dağın,
yeri yoxdur ağlamağın,
O çağları hardan alım?

Kim qaytarar de, olanı,
Hicran tutub dörd bir yanı,
Bir böylə dərdü-bəlanı
Sən mənə axtardın, alım.
Duymadın ahu-zarımı,
Gözləmə o güzarımı,
Ölürümsə məzarımı
Sən yeriyən yerdən alım.

Artıq sənə yar deyiləm,
Payızam, bahar deyiləm,
Daha o Gövhər deyiləm,
Necə səni dardan alım?
19. 09. 1992.

KEÇƏR
(Mahnı, musiqisi müəllifindir)

Getsən nə olur ki, dünya dağılmaz,
Zaman bildiyitək dolanıb keçər,
Kimsəyə qalmayan sənə də qalmaz,
Qarları başına ələnib, keçər.

Bu yuxu deyil ki, xeyirə yozaq,
Getmisən, əllərin əlimdən uzaq
Bil, ayrılıq adlı qara yalquzaq,
Düşüb qapı-qapı sülənib keçər.

Özgələr yarıdı, bizsə yarıtdıq,
Kim söyləyir əhd-peymanı unutduq,
Gözümüz yaşın demə qurutduq,
Ayağımız altı sulanıb, keçər.

Qəlbim kitab deyil, aç onu oxu,
Aşiqə hicranın nə azı, çoxu,
Bir də qarşılaşsaq kipriyin oxu,
Ürəyim qanına bulanıb, keçər.

Bizləri ayırdı de hansı falçı?!
Yeddi yetimlə də, mən sənə elçi,
Gülüm, Gövhər adlı məzlum bir yolçu
Səndən mərhəməti dilənib keçər.
13. 05. 1997.

MƏN NƏ HAYDA, SƏN NƏ HAYDA
(Mahnı, musiqisi müəllifindir)

Məndən giley edən yarım,
Mən nə hayda, sən nə hayda,
Yalqız qoyub gedən yarım,
Mən nə hayda, sən nə hayda.

Bilsən necə darıxıram,
Qaysaxlanır hələ yaram,
Elə sanma baxtavaram,
Mən nə hayda, sən nə hayda.

Əlim yetməz, ünüm çatmaz,
Sənli günə günüm çatmaz,
Çıxar əlbət, canım çatmaz,
Mən nə hayda, sən nə hayda.

Bir yanında oğlun, qızın,
Ol sahabın çəkir nazın,
Yenə məndə qalıb gözün,
Mən nə hayda, sən nə hayda.

Baxma ki, deyib gülürəm,
Bil vaxtımı öldürürəm,
Gündə yüz dəfə ölürəm,
Mən nə hayda, sən nə hayda.

Bağlanıbdır bəndü-bərəm,
Yaxınına gələmmərəm,
Yenə də həmin Gövhərəm
Mən nə hayda, sən nə hayda.
24 may 2000.

 
QOVARAM GEDƏR
(Mahnı, musiqisi müəllifindir)

Yox! Yox! Böylə də, olmaz!, olmaz!
Səndən bana heç nə qalmaz
Sanma xatirələr, qovulmaz,
Qovaram gedər!

Sənli zamanları aldırmam,
O qoşa anları aldırmam,
Bəxtiyar günləri aldırmam,
Qovaram gedər!

Get sən yaşa dərdsiz, qadasız,
Mən ağlarım səssiz, sədasız,
Aşkımı bir gün əlvidasız
Qovaram gedər!

Yox! Yox! Böylə də, olmaz!, olmaz!
Səndən bana heç nə qalmaz
Sanma xatirələr, qovulmaz,
Qovaram gedər!
04. 08. 1999.

SƏN DƏ BÖYLƏ OĞRUSAN
(Mahnı, musiqisi müəllifindir)

Könlümü çalıb getdin,
Kim söyləyir doğrusan?!
Oğrunun buynuzu yox!
Sən də böylə oğrusan.

Sevgilim kaderdi bu,
Ayrılıqlar çox olur.
Gənclik bir şirin yuxu,
Oyanırsan, yox olur.
Fələyin gərdişinə
Çoxdan boyun əymişəm.
Yoxsa çıxıb qarşına
Xətrinəmi dəymişəm.

Məndən qaçırsan niyə,
Səni başa düşürəm!
Görüşməyəlim deyə
Yolumu dəyişirəm.

Könlümü çalıb getdin,
Kim söyləyir doğrusan?!
Oğrunun buynuzu yox.
Sən də böylə oğrusan.
04. 06. 1991.

VƏFADA DÜNYAYA OXŞAMISAN SƏN
(Mahnı, musiqisi müəllifindir)

Gözlərin şəvədən rəngini alıb,
Zülmət gecələrdən saçın qaralıb,
Gözəlliyin artıb, vəfan azalıb,
Vəfada dünyaya oxşamısan sən,
Özün de, pismisən, yaxşımısan sən?

Eşqimiz qapısı fələkdən bağlı,
Puç oldu günümüz qaralı, ağlı,
Sənin əllərindən mən sinədağlı,
Vəfada dünyaya oxşamısan sən,
Özün de, pismisən, yaxşımısan sən?

 Yalvaran deyiləm, dinən deyiləm.
Yanına bir daha dönən deyiləm,
Dedin özgəninəm, sənin deyiləm,
Vəfada dünyaya oxşamısan sən,
Özün de, pismisən, yaxşımısan sən?
08. 08. 1990.
SEVİRƏM DEDİN
(Mahnı, musiqisi müəllifindir)

Qara gözlərini süzdürüb aman,
Titrətdin qəlbimin tellərin yaman,
Sevgilim, bax elə sən həmin zaman
Səni dünyalartək sevirəm dedin.

Gəldi ömrümüzə dedin ilk bahar,
Köksümdə ən böyük, şirin arzular,
Söylədin səndən də əzizimmi var?
Səni ilk bahartək sevirəm dedin.

Vüsal həsrətilə gəzdik cahanı,
Sevgilim o günlər, o anlar hanı?
Təkcə röyalarda taparaq məni,
Səni röyalartək sevirəm dedin.

O qoşa çağlardan xatirə qaldı.
Səni əllərimdən fələkmi aldı?
Nakam eşqimiz də xəyala daldı,
Səni xülyalartək sevirəm dedin.
20. 08. 1986.

KİPRİYİNDƏ DAMLA YAŞ VAR
(Mahnı, musiqisi müəllifindir)

Kipriyində damla yaş var,
Saçlarında bəyaz qış var,
Gözlərində aldanış var,
De, səni kim aldadıbdır?

Qoşa çağlar getdi, gəlməz.
Rüzgar daha üzə gülməz,
Özgəninsən, qədir bilməz,
Doşab alıb, bal dadıbdır.

Dedin yuvam bir qəfəsdi,
Sən yubandın, o tələsdi.
Yetər ömrüm, daha bəsdi,
Yanaqlarım sel dadıbdır.

Kipriyində damla yaş var,
Saçlarında bəyaz qış var,
Gözlərində aldanış var,
De, səni kim aldadıbdır?
12. 09. 1990.

PƏNCƏRƏMDƏ GÜL AÇIB
(Mahnı, musiqisi müəllifindir)

Pəncərəmdə gül açıb,
Sən o güldən deyildin.
Gözlərimdə sel açıb,
Başqasına əyildin.

Xəzri həmindir yenə,
Dənizdən əsir hər gün,
Sahildəki evinə
Özgə tələsir hər gün.

Yalvarsam da Allaha
Yaxınıma gəlməzsən.
Əllərim yetməz daha,
Ah nə qədir bilməzsən.

Artıq bir yad olmuşuq,
Görüşsək , danışmarıq.
Kaderlə doğulmuşuq,
Ölsək də barışmarıq.
 
Pəncərəmdə gül açıb,
Sən o güldən deyildin.
Gözlərimdə sel açıb,
Başqasına əyildin.
14. 09. 1992.

SEVGİLİM, AY SEVGİLİM
(Mahnı, musiqisi müəllifindir)

Sevgilim, ay sevgilim, yadıma düşmə daha!
Əlim əlinə yetməz, yalvarsaq da Allaha.

Tale yazısı idi, gəldi keçdi o çağlar,
Bir daha geri dönməz, dünəndə qalacaqlar.
Qırışmış alnımızı bəyaz tellər qucaqlar,
Sevgilim, ay sevgilim, yadıma düşmə daha!
Əlim əlinə yetməz, yalvarsaq da Allaha.

Ayrılığın çağıdır, istər ağla, istər gül,
Bu sevda qismət deyil, istər qayıt, istər gəl,
Röyada görmüş idik o günləri elə bil,
Sevgilim, ay sevgilim, yadıma düşmə daha!
Əlim əlinə yetməz, yalvarsaq da Allaha.
21. 01. 1991.
 
TƏLƏBƏLİK İLLƏRİM
(Mahnı, musiqisi müəllifindir)

Qayğısızdıq, şən idik.
Deyib gülüşən idik,
Dərddən-qəmdən gen idik
  Aman sənli günlərim,
  Tələbəlik illərim.

Sevərdik, sevilərdik,
İnciməkmi bilərdik,
Ayrılsaydıq ölərdik,
  Aman sənli günlərim,
  Tələbəlik illərim.

Bilməzdim sənsizlik var
Ötən günmü qayıdar?!
Keçdi ömrümdən bahar
  Aman sənli günlərim,
  Tələbəlik illərim.
Rüzkar əsdi tərsinə,
Vuruldun özgəsinə,
Çağırram dönə-dönə
  Aman sənli günlərim,
  Tələbəlik illərim.

Qəlbin məndən iraqdır,
Əlim yetməz, uzaqdır.
Səni sevməm, günahdır.
  Aman sənli günlərim,
  Tələbəlik illərim.
13. 04. 1985.

SEVGİLİM, BARIŞAQ TALEYİMİZLƏ
(Mahnı, musiqisi müəllifindir)

Artıq nə yada sal, nə məni gözlə,
Başqa birisini oxşa, əzilə.
İllər geri dönməz, ha çağır səslə
Sevdik nə ümidlə, ah nə həvəslə,
Sevgilim, barışaq taleyimizlə.

Yox qoşa çağlardan nə səs, nə soraq,
Daha nə arayaq, nə də axtaraq.
Ömür səhfələrin hey varaq-varaq
Dönüb addım-addım nə məni izlə,
Sevgilim, barışaq taleyimizlə.

Özümlə “bacardım”, sənlə nə edim?
Yetər!, vida etdik, yola sal gedim,
Ah mənim dəcəlim, mənim inadım,
Yandır ürəyimi bir parça közlə,
Sevgilim, barışaq taleyimizlə.

Artıq nə yada sal, nə məni gözlə,
Başqa birisini oxşa, əzizlə.
İşlər geri dönməz, ha çağır səslə,
Sevdik nə ümidlə, ah nə həvəslə,
Sevgilim, barışaq taleyimizlə...
16. 10 1993.

ƏLVİDA, BİVƏFA YARIM, ƏLVİDA!
(Mahnı, musiqisi müəllifindir)

Məni yalqız qoydun ömrün düzündə,
Qalsın rəqibimin aşkı gözündə,
Bilirəm ki, günah sənin özündə
Əlvida bivəfa yarım əlvida!

Gedirəm, bir daha arxama baxmam,
Hönkürüb ardımca demə buraxmam!
Bəlkə sənin kimi mən də “darıxmam”,
Əlvida bivəfa yarım əlvida!

Qəlbimi həsrətin yarıb didəcək,
Zaman-zaman o da varıb gedəcək,
Qalsam bu gecəlik nə fərq edəcək,
Əlvida bivəfa yarım əlvida!

Bu vüsal bizimçün müşkülə döndü,
Yandı arzularımız külə döndü!
Bir illik ayrılıq yüz ilə döndü,
Əlvida bivəfa yarım, əlvida!

Röya deyil ki, bu tərsinə yozaq,
Sonu qara sevda, bizlərdən uzaq!
Nə karəyik fələk yazdığın pozaq,
Əlvida bivəfa yarım əlvida!
02. 05. 1989.

BU SƏN DEYİLSƏN Kİ
(Mahnı, musiqisi müəllifindir)

Bu sən deyilsən ki, sən deyilsən ki,
Hansı nişanından tanıyım səni.
Daha mənə ömür-gün deyilsən ki,
Durum gileylənim, qınıyım səni.
Sorursan halimi cavabsız qalır,
Baxışın səbrimi əlimdən alır,
Vurduğun yaralar təzə sağalır
Yenə nə deyibən anayım səni?

Sən ki, gedərgisən, saxlaya bilməm.
Əlini, qolunu bağlaya bilməm,
Hönkürüb ardınca ağlaya bilməm,
Get ömrüm uzunu yanayım səni.

Gövhərəm, hicrindən daha doymuşam,
Gələr deyə günlərimi saymışam.
Axır mən də başqasına uymuşam,
Məcburam, sevgilim, danayım səni.
01. 12. 1997.

ÖYRƏT MƏNƏ SEVGİLİM,
SƏN NECƏ UNUDURSAN.
(Mahnı, musiqisi müəllifindir)

Unut mənə söylədin, sanki unutmaq asan,
Niyə mənə demədin özünü aldadırsan?!
Röyalarda gəlirsən, aşkarda qayıdırsan,
Öyrət mənə sevgilim, sən necə unudursan?

Sabahdan dünənlərə yol yoxdur, bilirik biz,
Dünəndən bu günlərə qaçaraq gəlirik biz
Yuxularda hər gecə qəlbimi oyadırsan,
Öyrət mənə sevgilim, sən necə unudursan?

Peşman olacaqmısın? bunu zaman söyləyər,
Qayıt! qarşımdasan yar, yadlar yaman söyləyər,
Təkcə xəyallarımda könlümü ovudursan
Öyrət mənə sevgilim, sən necə unudursan?

05. 08. 1988.

NƏ KƏSDİ QARŞIMIZI ƏLİN ƏLİMDƏ İKƏN
(Mahnı, musiqisi müəllifindir)

Nə kəsdi qarşımızı əlin əlimdə ikən?
Gözlərin gözlərimdə, telin telimdə ikən.
Özün xəyallarımda, adın dilimdə ikən,
Ayrıldıq əbədilik ayrılan yollar kimi.

Sonlu imiş sən demə bəxtiyar günlərimiz,
O birgə çağlarımız, o gözəl anlarımız,
Qayıtmaz ki, bir daha qoşa zamanlarımız,
Axar gözümüz yaşı, çağlayan sellər kimi.

Saçlarımız ağarıb, az-az da tökülübdür.
Üzümüzə illərin xətləri çəkilibdir.
Baxışımız yenə də, yollara dikilibdir,
Özümüz də, solmuşuq, xəzanda güllər kimi.

Qayğılarımız da var, hələ sevincimiz də,
Yenə də qağayılar qoşa gəzir dənizdə,
Sahil həmin sahildi, həmin olaydıq biz də,
Fikrimizdə dolaşan şirin xəyallar kimi.

Nə kəsdi qarşımızı, əlin əlimdə ikən?
Gözlərin gözlərimdə, telin, telimdə ikən,
Özün xəyallarımda, adın dilimdə ikən,
Ayrıldıq, əbədilik ayrılan yollar kimi.
01. 04.1989.

AŞKDAN QURBAN OLAMAZ
(Mahnı, musiqisi müəllifindir)

Sızlar o keçən günlər hey könül yaramızda,
Səni sevdim nə qədər qoy qalsın aramızda.
Bir-birimizin qəlbi o biri yarımızda
Axan göz yaşımızdan tüm yer üzü qan olaru
Aşkdan qurban olmaz, quzudan qurban olar!
Dedin qorxma! röya bu, röyadan ayıldınmı,
Sən mənim ömrüm, günüm, həyatım deyildinmi?
Mənə olan sevgidən kaderə əyildinmi?
Sınsın qələmin fələk? bu qədər fəqan olar?
Aşkdan qurban olamaz, quzudan qurban olar.

Sevgilim, bu dünyada sənə bərabərmi var?
Sanırsan səndən sonra yaşayan Gövhərmi var?
Hicrandan da amansız yaxıcı zəhərmi var?
İnanmıram bir kimsə mənimtək peşman olar,
Aşkdan qurban olmaz, quzudan qurban olar.
30. 05. 2000.

YAZ YUXUSU YOZULMAZ
(Mahnı, müsiqisi müəllifindir)

Qoşa aşkımız vardı,
Sanki bahar yuxusu,
Çaldı bir gün apardı
Onu könül oğrusu.

 Vəfasız!
Adın bana yazılmaz!
 Vəfasız!
Yaz yuxusu yozulmaz!

Kader, dəyişən deyil,
Nə buyrulub, olacaq.
Yadına düşən deyil,
Tezcə yerim dolacaq.
 
 Vəfasız!
Adın bana yazılmaz,
 Vəfasız!
Yaz yuxusu yozulmaz!
Yumru-yumru yağışlar,
Pəncərəmdən düşəcək.
Gecikmiş yalvarışlar
De nəyi dəyişəcək?

 Vəfasız!
Adın bana yazılmaz,
 Vəfasız!
Yaz yuxusu yozulmaz!

Qoşa aşkımız vardı,
Sanki bahar yuxusu
Çaldı bir gün apardı,
Onu könül oğrusu.

 Vəfasız!
Adın bana yazılmaz,
 Vəfasız!
Yaz yuxusu yozulmaz!
01. 09. 2000.

ÖZÜMÜ ÖLDÜRÜM
(Mahnı, musiqisi müəllifindir)

Həsrət qaldım göz qaşına,
Durum özümü öldürüm,
Dayan, dolanım başına,
Vurum özümü öldürüm,

Çox üzüldüm kuyində mən,
Şimdi canım hayində mən
Qol qaldırıb toyunda mən
Yorum, özümü öldürüm.

Karvan getdi, yolda qaldım,
Çox yubandım, dalda qaldım.
Bildinmi nə halda qaldım?
Yarım, özümü öldürüm.
Geri dönməz ötən çağlar,
Dünənlərdə itən çağlar
Böylə çapuq bitən çağlar,
Varım, özümü öldürüm.

Həmin o bağın altında,
Ölüm qucağın altında,
Olsun ayağın altında,
Gorum, özümü öldürüm.

Gövhər sənə nə söyləsin?
Allah baxtəvər eyləsin.
Fələkdən niyə böyləsin?
Sorum özümü öldürüm.
20. 08. 2000.

BENİ NERDEN BULURSUN
(Mahnı, musiqisi müəllifindir)

Əksimi xəlvət-xəlvət əllərinə alırsın,
Bir payız buludutək boşalırsın, dolursun.
Hasretimdən hönkürüb saçlarını yolursun,
Vəfasızım, sevgilim, beni nerden bulursun?

Ayrılıqlar döyəcək qapını, açamazsın,
Ötən xatirələrin əlindən qaçamazsın,
Bendən vaz keçdin ama aşkından keçemezsin,
Bir gün hayallarimlə həp baş-başa qalırsın,
Vəfasızım, sevgilim, beni nerden bulursun?

Demə ki, tək deyilsin, yoxsa beraberin yox,
Kimsə seni sevemez benimtək, haberin yox.
Yalanmı hər şeyin var, tək bircə Gövhərin yox,
Seni yemin ederim axır peşman olursun,
Vəfasızım, sevgilim, beni nerden bulursun?
01. 08. 1993.
QAYTAR GƏNCLİYİMİ
(Mahnı, musiqisi müəllifindir)

Mən sənə inandım, sənə inandım.
Ömrümün ən gözəl çağını verdim.
Başına pərvanə təki dolandım,
Yakmağa gözümün yağını verdim.

Nə qədər vəfasız, nə qədər zalim!
İşimdi dön deyirsən dünənlərinə,
Ötən illərimi haradan alım,
Qaytar gəncliyimi qoyum yerinə!

Daha gedərgiyəm, qala biləməm,
Baxtiyar günləri et halal gedim.
Ben seni əğyardan ala biləməm,
Vida et son kərə, yola sal gedim.

Nə qədər vəfasız! nə qədər zalım!
İndi dön deyirsən dünənlərinə.
Ötən illərimi haradan alım,
Qaytar gəncliyimi qoyum yerinə.
07. 09. 2000.

SEVGİLİM, KADERDİ BU, KÖŞƏLƏRDƏ SATILMIR
(Mahnı, musiqisi müəllifindir)

Ayrılığın öncədən yuxusunu görmüşüm,
Səni röyalarımda əllərimdən vermişim.
Bir alın yazısı bu, qaçamazım ben daha,
Get seni yaşa mutlu, Onunla evlen daha,
Sen yalan deyemezsin, gözlərindən oxudum,
Girdim kalbinə ama, oralarda yoxudum
Bir zamanlar qayğısız, qoşa yuvamız vardı,
Şimdi qalmışım yalqız, biri çaldı apardı.
Aşk çox aznli duyğu, ayaqlara atılmır,
Sevgilim, kaderdi bu, köşələrdə satılmır.
01. 11. 2000.

BİR AZ SƏNİ ÇOX SEVİRƏM, VƏSSALAM
(Mahnı, musiqisi müəllifindir)

Zalim, qıyma bu, hicrandan məhv olam,
Ömrüm boyu sənə məətəl qalam
Sakın sorma nə vermişim, nə alam,
Bir az səni çox sevirəm, vəssalam.

Xəyanət eyləmə, qoyub gedərəm,
Bu şirin canıma qıyıb gedərəm,
Şu zalim dünyadan doyub gedərəm
Aşkım bana hökm eyləyir alçalam,
Bir az səni çox sevirəm, vəssalam.

Bivəfadan vəfa ummam hədərdi,
Fani dünya özü gəldi gedərdi,
Səni candan artıq sevən Gövhərdi
Məni tutan nə nigahdır, nə balam,
Bir az səni çox sevirəm, vəssalam.
11. 12. 2000.

QIYMA AYRILIĞA, QIYMA BİZLƏRİ
(Mahnı, musiqisi müəllifindir)

Atma, bu addımı, zalım, eyləmə!
Mənə gedişinlə zülüm eyləmə!
Ayağın altında ölüm, eyləmə!
Qıyma ayrılığa, qıyma bizləri!

Hər iki dünyamda sənə möhtacam,
Getmə! alın yazım, başımın tacı!
Yoxdur bir ölümün təkcə əlacı,
Qıyma ayrılığa, qıyma bizləri!

Mən aciz qulunam, sən hökmdarsan,
Mən ölüb gedərəm, sonra yanarsan,
Qalxaq bu röyadan bitsin, qurtarsın,
Qıyma ayrılığa, qıyma bizləri!

Atma bu addımı, zalım, eyləmə!
Mənə gedişinlə zülüm eyləmə!
Ayağın altında ölüm, eyləmə!
Qıyma ayrılığa, qıyma bizləri!
01. 10. 2000.

MƏN ÖLƏNDƏ
(Mahnı, musiqisi müəllifindir)

Mən öləndə, atın məni, dalğaların qucağına
Mən öləndə, atın məni martıların ayağına.
Mən öləndə, torpaqlara gömülməyim,
Elə edin getdiyimi heç bilməyim.
Kimsə duymaz mən yaşarkən ölmüş idim,
Bu dünyaya cəfalarçün gəlmiş idim,
Mən öləndə, atın məni dalğaların qucağına,
Mən öləndə, atın məni martıların ayağına.
Mən öləndə, torpaqlara gömülməyim,
Elə edin getdiyimi heç bilməyim.
02. 06. 2000.


MƏN, YA O
(Mahnı, musiqisi müəllifindir)

O, sənin üzə çıxara bilmədiyin xəyanətin,
Mən, sənin dırnaqarası məhəbbətin.
O, sənin arzuladığın, can atdığın.
Mən, sənin ölmədiril yatdığın.
Hansımız şirinik?
 mən, ya o?
Hansımız səninik?
 mən, ya o?
O, sənin xəyallarının sonası,
Mən sənin uşaqlarının anası.
O, sənin sevib əzizlədiyin,
Mən, qəfil ölümünü gözlədiyin.
Hansımız şirinik?
 mən, ya o?
Hansımız səninik?
 mən, ya o?
20. 12. 2000.

ƏRKƏKLƏR AĞLAMAZ
(Mahnı, musiqisi müəllifindir)

Ərkəklər ağlamaz, başını kaldır,
 gözlərin, gözümə baxsın son kərə.
Ben seni qucamam halallaşamam,
Seni götürəməm getdiyim yere!
Əllərim xınalı, saçım boyalı,
 gözlərin axıdır damla-damla qəm.
Kendini zorla da, azca gülümsə,
 burakıb da seni şöyle gedemem!
Ərkəklər ağlamaz, başını kaldır,
 gözlerin gözümə baxsın son kərə,
Ben seni qucamam, halallaşamam,
 seni götürəməm getdiyim yerə.
01. 02. 2000.


QƏLBİMDƏ VARSAN
(Mahnı, musiqisi müəllifindir)

Məni ayaqlarımı yuyacaq birisinə
 dəyişə bildin zalım!
Çox da öymə özünü heç əzəldən
 eşqimə layiq deyildin, zalım.
*   *   *
Parçala! Parçala! köksümü yar
 bacarsan!
Nə yazıq ki, vəfasız hələ qəlbimdə varsan.

Səninlə bir yuvada, əlim soyuq əllərdə
 qoşa ikən, tənhayam,
Harda itirdim səni, söylə bivəfam
 harda?!
  haralardan arayım?!
*   *   *
Parçala! Parçala! köksümü yar bacarsan,
Nə yazıq ki, vəfasız, hələ qəlbimdə varsan...
09. 2001.

SƏN MƏNİM QƏDRİMİ NƏ BİLƏCƏKSƏN
(Mahnı, musiqisi müəllifindir)

Sən mənim qədrimi nə biləcəksən,
 sən mənim dərdimdən ölmədin ki, heç.
Boranda, çovğunda, qarda, yağışda
 kölgətək ardımca gəlmədin ki, heç,
Sən mənim qədrimi nə biləcəksən,
 alın yazısı bu, mənə çatmısan,
Çay qırmızı alma götürüb gəlib,
sadəcə sən ona əl uzatmısan!
Sən mənim qədrimi nə biləcəksən,
 ötən eşqimizdən xatirənmi var?
Gənclik illərimin soltan çağında
 səni heç yanımda bir görənmi var?
Xəyanət eyləmə, dinən deyiləm,
 dilsiz qurbanınam ölənə qədər.
Gövhərəm, ölürüm, qalan deyiləm,
 sən mənim qədrimi bilənə qədər.

20. 08. 2000.

ÖLÜB, SƏNİ ÖLDURƏRƏM
(Mahnı, musiqisi müəllifindir)

Mənə xəyanət eyləmə,
Bilib səni öldürərəm.
Arxanca qarabaqara
Gəlib səni öldürərəm.

Dünya özü puç dünyadı,
Başdan-başa heç dünyadı,
Özü də, gülünc dünyadı,
Gülüb səni öldürərəm.
Mübarək, təzə “sirdaşın”,
Duymuşmu qohum-qardaşın?
Kipriyimlə bağrın başın
Dəlib səni öldürərəm.

İtirdin haqq-salamı,
Qıydın məni bu halamı?!
Əlindən iki balamı
Alıb səni öldürərəm.

Tapdadın əhd-ilqarını,
Kayb etdin etibarını,
Gəlib o ləçər yarını
Yolub səni öldürərəm.

Sanma mənə var bərabər,
Gövhərəm, Əntiqə Gövhər,
Gücüm çatmasa birtəhər
Ölüb səni öldürərəm.

EY ƏLÇATMAZ SEVGİLİM,
MƏN SƏNƏ YALAN DEDİM
(Mahnı, musiqisi müəllifindir)

Qarşılaşdıq, görüşdük, şirindir balan dedim,
Söz olar, söhbət olar, get ayrı dolan dedim,
Sevmiyorum ki, daha, unutdum, falan dedim,
Ey əlçatmaz sevgilim, mən sənə yalan dedim.

Get! mənim illər boyu başına dolandığım,
Fərağına ölüncə alovlanıb yandığım,
Mutlu olasan deyə həp aşkımı dandığım,
Heç sanma məni sənsiz saralıb-solan dedim,
Ey əlçatmaz sevgilim, mən sənə yalan dedim.

Üzünə güldüm, ama ürəyimdə ağladım,
Xəyalımda ötəni bir-bə-bir varaqladım,
Sni yadlara verib, öz ömrümü dağladım,
Sən yoxsan ya, deyil ki, dünya boşalan dedim.
Ey əlçatmaz sevgilim mən sənə yalan dedim.

Gövhəri sanma ki, heç daşdan-divardandı yar,
Bu qədər dözüm mənə bilmirəm hardandı yar,
Keçən ömrümüzdəndir, gedən bahardandı yar
Tək qoşa əksimizdir yadımda qalan dedim,
Ey əlçatmaz sevgilim, mən sənə yalan dedim.
09. 09. 2000.


KEÇİB GEDƏR
(Mahnı, musiqisi müəllifindir)

Ürəyimə daş bağlaram,
Sağalacaq bir gün yaram,
Səni əlbət unudaram,
 Keçib gedər!
Əlim səndən üzəcəyim,
Həsrətinə dözəcəyim,
Başqa bir aşk gəzəcəyim,
 Keçib gedər!

Bu dünyanın yalanı çox,
Eşqi nakam olanı çox,
Açılmamış solanı çox,
 Keçib gedər!

Ürəyimə daş bağlaram,
Sağalacaq bir gün yaram,
Səni əlbət unudaram
 Keçib gedər!
10. 06. 1989.

QOCALDIQ
(Mahnı, musiqisi müəllifindir)

Ey sevgilim, zaman keçdi duymadıq,
Saçımıza dən də düşdü, qocaldıq.
Məhəbbətdən , səadətdən doymadıq
Heç bilmədik bu nə işdi, qocaldıq.

Qaçan qaçır qovan-qovur dünyada,
Hərə vaxtın bir sovur dünyada,
Böylə namərd, böylə gavur dünyada
Fələk bizə neyləmişdi, qocaldıq.

Qaldı sənli günlərimin fərağı,
Bir həsrətin, bir də əksin göz dağı.
Unutmuşdum qoşa keçən o çağı,
Yenə gəldi yada düşdü, qocaldıq.

Biz hərəmiz özgəsinin yarıyıq,
Bölünmüşük, tam deyilik, yarıyıq,
Böyləmi yar, arzuladıq yarıyaq?!
Gövhər sənə nə demişdi, qocaldıq.
Ey sevgilim, zaman keçdi duymadıq,
Saçımıza dən də düşdü, qocaldıq.
Məhəbbətdən , səadətdən doymadıq
Heç bilmədik bu nə işdi, qocaldıq.
02. 01. 1999.

BU DÜNYANIN VƏFASI YOX
(Mahnı, musiqisi müəllifindir)

Bu dünyanın vəfası yox, nə tutmusan ətəyindən
Kimin mənzilə yetirər, kimin salar yedəyindən.
Bu dünyanın vəfası yox, qar üstündən qar ələyər,
Tamarzıdan-dadanmışa var üstündən var ələyər.
Bu dünyanın vəfası yox, satanı çox alanından,
Elə gözəl don geydirər, baş açmazsan yalanından.
Bu dünyanın vəfası yox, Gövhər ona bel bağlama,
Ötən günlər getdi, gəlməz, nahaq dalında ağlama.
01. 02. 1998.

GEDİYORUM SON KƏRƏ ÖP BENİ, SARIL BANA
(Mahnı, musiqisi müəllifindir)

Ağuşundayım daha, yoxluğundan qorxurum,
Bilmiyorum, gedirsən özgəsinin yanına.
Sana o məşuqəni ben nasıl unutdurum?
Yolunda qıyarsın ya, öylə şirin canına,

Gözlərimin içinə baxaraq dalıyorsun,
Bizi bir-birimizə bağlayan tellər kırık,
Sen bendən qətrə-qətrə ömrümü alıyorsun,
Öyləsine sulursun, yüz kara diller kırık.

Gel ayrılaq, yenidən sev beni, vurul bana!
Gediyorum son kere öp beni, sarıl bana!
Gediyorum artığım, ben sana yük olamam,
Seninle bir yuvada tenhayım, tek kamalam,
Ağuşundayım daha, yoxluğundan qorxurum,
Biliyorum, gedirsin özgəsinin yanına,
Sana o məşuqəni ben nasıl unutdurum?
Yolunda qıyarsın ya, öylə şirin canına.
21. 02. 2001.

KALKULYATOR, KALKULYATOR!
(Mahnı, musiqisi müəllifindir)

Sən nəyi düz hesabladın?
Kalkulyator, kalkulyator,
sən nəyi düz hesabladın?

Yarla qoşa keçən günü
gecə-gündüz hesabladın.

Ah, biləsən nə qədərdir,
xatirəmi kim yazacaq?

Anladığın rəqəmlərdir
gündür, aydır, ildir ancaq.

Kalkulyator, kalkulyator,
sən nəyi düz hesabladın?

Yarla qoşa keçən günü
gecə-gündüz hesabladın.

Heç duydunmu sevdiyinin
ayrılığı nasıl olur?

Sıxsam əgər bir düyməni
yaddaşların unudulur.

Kalkulyator, kalkulyator,
sən nəyi düz hesabladın?

Yarla qoşa keçən günü
gecə-gündüz hesabladın.
22. 10. 2000.




MİNİATÜRLƏR VƏ
MƏNSUR ŞERLƏR


BU MƏHƏBBƏT DEYİL, DƏLİLİKDİR

Aman Allah! Bu məhəbbət deyil.
Bu çılğınlıqdır, dəlilikdir.
Sən qovursan. Mən tabe olmuram.
Sən rədd eyləyirsən. Mən yenə sənin ardınca gəl¬məkdən yorulmuram.
Sənə çatdığım, dodaqlarını öpüşə, yanaqlarını gözlərimin selinə qərq etdiyim, dalğalı saçlarının saçlarıma, yumşaq əllərinin kobud barmaqlarıma qovuşduğu anlar da olur. Lakin çox qısa, göz qırpımı qədər ani.
Yenidən itirirəm səni.
Sən qaçırsan. Mən sənə yetməyə çalışıram.
Sən küsürsən. Mən güzəştlərin ən alisinə gedirəm, barı¬şıram.
Bu qovhaqovda, bu qaçhaqaçda yalnız bir həqiqət var. Sən mənim deyilsən.
Özün istəsən də, mən həsrətindən alışıb yansam, yayın isti¬sində ayrılığın sızağından üşüyüb titrəsəm də vüsal imkan¬sız.
Sən mənim dünənlərimdə qalmısan yalnız.
Sabahlarıma adlaya bilməzsən,
Aman Allah! Bu məhəbbət deyil.
Dəlilikdir.
Sən qovursan. Mən yenə gəlirəm. Sən öldürürsən. Mən ölürəm, və yenidən qalxıb ardınca qaçıram.
09. 04. 1997.

YOLUMU GÖZLƏMƏ, GƏLƏN DEYİLƏM

 Qapımın astanasında səbrlə dayanıb yolumu göz¬ləmə. Gələn deyiləm. Gedəsi yerim də yox.
 Axşamdan bəri buludlar göz yaşlarıyla pəncərəmi yuyur.
 O qoşa çağlarımız çox uzaqda, əllərimiz çatmaz, səsimiz yetməz bir röyada uyuyur.
 Qapımın astanasında səbrlə dayanıb yolumu göz¬ləmə.
 Artıq o bəxtiyar günlər şirin bir xəyal.
 Bizimçün qismətdə deyil bu vüsal. Nə yalvar, nə bağışlanmaq dilə, nə də alçal...
 Qapımın astanasında səbrlə dayanıb yolumu gözləmə...
 Gələn deyiləm. Gedəsi yerim də yox...
01. 05. 1992.

AH, ONLAR ELƏ BİLİR
SƏN ZƏNG VURUB SUSURSAN

Ah, onlar elə bilir sən zəng vurub susursan.
Onlar telefonun dəstəyini qaldırır. Kimsənin səsini eşitməyib, narazı-narazı qapadırlar.
Sağ ol... Məni aradığına məni yoluxduğuna görə sənə minnətdaram.
O qoşa çağlarımız nə qədər də yaxın...
Onları bizdən tül bir pərdə ayırır. Onu asanlıqla yandırmaq, kəsib dağıtmaq olardı.
Nədənsə biz bunu etmədik. Müti kölələriyik ayrılığın.
Ah onlar elə bilir sən zəng vurub susursan.
Onlar hamının alışdığı və bizimçün çoxdan köhnəlmiş səs dalğalarına alışmışlar.
Onlar bizim hələ də barışmaq istəmədiyimiz acı həqiqətlə barışmışlar.
Ah, onlar elə bilir sən zəng vurub, susursan.
Sabah bu gün oldu. Bu günsə dünən.
Nə yazıq ki, bu dünən o dünəndən deyil.
Bu dünəndə nə mən varam, nə də sən...
Ah, onlar elə bilir sən zəng vurub susursan...
01.04. 1992.

MƏNİ RƏDD ETMƏYƏ TƏLƏSMƏ!

Məni rədd etməyə tələsmə!
Ey sevgilim. Günahımı sən bilirsən, bir də mən.
Səni sevdim, sən özün də bilmədən. Sərt qayalardan dərin dərələrə çırpılan çılğın şəlalələri geriyə döndərmək, yanaqlarını oxşayan bahar mehinin öpüşlərindən qorun¬maq, qurub etməkdə olan günəşin son şəfəqlərini sübhədək saxlamaq mümkünmü?...
Ey sevgilim. Məni rədd etməyə tələsmə! Səndən icazəsiz, sən¬dən soruşmadan, qəlbimdə sənə yer verdim. Eşqimi ge¬riyə döndərə bilməyəcəksən.
Sən bir daha mənimlə qoşa çağlarındakı qədər sevil¬mə¬yə¬cəksən.
Mənim bu günahımı bağışla...
Bu günahı sən bilirsən. Bir də, mən. Məni rədd etməyə tə¬ləsmə!
Səni sevdim, sən özün də bilmədən.
03. 04. 1997-ci il.

GEDİŞİNİ HEÇ KƏSƏ BİLDİRMƏ

Gedişini heç kəsə bildirmə... Tale kəpənəkləri eş¬qi¬mizin çiçəklərinə qonaraq qaçdılar. Uçub-uçub, hardasa bizdən uzaqlaşdılar.
Artıq sevgimizin bağçasına xəzan gəlmiş, payız küləkləri zə¬rif pöhrələrini qırmışdır. Yadların önündə gülürəm. Şaqraq nəğmələr deyərək. Soruşma, sevgilim, bütün bunlar nəyə gərək...
Gedişini heç kəsə bildirmə!
Qoy eləcə sənsizliyinə dözüm. Özgələrin tənəsinə dözə bilmərəm.
Gedişini heç kəsə bildirmə...
05. 04. 1983-cü il.

TANIDIM, BU SƏNSƏN...

Saçlarına parıldayan sancaqlar düzmüsən. Qulaqlarına cin¬gil¬dəyən sırğalar asmısan.
Qəhqəhlərin baharda bağçamıza gələn quşların səsidir.
Baxışlarını dolandırıb hey mənə baxırsan.
Hər addımımı izləyirsən. Mənimçün darıxırsan.
Tanıdım. Gizlədə bilməzsən.
Bu sənsən...
Saçlarına parıldayan sancaqlar düzmüsən. Qulaqlarına cin¬gildəyən sırğalar asmısan.

05. 04. 1989-cu il.

BAX, ODUR, YENƏ GƏLDİ

Bax, odur. Yenə gəldi...
Asta yerişində məsum sükutunu qəlbimin üsyan edən fəryadına qarşı qoyaraq.
Bax, odur. Yenə gəldi. Saçlarımı yolan zaman.
Köksümdə kədər ümman.
Qəflətən çıxaraq yuxularımdan, tənhalığımı duyaraq, gəldi...
İndi üçlükdəyik. Bir mən, bir o, bir də, ötən günlərin şirin xarirələri...
O məni ovundurur. Təsəlli verir. Yoxdur nə fələyin, nə də amansız talenin bundan xəbəri.
Bir mən. Bir o. Bir də ötən günlərimdən xatirələr... Bax, odur. Yenə gəldi. Qorxuram tezliklə açıla səhər...

10. 08. 1989-cu il.

ARTIQ BİZƏ NƏ GÖRÜŞ VAR, NƏ DƏ AYRILIQ...

Özünü təmizə çıxarmağa çalışma!... Sən yay səhərində çiçəklərin üzərində parıldayan şeh damlasıydın. Günor¬tanın istisinə bu damlalar qalmır. Yox olub gedir.
Ətrafımız hər şeyi olduğu vəziyyətdə görməyə adət edənlərlə dolu...
Onları nə sabahın şehi maraqlandırır nə də ki, çiçəklərin halı...
Onlarçün göz yaşıyla bir damla duzlu suyun fərqi yox.
Özünü təmizə çıxarmağa çalışma!.. Biz hər ikimiz fələyin hökmüylə ayrılığa məhkum edilmiş günahsızlarıq.
Özünü təmizə çıxarmağa çalışma! Artıq bizə nə görüş var. Nə də ayrılıq...
10. 11. 1986-cı il.

MƏNİM CANLI ÇİÇƏYİM

Axı sən niyə süni güllərlə evi bəzəmişdin?
Yataq otağında zanbaqlar, qonaq otağında lalələr, qızıl¬güllər, mətbəxdə qərənfillər, xrizantemalar.
İndi onlar hamısı durur. Öz əlinlə necə düzmüşdünsə eləcə. Parlaq, gözəl, cazibədar. Cansız, cansıxıcı...
Mən onları ata bilərəm. Ancaq atmıram. Çünki, sən onları sevirdin, əzizləyirdin. Sən onların arasında yeganə canlı çi¬çəkdin.
Mənim sevimlim. Mənim mələyim. Mənim gözəlim, mənim çiçəyim.
Mənim bir daha geriyə qayıtmayacaq xoşbəxtliyimi...
Axı sən niyə, süni gülləri evi bəzəmişdin?...

10. 02. 1996.


GÖZLƏRİM SELİ YANAQLARIMI YUMAĞA ALIŞIQ

Çıx yolunla get!!!
Məni ovundurmağa çalışma.
Ağlamıram.
Sadəcə gözlərim seli yanaqlarımı yumağa alışıq...
Qarşımda dursan da, nə fərq edər ki? Səni görmürəm.
Həsrətindən fikirlərim qarışıq...
Çıx yolunla get!!!
Bilirəm, Gedərgini saxlamazlar.
Gedənin dalınca ağlamazlar...
Sadəcə gözlərim seli yanaqlarımı yumağa alışıq.
Səni tanımıram.
Fikirlərim qarışıq...
04. 07. 1985.

QOCALMISAN

Özünü cavan göstərməyə çalışma! Keçər...
Qocalmısan...
Bir zamanlar gecənin zülmətinə meydan oxuyan saçların ağarmış. Bir zamanlar gül qoxuyan al yanaqların saralmış.
Bir zamanlar nəğmələr oxuyan bal dodaqların yorulmuş!
Keçər...
Qocalmısan...
Bəlkə, hələ də, başında ötənlərin havası.
Bəlkə, hələ də, qəlbində gəncliyin sevdası.
Bəlkə hələ də, qulaqlarında ilk eşqin əlvidası qalır.
Keçər...
Qocalmısan.
Bir zamanlar önündə baş əyənlər.
Bir zamanlar hurisən, mələksən deyənlər.
Bir zamanlar səni gözləyənlər hanı?
Keçər...
Qocalmısan...
Elə sanma olanlar şirin bir nağıl...
Gəncliyində dəli sevda.
Ahıllığında ağıl.
İndi sən bir pillə də ucalmısan!
Keçər...
Qocalmısan...
06. 07. 1999.

AXTARDIĞINI TAPDINMI,
TAPA BİLDİNMİ?

Bir zamanlar məndən yaxşısını, məndən gözəlini, məndən artıq sevə biləcəyini axtararaq məni tərk etdin.
Söylə ey sevgilim, axtardığını tapdınmı?
Tapa bildinmi?
Bilirəm. İndi hər şeyin var.. Uşaqların... dövlətin...
Təkcə mən sənin deyiləm.
Bütün bunlara görə kənardan baxanlar sənə bəxtəvər deyə bilər.
Mənsə bunu deməzdim...
Əgər bu belə olmasa idi.
İllərin ayrılığından sonra ilk qarşılaşmadığımızda mənimlə saatlarca danışıb eynən mənim, etdiyim kimi gizli-gizli ağlamaz, şıltaq gəncliyimiz kimi yanaqlarından yuvarlanıb qa çan göz yaşlarını saxlamağa qadir olardın.
Əgər bu belə olmasa idi...
Ayrılmaq istərkən ayaqlarını ardınca sürüməz, qanrılıb mənə baxa-baxa eynən mənim kimi baxışlarında məni özünlə aparmaq istəməzdin...
Çıx yolunla get! Get ey sevgilim! Daha biz itirdiyimiz səadəti geri qaytara bilmərik.
Bir zamanlar məndən yaxşısını, məndən gözəlini, məndən artıq sevə biləcəyini axtararaq məni tərk etdin.
Söylə ey sevgilim! Axtardığını tapdınmı?!
Tapa bildinmi?...
22. 08. 1989.

ÜMİDLƏ GÖZLƏRƏM, SABAHA NƏ VAR...

Ah, sabahımı dünənimlə dəyişdim. Ümidlə gözlərəm. Sabaha nə var... Xəzri pəncərəmi döyür...
Dönürəm...
Qoşa günlərimiz çağırır, əl edir. Nə isə deyir.
Diksinirəm...
Əsir dünənimdən bu günə rüzgar. Ah, sabahımı dünənimlə dəyişdim. Ümidlə gözlərəm. Sabaha nə var...
01. 01. 1997.

GƏL

Gəl, yenə əllərini öpüm.
 Önündə diz çöküb alçalım. Yalvarım.
Gəl!!!
Gəl yenə səninlə dil tapım.
Günahkar özüməm. Bağışla.
Ey yarım. Gəl!
Qayıtsın səninlə bağlı ömrümdə nə var...
Sevinclər, kədərlər, Dərdlər.
Qayğılar.
Dünyanı verdim sənə, deyərək getdin. Ey zalim! Ey Afət!
Bildin nə etdin.
Dünya gərək deyim mənə
Özünü qaytar!!!
Gəl!
Yenə əllərini öpüm.
Önündə diz çöküb alçalım. yalvarım.
Gəl!!!
Gəl, bəlkə səninlə dil tapım.
Günahkar özüməm .
Bağışla ey yarım. Gəl!..

06. 07. 1993-cü il.

O KİMDİR EYVANIMDA DOLAŞIR?

Bir bahar mehi tək yanaqlarımı oxşayıb getdi...
Dodaqlarının təbəssümü uyğumda.
Əllərinin sıcağlığı duyğumda.
Bir bahar mehi tək yanaqlarımı oxşayıb getdi...
O yenə gəlir. Mənimlə danışır. Məndən ayrılır.
Mənimlə qarşılaşır.
Bir bahar mehi tək yanaqlarımı oxşayıb getdi...
Ah!
O kimdir?
Eyvanımda dolaşır.

15. 09. 1992.


MƏNİ ÖZ GÜNAHIMA BAĞIŞLA...

“Balanı öldürüb, qapına gəlmişəm”.
Məni öz günahıma bağışla...
Yaxın ikən uzaq, dost ikən düşmən, fani ikən əbədi ola bilərikmi?...
Yayın bu istisində üşüyürəm. Günəşin atəşi məni don¬durur... sənin önündə diz çöküb alçalır, dil töküb yal¬varıram.
Bilirəm... Çox gözəl bilirəm...
Dünənə qayıtmaq imkansız.
Sabahlarımız talelərimiz qədər narahat. Ayrılıq sərt və amansız...
Yayın bu istisində üşüyürəm. ürəyimin alovu sənin qəlbinin buzlarını əridə bilməz.
O bəxtiyar çağlarımız, qoşa günlərimiz geridə, gəlməz...
“Balanı öldürüb qapına gəlmişəm”.
Məni öz günahıma bağışla...

17. 07. 1997.

AMANDIR, YALVARMA!

Amandır, yalvarma!
Yalvarma ki, gözlərimdən düşərsən.
Məğrurluğun qəlbimdə həsrətini, etinasızlığın ürəyimdə məhəbbətini alovlandırır.
Yalvarma ki, adiləşərsən.
Sən, çatmaq istədiyim ən böyük arzu kimi qalsan belə, asanlıqla sahib olacağım, lakin qədrini bilməyəcəyim bütün nemətlərdən üstünsən.
Amandır! Yalvarma...
Yalvarma ki, gözlərimdən düşərsən.
Yalmarma ki, adiləşərsən...

06. 09. 1996.


BU GÜN MƏN ONA SEVİRƏM DEDİM

Bu gün mən ona sevirəm dedim.
Yox sözlərimdə yalan.
İnan mənə, inan!!!
Xəyanətlə dolu dünyamızda bu bir acı həqiqət.
Unutdum səni artıq.
Nə məhəbbət. Nə nifrət. qəlbimi sarmayacaq.
Küçələr həmin küçələr. Yollar həmin. Dalan həmin dalan...
Artıq nə mən varam orda, nə sən. Eşqimizi nə bir qarşılayan, nə də ki, yola salan...
Bu gün mən ona sevirəm dedim. Yox sözlərimdə yalan. İnan mənə!!! İnan!!!

03. 01. 1997.

BİR MƏN, BİR DƏ SƏN

Pıçıltıyla danışırsan.
Bəlkə qulaqlarımıza məhəbbət təranələri oxuyan bahar mehi baxçamızdan ötəndə xəfif pıçıltı səsləri səni qor¬xudur?...
Yan-yörənə boylanırsan. Qürub-etməkdə olan günəşin son şəfəqləri, yarpaqlar arasında süzülür, zərif çöhrəni öpüşə qərq edir.
Əllərimlə saçlarına toxunuram. Diksinirsən. Dəmir iradənin axırıncı telləri ümman gözlərində əriyir, gedir...
Yox olur. Bir mən qalıram. Bir də sən... Əllərimlə saçlarına toxunuram. Diksinirsən. Yan-yörənə boylanırsan. Qürub etməkdə olan günəşin son şəfəqləri yarpaqlar arasından süzülür. Zərif çöhrəni öpüşə qərq edir...
01. 05. 1987.

MƏNİM VƏHŞİ CEYRANIM

Ah, mənim vəhşi ceyranım, sənə çatınca nələr çəkdiyimi bilməzsən. Əllərin əllərimə, tellərin tellərimə qovuşmuş.
Nə xoş.
Qarşında kölən kimi hər əmrinə müntəzirəm.
Artıq o nisgillər unudulmuş. Yenilərinə dözürəm...
Ah, mənim vəhşi ceyranım.
Sənə çatınca nələr çəkdiyimi bilməzsən...
01. 01. 1990.

MƏNİ ARAMISAN

Məni aramısan.
Nə yanlış bir ümid.
Nə gecikmiş bir təlaş...
Xəzan yarpaqları yenidən yaşıl, saçlarım bəyazı yenidən qara, gedərgi bir kimsə əbədi qala bilərmi?
Yox!
İmkanı yox!!!
Məni aramısan.
Nə yanlış bir ümid.
Nə gecikmiş bir təlaş.
Özgənin əlində əlim.
Bir başqasının adın çağırır dilim. Dəmir qəfəsdəyəm. De necə gəlim!!!
Taleinə yazılmayan sənin ola bilərmi?
Yox! İmkanı yox!!!
Məni aramısan...
Nə yanlış bir ümid.
Nə gecikmiş bir təlaş...
Boyun əymişik kadere.
Çıx yolunla get!
Yox hicrandan qurtuluş...
15. 09. 1992.

QƏRƏNFİL

Yolun o tayında nimdaş və səliqəli geyimli, təxminən 20-25 yaşlarında ovurdları batıq, kaxeksiya həddinədək arıqla ¬mış, solğun bənizli bir qadın gedirdi. Onun irəliyə qabarmış qayğılı qara gözlərində sönməkdə olan qəribə bir ümid parlayırdı. Qadın tez-tez arxaya qanoılıb, ardınca ayaq¬larını güclə sürüyən balaca qızcığazı səsləyir, bəsdir, ağlama, gedək evə, özüm sənə bulka bişirib verərəm–deyib uşağı ovutmaq istəyirdi. Ancaq görünür qızcığaz anasının belə vədlərinə daha inanmırdı, deyin, bir az da ürəklənib, bərkdən ağlamağına davam etməkdə idi.
Birdən uşaq susub, dayandı.
Səkizə saplağı qırılmış al qırmızı bir qərənfil düşmüşdü. Əlbəttə belə bir tapıntı qızcığazın diqqətindən yayına bilməzdi.
O dərhal əyilib qərənfili götürdü. Onu sanki itirəcəyindən qorxaraq balaca ovcunda bərk-bərk sıxdı və bir andaca aclığını unudaraq g ülə-gülə anasının ardınca qaçdı...
28. 07. 2000.

MƏNƏ TƏSƏLLİ VERİN

Dəryalarda tufana düşmüş tənha gəmiyəm.
Küçələrə atılmış yetim körpələr kimiyəm.
Siz, ey bu dünyanın məhəbbətinin şərbətini dadmış,
Xəyanətinin zəhərini içmiş insanları!
Mənə təsəlli verin!
Təsəlli verin ki, dünyalar qədər sevdiyimin xəyanətini unu¬du bilim.
Təsəlli verin ki, daşlara çırpılan könlümü ovuda bilim.
06. 12. 2000.


GET! QOY ACILARI UDUM,
GET! QOY SƏNİ UNUDUM

Senin ardınca kölgətək gəzərkən
Beni görmədin, beni anlamadın,
Xəyanətinə dilsiz-ağızsız dözərkən,
Suçlamadın heç, kəndini danlamadın.
Şimdi dünyamı kopdu?
Şimdi kadermi deyişdi?
Donmüşsündür ya, söylərmisin nə işdi?
Boynunu nasıl gucum? nasıl sarıla bilim?
Yenidən sana zalim, nasıl vurula bilim?
Get! arxana baxmadan, üzmə beni nolursun...
Haala yüreyimdece bir nisgiltek kalırsın.
Get! Qoy acıları udum!
Get! qoy seni unudum...
06. 01. 2001.


UŞAQLAR ÜÇÜN

LAYLA

Ay körpə, oyanma, gözlərini yum.
Axı gecə keçir, yatmaq vaxtıdır.
Məni də, səsləyir yatmağa yuxum,
Axı röyalara batmaq vaxtıdır.

Sənə ki, laylanı anan söyləyir,
Sən niyə özünə layla deyirsin?
Külək də, səninçün atın əyləyir,
Sən yatmaq bilmədən, gülümsəyirsən.

Budur, ay da gedib bulud dalına,
Ulduzlar da, artıq yatmaq istəyir.
Bir bax beşiyində kuklalarına,
Onlar da yatmayıb səni gözləyir.

Ay körpə, oyanma, gözlərini yum.
Axı gecə keçir, yatmaq vaxtıdır,
Məni də, səsləyir yatmağa yuxum,
Axı röyalara batmaq vaxtıdır.


MƏKTƏBƏ GEDƏCƏYƏM

Məktəbə gedəcəyəm, mənə kitab dəftər al,
Geyinmişəm təp-təzə, çantamı çiynimə sal.
Qələmlərim rəng-bə-rəng, qutusunda gözləyir,
Bacım Sevil dalımca addım-addım izləyir.
Mənim hələ beş yaşım, bacımın üç yaşı var,
Mən məktəbə gedəndə onu bağçaya apar.
Ay ana, böyümüşəm, uşaqdır mənim haram,
Məktəbə yola salma, özüm gedib taparam.

BAHAR

Yenə gəldi fəsli bahar,
Güllər bir-birin səslədi.
Baş qaldırdı tumurcuqlar,
Ağaclardan bar istədi.
*   *   *
Aşıb-daşdı dağ selləri,
Çöllərə həyat gətirdi,
Gün qızdırdı çəmənləri,
Bir türlü büsat gətirdi.
*   *   *
Yenə oxudu bülbüllər
Çiçəklərin nəğməsini,
Açdı zərif səməngüllər
Bapbalaca qönçəsini.
*   *   *
Bahar mehi hər guşədə
İlıq bir iz qoyub getdi,
Yaz yağışı hər meşədə
Ağacları yuyub getdi.


ATAM ÇIXIB GÖTÜRƏR

Sevil dedi:–”Anacan, göydəki parıldayan
Ulduzlar nə qədər çox, onları heç dərən yox.
Nə olar ki, onlardan ikisini dərəsən,
Birini qardaşıma, birin mənə verəsən,
İlham dedi:–”Ay bacı, danışırsan gülməli,
Ulduzlar çox uzaqda, çatmaz anamın əli”.
Sevil dedi:–”Anacan, sən sıxılma, birtəhər
Biz nərdivan qoyarıq, atam çıxıb götürər”.

BOSTANÇI VƏ DOVŞANLAR

Bir cüt dovşan bostanı tək gördülər,
Oğurlanıb tez içinə girdilər.
Kələmləri bir-birinə qatdılar,
Axır ki, doyunca yeyib yatdılar.
Bu minvalla bir neçə saət keçdi,
Axşama bostançı gəlib yetişdi.
İşi duyub həsir səbəti qapdı,
Astaca gedib oğruları tapdı.
Çatan kimi dovşanların tuşuna,
Səbəti saldı onların başına.
Biçarələr qulaqların qısdılar,
Çabalayıb, ciyildəyib susdular.
Bostançı qoyub səbətin üstə daş,
Fikirləşdi “Aparram evə birbaş”.
Sonra yenə göz gəzdirib hər yana
Əlləşib, vuruşub, saldı sahmana.
Dovşanlarsa, itirməyib fürsəti,
Çeynədilər, dağıtdılar, səbəti.
Bir böyründən iri deşik açdılar,
İkisi də sivişdilər, qaçdılar.
05.08. 1999.

SƏRÇƏ

Sərçə qəfil uçdu girdi bir evə,
İstədi dönsün qoymadı çərçivə.
Pəncərənin tayını bildi açıq
Çırpdı özün, qana bulandı yazıq.
Düşdü bihal, olmadı taqət uca,
Nə sürünə, nə yeriyə, nə qaça.
Gördü bu halı balaca qızcığaz,
Quş uzanıb, sallanıb boyun-boğaz.
Əlin atıb götürdü yerdən onu,
Başını tutdu suya gəldi cana
Yadlayıb, dərmanladı tez yarasın,
Apardı eyvanda qoydu qurusun.
Onda ki can ağrıları çəkildi,
Pərvazlandı quş o yerdən əkildi.
06. 07. 1991.

ÇƏNBƏR

Küçədən bir yiyəsiz küçük taparaq İlham,
Gətirib yedizdirib, rahatlayıb etdi ram,
Sonrasa fikirləşdi:–”Bəs nə çağıracaq bunu?”
Küçüksə, razı-razı bulayıb quyruğunu
Hey atılıb düşürdü min oyun çıxararaq
Həyətdəki uşaqlar göstərib xeyli maraq,
Doluşdular başına, hərə bir ad söylədi,
İlhamsa Çənbər qoydum, itimin adın, dedi.
Köməkləşib həyətdə Çənbərə dam tikdilər,
Ətrafına balaca bir çəpər də çəkdilər.
Gündüzləri Çənbərin oynamaqdı adəti,
Gecələrsə, sübhəcən qoruyurdu həyəti.
25.07. 1999.


TƏNBƏL

Dərsdə dalda oturar,
Tənəffüsdə qabaqda.
Onun xəyalı qalır
Həmişə oynamaqda.
Dərs oxumaq istəməz,
Yazı-yazmağı bilməz.
Müəllimə qulaq asmaz,
Heç vaxt “5 qiymət almaz.”
12.01.1970.

BALACA KUKLAM VARDIR

Balaca kuklam vardır,
Əl-üzünü yumayır.
Balaca kuklam vardır.
Saçını daramayır.
Balaca kuklam vardır,
Arxası üstə dönəndə
Gözlərini qapayır,
Balaca kuklam vardır,
Üzüstü çevriləndə,
İnqə deyib ağlayır.
10.02.1970.


PİŞİK

Bir bala pişik lap yaxın asqıya,
Durdu siçan tutmaq üçün pusquya.
Başladı əlin yuvaya atmağa,
Siçanın quyruğunu oynatmağa,
Qəfil pəncəsi bir inə dolaşdı,
Dartdı, birdən nəsə başına düşdü.
Miyoldayıb tez sıçradı kənara,
İlişdi asqıdakı paltarlara.
Səs-küyə girdi yiyəsi dəhlizə,
Göydən asılmış pişik dəydi gözə.
Apardı mətbəxdə onu ovutdu,
Qabağına süd qoydu, yedi, yatdı.
06.07. 1991.


DƏCƏL OĞLAN

Bir dəcəl oğlan yeyib qovurğasın,
Doldurdu daşla dostunun torbasın.
Sonra gedib, azca o yerdən uzaq,
Yatdı, yuxuda gördü bir yalquzaq,
Meşədə kəsib qabağın söyləyir;
Nə yemisən, tez geri qaytar, deyir.
Qaytarmasan qarnını dağıdaram,
İstəsəm səni diricə udaram.
Qorxub ayıldı yuxudan o anda
Gördü hələ kimsə yoxdu yanında
Tez gedib torbanın daşını atdı,
Yerinə öz heybəsini boşaltdı.
06.07. 1991-ci il.

GECƏNİ GƏTİRƏCƏK

Gəzintiyə çıxırıq, geyinib İlham, Sevil,
Bir cüt ağ göyərçindir bəzəniblər elə bil.
Gəlinciklər, maşınlar hamısı hazırlandı,
Bir az yoruldu deyə Sevil getdi uzandı.
İlham düşdü təlaşa bacısın yatan gercək,
Dedi qoymayın!, yatıb gecəni gətirəcək!
04.01.2000.

OVÇU VƏ CANAVAR

Bir canavarın balası çalayla
Düşüb qalmışdı ulaya-ulaya.
Baxmayaraq çalanın ağzı gendi,
Az qala quyu qədər də, dərindi.
Yazıq ana kələrə əl atmadı,
Yenə balasına əli çatmadı.
Axır ümidi hər yerdən üzüldü,
Şəst ilə çalanın ağzına gəldi.
Özü də tullanıb düşdü çalaya
Əvvəl körpəsin yalaya-yalaya
Əmizdirib ovundurdu, yatırdı,
Sonra ehmalca dişinə götürdü.
Sıçrayaraq var gücünü topladı.
Balasını tez kənara tulladı.
Özü yıxılıb çalanın təkinə,
Qaldı bir xeyli orda tək-təkinə,
Qəzadan da, bir ovçu bunu gördü,
“Fürsətdi” deyib, canavarı vurdu.
Son nəfəsdə qurd bir fəryad qopardı,
Balası qaçıb canını qurtardı.
05.03.2000.











TƏMSİLLƏR

TÜLKÜ VƏ BALALARI

Tülkü girib xəlvəti bir gün hinə,
Keçirdi bir neçə toyuq çənginə.
Boğazlayıb ordaca nuş eylədi,
İtlər duyar deyə, təlaş eylədi.
Sonra seçib içlərindən kökünü,
Aldı dişinə, tutaraq yükünü,
Gəldiyi yolla sıçrayıb eşiyə
Yetirdi tezliklə özün meşiyə.
Ağzında toyuq çatınca yuvaya,
Başladılar balaları davaya.
İşkarı hərə bir səmtə dartdılar,
Bircə anda dağıtdılar, yırtdılar.
Onda ki, hamısı yeyib doydular,
Uzandılar yatmağa baş qoydular.
Qısılıb anoslarına yatdılar,
Qışı da, çovğunu da, unutdular.
05.03.2000.

QURD VƏ BALALARI

Bir qurd güdüb yay gecəsi sürünü,
Boğazladı quzulardan birini.
Elə ki, qaçıb yuvasına çatdı
O andaca biçarəni dağıtdı.
Şikarı verib körpə balalara
Sakitcə çəkildi özü kənara.
Töküldükcə ağzının suyun uddu,
Baxa-baxa aclığını unutdu.
Balaları doyunca əl atmadı,
Axır özünə bir tikə çatmadı.
05.03. 2000.

KİTAB VƏ DƏFTƏR

Kitab dedi dəftərə;
“Yoxdu səndə kəramət.
Odur ki, nahaq yerə
Etmə mənlə ədavət”.
Dəftər dedi:–Nə yaman
Tez çıxartdın yadından.
Əvvəl məndə yazırlar,
Sonra sən yaranırsan.
05.07.1976.

OCAQ VƏ KÖMÜR

Ocaqdan çıxan kömür, manqalda lovğalandı,
“Ah, bu yanımda nədir arsızarsız qalandı?”
Tüstüsü göz çıxarır, üst-başı bərbad edir,
Belə qara camaat yerini bilməlidir!
Ocaq dedi: –”Çox da ki, bu məqama yetmisən,
Unutma, sən özün də, məndən çıxıb getmisən”.
05.07.1976.

İLAN

İlan güldü cüllütə,
Dedi:–”Nə balacadır”.
Amma o anlamadı
Cüllüt ondan ucadır.
05.07.1976.

TAPMACA

O kimdi ki, qonaq getdi, oturdu?
Yedi, içdi, harınladı, qudurdu?
 açması-erməni.
04.08.1989.

ŞAM VƏ PƏRVANƏ

Şam sordu pərvanədən:–”Söylə, sən dəlimisən?”,
Tanımaza, bilməzə, başıma dolanırsan.
Əvvəl-axır özün də, alovuma yanırsan.
Pərvanə dedi: –”Bilmə, səni dostum sanıram,
O qədər gözəlsən ki, oduna aldanıram”.
05.07.1976.










POEMALARÇIRPIYLA QIRPININ NAĞILI

 Mən uşaq olanda rəhmətlik xalam Səkinə biz uşaqlara (öz uşaqlarına və mənim bacı qardaşlarıma) qədim, məzhəkəli bir Azərbaycan xalq nağılı s öyləyirdi ki, bu nağılın personajları o zaman mənə (elə indi də) çox gülməli gələrdi. İxtisasca akuşer olub gənc ikən həyatda çox məhrumiyyətlərlə üzləşmiş, uşaqlarından biri dünyaya gələrkən tromboflebit və onun ağırlaşması nəticəsində bir ayağını itirmək məcburiyyətində qalmış, şikəst olandan sonra isə həyat yoldaşı tərəfindən qayğı əvəzinə etinasızlıq və soyuqluqla qarşılaşmış, ömrünün qalan hissəsini ata-anasının himayəsində keçirərək hələ gənc ikən dünyasını dəyişən bu qadın çox mərd və optimist bir insan idi.
 O heç bir zaman öz dərd və iztirablarından gileylənib ətrafdakıları incitməz, əksinə çox zaman özünü şən və gülərüz göstərər (əslində isə o çox sıxıntı keçirirmiş, bunu mən çox sonralar yalnız özüm böyüyüb bir şey başa düşəndən sonra bildim) və bizi də şənləndirməyə nail olardı. O bizə saysız hesabsız g ülməli əhvalatlar, məzəli nağıllar söyəyər və bunu o qədər böyük bir ustalıqla edərdi ki, biz özümüz də, nağılın iştirakçılarına çevrilərdik. Bu əhvalatdan az qala 30 il sonra mən yalımda qalan bu nağıllardan birini şerlə qələmə aldım və öz təxəyyülümün məhsulu ilə bəzədim.
 Ancaq mən bu nağıl-poemamı qələmə almamışdan öncə bu sətirləri ona görə yazdım ki, həyatda müxtəlif səbəblərdən bu və ya digər dərəcədə şikəst olmuş insanlar “həyat mənim üzümə gülmədi”-deyib ümidsizliyə qapılmasınlar. Əksinə, çalışsınlar ki, onlar özləri həyatın üzünə gülsünlər. Belə olduqda o insanların gözündə hər şey dəyişər, gözəlləşər, gələcəyə də ümidlə baxarlar. Cəmiyyətdə isə çox-çox sağlam insanlara, üstün, dəyərli bir şəxsiyyətə çevrilərlər. Çünki həyat başdan-başa mübarizədir və bu mübarizədə yalnız qaliblər yaşayır.
Biri vardı, biri yoxdu,
Varlı azdı, kasıb çoxdu.
Günəşli bir məmləkətdə,
Dağda, balaca bir kənddə,
Çırpıyla Qırpı yaşardı,
Bir də bir qızları vardı.
Qızlarının adı Arpa,
Baxan qıymaz gözün qırpa.
Gözəllik ilahidəndi,
Əqlü-kəmaliylə təndi.
Ağ buxaqda zil qara xal,
Dodaqları şəkkərü-bal.
Beli bənövşədən nazik,
Qolunda gümüş bilərzik,
Hörükləri topuğadək,
Ahu gözlü, huri-mələk.
Xülasə, günlərin biri,
Şahzadə ilə vəziri
Bu yerlərə çıxdı ova,
Bir ceyranı qova-qova
Çəmənzarda sabah-sabah,
Oldular bu qıza ürcah.
Salam verib, salam aldı,
Şahzadə qıza vuruldu.
Sordu eli, obasını,
Anasını, babasını.
sonra açıb ürəyini,
Qıza dedi diləyini.
Qız susub ahu sayağı,
Başını saldı aşağı.
Yanaqları döndü qana,
Axır utana-utana
Dedi: –”Ey qibleyi aləm,
Mən söz sahibi deyiləm.
Atam-anam versə izin,
Ömürlük ollam kənizin.
O saat tökdülər tədbir,
Elçilik eyləsin vəzir,
Vəzir böyük nəzakətlə,
Hədiyyələrlə, hörmətlə,
Gedib Çırpıyla Qırpıya
Dedi: –”Hazırlaşın toya!”
Qızınızı şah oğlu şah
Gəlin aparacaq sabah.
Şükr edin yetişib kama,
Çatdınız böylə məqama.
Verin xeyir-duanızı,
Xoşbəxt edin balanızı:–
Qırpı qalxaraq ayağa,
Dedi: –”Sən kimsən ay ağa
Nə tanıram o şahzadə,
Haranın acı bir gədə.
Hansı meşədə ayıdı?
Mənim qızımın tayıdı?
Yığışdır şələ şüləni
Mən şil-küt etməmiş səni!”
Vəzir duydu elə o dəm,
Qırpı bir az ağıldan kəm.
Odur ki, höcət etmədi,
Öylə dərinə getmədi.
Başını salmayıb dərdə,
Çıxdı o yerdən pəjmürdə.
Qayıdanbaş xanımana,
Ürcah oldu bir çobana.
Salam verib baş əyərək,
Çoban dedi:–”Çox mübarək!
Sizin bura gəlişiniz.
Bizi baxtavar etdiniz.
İzin verərsə gər ağa,
Bir qoç kəsərdim qonağa”.
Vəzir təşəkkür eylədi,
Hal qəziyyəni söylədi.
Ki, bəs mənim niyyətim xoş,
Gəl ki, qayıtdım əliboş.
Astarı üzündən baha,
Qırpı qızın vermir şaha.
Çoban dedi:–”olsa rüsxət,
Mən ondan “hə” allam əlbət!”
Xülasə, razılaşdılar,
Çobana yançı qoşdular.
Göndərdilər elçiliyə,
Qırpıdan qız alsın deyə.
Çoban yetib alaçığa,
Haray saldı sola-sağa.
Bir təpik qoydu qapıya,
Özün yetirdi Qırpıya.
Dedi:–”Ayə nə durmusan?
Bir o qədər qudurmusan?!
Sənin qızını kim alar?
Ölüncə bil, evdə qalar.
Sevin, baxtın açıb Allah,
Elçi düşüb Şah-Oğlu-Şah.
Qırpı qısıb sevincini,
Dedi:–Sənintək kişini,
Nə vaxt qapıma göndərdi?
Bizi adamtək dindirdi?
Sənə “yox” söyləsəm həyəm,
Bil ki, hər-həlbət dəliyəm.
Sana qurbanlıq bir quzu
Verirəm, apar bu qızı .
Xülasə, razı saldılar,
Ordaca qızı aldılar.
Mindirdilər kəcavəyə,
Apardılar şahzadəyə.
Toydan bir xeyli ötüşdü,
Bir gün Arpa yada düşdü.
Çırpı dedi: –”Canım Qırpı!”
Qırpı dedi: – “Nə var Çırpı?”
Çırpı dedi: – “Kor gözümüz,
Acından öldü qızımız.
Gəlsənə tədarük görək,
Gedib qızımızı görək”.
Qırpı yazıq başıdaşlı,
Arvadıyla razılaşdı.
Bir top parça, bir küp kərə,
Alıb çıxdılar səfərə.
Araba tərpənən zaman,
Gördü yolçuları çoban.
Salam verib, salam aldı,
Al dil ilə yola saldı.
Eşşək bir addım atmamış
Qırpı dedi: – “Nəsə qalmış”.
Saxlayıban arabanı,
Bir də çağırdı çobanı.
Dedi: – “Ayə, çoban qağa,
Bilməyəsən alaçığa,
Biz gedəndən sonra gəlib,
Ocaqdan çölməyi alıb,
İçindəkini yeyərsən,
Yerinə təzək qoyarsan!”
Çoban dedi: – “Xatircəm ol!”
Qalma səfərdən, yaxşı yol!
Üstündən bir xeyli keçdi,
Necə ki, Qırpı demişdi,
Çoban alaçığa girdi,
Ocaqdan qabı götürdü.
Qovurmanı yeyib doydu,
Yerinə təzəyi qoydu.
Sonrasa dağın döşünə,
Gedib, başladı işinə.
Bu bir yandan da yolçular,
Bu ağıllı gözəlçələr,
Yolun ağına gəldilər
Bir az durub dincəldilər.
Çırpı dedi: – “Canım Qırpı!”
Qırpı dedi: – “Nə var Çırpı?”
Çırpı dedi: – “Yola bir bax,
Cadar-cadar, partlax-partlax.
Binəva hardan yağ alsın,
Çəksin üzünə sağalsın,
Gəlsənə bir səvab edək,
Yağı ona verib gedək”
Qırpı yazıq, başıdaşlı,
Arvadıyla razılaşdı.
O saat küpü atdılar,
Yol ilə dığırlatdılar.
Bu işi eyləyib təmam,
Etdilər səfərə dəvam.
Hələ ki, düşməmiş gecə,
Yetişdilər bir ağaca.
Eşşəyi çəkib kölgəyə,
Bağladılar bir ilgəyə.
Özlərisə baş atdılar,
Arabadaca yatdılar.
Sübh çağı quşların səsi,
Oyatdı bu iki kəsi.
Civildəşib budaq üstə,
Quşlar qonmuş dəstə-dəstə.
Quşlarda bir adət də var,
Gah bu, gah o qıçın atar.
Çırpı dedi: – “Canım Qırpı!”
Qırpı dedi: – “Nə var Çırpı”.
Çırpı dedi: – “Bir baxsana,
Quşlar qalıb dona-dona.
Gəlsənə bir savab edək,
Bezi burda qoyub gedək.
Yazıq Qırpı başıdaşlı,
Arvadıyla razılaşdı.
Bir top parçanı atdılar
Ağacın üstə, getdilər.
Hər addımı saya-saya,
Axır yetdilər saraya.
Getdi Arpaya şad xəbər,
Doğmaların gəlibdilər.
Arpa ta bir şah gəlini,
Vurmaz heç nəyə əlini.
Qabağında qul-qarabaş,
Boyun-boğaz qızıl, daş-qaş.
Ata-anaya bu xanım
Dedi: – “Sizə qurban canım.
Bu yerlərə xoş gəldiniz,
Darıxdığım nə bildiniz?
Gedək sizi yuyundurum,
Şaha layiq geyindirim.
Elə indicə, bu saat,
Eyləyərəm sizi rahat.
Xülasə, ki, qulluqçular
Onları yuyundurdular.
Şaha layiq bir otaqda,
Atlas üz, pərqu yataqda
Rahatlayıb ram etdilər,
Xeyli ehtiram etdilər.
Gecənin tən bir yarısı,
Qırpının “Xanım qarısı”
Dedi: – “Gözüm, canım Qırpı!”
Qırpı dedi:–”Nə var Çırı?”
Çırpı dedi: –”Bəs bu otaq.
Qar kimidir, düm ağappaq.
Səhərəcən salır işıq,
Odur ki, biz yatammırıq.
Gəlsənə özümüz seçək,
Başqa bir otağa keçək”.
Qırpı yazıq başıdaşlı,
Arvadıyla razılaşdı.
Xülasə, açıb səhəri,
Yata bilmədi heç biri.
Sabahı giley etdilər,
Arpanı çox incitdilər.
Axır gəzib otaqları,
Bəyəndilər bir anbarı.
Qoz ləpəsi, badam, püstə,
Sərilmişdi taxtlar üstə.
Kişmiş, mövüz tay-tay idi.
Dop-dolu bir saray idi.
Hər küncdə bir bellə səbət,
Gözləyirdi sanki nöbət.
Ərlə-arvad yer saldılar,
Gecəni burda qaldılar.
Çırpı dedi: – “Canım Qırpı!”
Qırpı dedi: –”Nə var Çırpı?!”
Çırpı dedi: –”Can qızımız,”
Anası qurban, qızımız.
Yazıq tifil güc eyləsin,
Hansına əlac eyləsin?
Yəqin vaxtı yoxdur deyə,
Əlin atıb süpürgəyə
Buraları təmizləmir.
Görürsən nə zibillidir.
Gəlsənə bir səvab edək,
Arpanı feyziyab edək.
Götürək hərə bir beli,
Ataq bu ziri-zibili,
Yazıq Qırpı başıdaşlı,
Arvadıyla razılaşdı.
Qəzadan bir qapı vardı,
Düz dərəyə açılırdı.
O qapıdanca atdılar,
Anbarı tam boşaltdılar.
Elə ki, açıldı səhər,
Arpaya “müjdə” verdilər.
Gəlib bu olaya baxdı,
Yazıq qız bir xeyli qorxdu.
Veribən xeyli pul-para,
Tez tapşırdı anbardara
Alsın bazarda nə ki, var,
Səbzə filan, dolsun anbar.
Qırpıyla Çırpı bu səhər,
Günü keçirtdi birtəhər.
Axşam özləri seçdilər,
Toyuq hininə köçdülər,
Bura bir geniş anbardı,
Xeyli toyuq-cücə vardı.
Çırpı dedi: –”Canım Qırpı!”
Qırpı dedi: –”Nə var, Çırpı?”
Çırpı dedi: – “Bilsən nə var,
Bitlidir yazıq toyuqlar.
Gəlsənə biz su qızdıraq,
Onları bir çimizdirək.
Tifil qızımız neyləsin,
Hansına əlac eyləsin?
İşi çoxdu, özü təkdi,
Ona bir kömək gərəkdi.
Yenə Qırpı başıdaşlı
Arvadıyla razılaşdı.
Necə ki, xəyal etdilər,
Ona da əməl etdilər,
Bir tiyan su qaynatdılar.
Bir-bir oraya atdılar.
Toyuqları pöşlədilər,
Düz sübhəcən şişlədilər.
Elə ki, suya basdılar,
Toyuqlar səsin kəsdilər.
Çırpı dedi: – “Canım Qırpı!”
Qırpı dedi: – “Nə var Çırpı?”
Çırpı dedi: – “Baxsana bir,
Necə də sakitlədilər.
Xülasə, açılcaq səhər,
Arpa tutdu bundan xəbər,
Tökdü həp gözlərindən yaş,
Keçirdi bir xeyli təlaş.
Sonrasa çoxlu pul-para
Verib dedi anbardara
Atsın ölü toyuqları,
Yenə doldursun anbarı,
Çırpıyla–Qırpı bu heyin,
Yuxusuz qalmışdı deyin
Çox yorulub üzülmüşdü
Axır bu fikrə gəlmişdi
Ki, vaxtdır, dönsünlər geri,
Yəqin darıxıb evləri.
Çırpı dedi: –”Canım Qırpı!”
Qırpı dedi-”Nə var Çırpı?”
Qırpı dedi: – “Nə var Çırpı?”
Çırpı dedi: – “Daha yetər,
Qızımıza bir bu qədər
Kömək etdik, dur gedəlim,
Bu sarayı tərk edəlim.
Zatən burası narahat,
Bircə gün olmadıq rahat,
Hayıf deyil alaçığım,
O hisli-paslı ocağım.
Qızımız bir dağ çiçəyi,
Qurulu evin dirəyi.
Baxmayaraq işi çoxdu,
Yola verər, eybi yoxdu.
Qırpı dedi: – “Mən də razı,
Gərəkdir görəlim qızı,
Arpayla halallaşalım,
Sonra gədiyi aşalım,
Necə ki, xəyal etdilər,
Ona da əməl etdilər.
Qızlarıyla görüşdülər,
Qucaqlaşıb öpüşdülər.
Arabalarına mindilər,
Öz kəndlərinə döndülər.
Qızları bir iş görmüşdü,
Arabanı doldurmuşdu.
Atlasla, tirmə şal ilə,
Bir xeyli miqdar pul ilə,
Yüz il xərcləsən çatardı,
Burda da, nağıl qurtardı.
Göydən çoxlu alma düşdü,
Bütün uşaqlar bölüşdü.


ARŞIN MAL ALAN

 Mən uşaq olanda rəhmətlik nənəm Xədicə kiçik qardaşım Üzeyirə “Arşın mal alan” adlı bir nağıl danışardı. Onun dediyinə görə bu nağılı ona nənəsi söyləyərmiş. Bu əhvalatdan düz iyirmi altı il sonra mən yaddaşımda ötəri xəyal kimi qalan o gözəl nağılı şerlə qələmə aldım və öz təxəyyülümün məhsulu ilə bəzədim.

Belə nəql edərdi nənəm Xədicə,
Çox-çox, yüz-yüz illər bizlərdən öncə,
Naxçıvan şəhərində bir xan yaşardı,
Üzeyir adında bir oğlu vardı.
O, uca boyluydu, enli kürəkdi.
Əli açıqlıqda dünyada təkdi.
Zəhmətlə çatmışdı elmə, kamala.
Şöhrəti yetmişdi bütün mahala.
Qılınc oynatmaqda, cıdır düzündə
Bərabəri yoxdu heç yer üzündə .
Qolu qatlanmazdı ər meydanında,
Hünər meydanında, nər meydanında.
Allahdan sahibdi tükənməz vara,
Sədəqə paylardı hey kasıblara.
Kəhriz çəkdirərdi buz bulaqlardan
Geniş dərələrdən, uca dağlardan
Axaraq gələrdi şəhərə sarı,
Gözəl Batabatın ayna suları.
Qalalar tikdirər, yollar salardı,
Hər zaman xalq üçün qeydə qalardı.
Bağlar qırılardı nemətdən, bardan.
Fəhlələr gələrdi bura kənardan,
İşləyib, zəhməti müqabilində
Həm özün saxlardı, həm ailəsin də.
Kimsə üz tutsaydı qalardı razı,
Güzəranları xoşdu, bol idi ruzu.
Xülasə, belə bir gözəl zamanda,
Qərbi Azərbaycan, şəhr İrəvanda,
Xan qızı yaşardı Nərgiz adında,
Çox aşiq yanırdı onun odunda.
Bənizi ağ idi, yanağında xal,
Dəhanı şəkərdi, dodaqları bal,
Qara gözlərinin xumar baxışı
Süzsə, əridərdi divarı, daşı.
Zərifdi biləyi, incəydi beli,
Danışığı şirin, duzlu, məzəli.
Oxuyub hər elmdən olmuşdu hali,
Zahiriylə təndi, əqli-kəmali.
Çox-çox elçiləri rədd eyləmişdi,
“Mən könlüm tutanın ollam”–demişdi.
Nərgizin bir xanım dayəsi vardı,
Naxçıvan elindən söhbət açardı.
Hey doğma yurdunu tərifləyərdi,
Yolunuz düşsəydi ora deyərdi.
Bir yanı Arazdı, bir yanı dağlar,
Quş südü də desən, Naxçıvanda var.
Söhbət əsnasında bir gün Xan qızı
Dedi necə igid axtarır gözü.
“Boydan uca boylu, kürəkdən enli,
Bir ağır tayfadan, şöhrətli, şanlı.
Cəmi elmlərdən olsun xəbərdar,
Düşmənə amansız, dostuna qahmar.
Haqqdan bükülməsin qolu, biləyi,
Yeddi min arxaya çatsın köməyi.
Baxanı yandırsın gözəl cəmalı,
Qayadan sərt olsun, qızdan həyalı.
Səxavətdə onun tayı olmasın,
Yaxşı əməlinin sayı olmasın”.
Sordu: –”Böylə biri varmıdır, hanı?
Dolanım başına, olum qurbanı”.
Dayə gülümsünüb, əl üstündə əl,
Dedi: –”Ey nazənin, qənirsiz gözəl,
Eynən dediyiniz nəmdə, nişanda,
Xan oğlu Üzeyir var Naxçıvanda.
O, sizə müsafir olsaydı bir gün,
Tutardız dünyada hosmpdan üstün.
Gecəni, gündüzü həp unudaraq,
Gözəl cəmalına olardız müştaq.
Bir alma yaradıb sizi yaradan,
Sonra isə bölüb sanki yaradan,
Bir paralı oğlan, bir parası qız,
Əgər qovuşmasaz, qalarsız yalqız.
Çoxdan çatmışsa da həddi-buluğa,
Hökmü yetmişsə də, hər sola-sağa,
Evlənmək istəmir, gözləyir hələ,
Deyir, rast olmadım öylə gözələ
Ki, olsun qəlbimə, ruhuma hakim,
Mən onun xəstəsi, o, mənə həkim”.
Özü də, bilmədən o gecə dayə,
Gözəl Xan qızını saldı bəlaya.
Nərgizin günbəgün soldu bənizi,
Təbibdən əlacsız oldu mərəzi.
Gecələr yuxusu ərşə çəkildi,
Qaməti əyildi, beli büküldü.
Ata-anasının yalvarışına
Baxıb, dərdlərini o, yana-yana
Bir gün dayəsinə söylədi pünhan,
Artıq qalmamışdı, biçarədə can.
Ta hal-əziyyətdən olub xəbərdar,
Dayə dedi: –”Xanım, burada nə var?
Allahdan bir olan ümid kəsilməz,
İnşallah bir kimsə bu sirri bilməz.
Bir müddət özünə toxdaq ver, dayan,
Ye iç, ki, səfərə can toplayasan.
Atandan, anandan alaraq rüsxət,
Biz təbib adıyla, bir sabah xəlvət,
Təvəkkül söyləyib o yaradana,
Yol alıb gedərik bil, Naxçıvana.
Ancaq, sözlərimə bərk-bərk qulaq as,
Gərəkdir biz olaq təğyiri-libas.
Sənin gül adına gözəl mələkə,
Dəyməsin zərrədək, bir qətrə ləkə.
Kişi libasında atlara süvar,
Gedib yetişərik, Allah olar yar,
Çatıb Naxçıvana bir ev tutarıq,
İşin dalısına sonra baxarıq.
Xülasə, necə ki, söyləmişdilər,
Allahın izniylə elə etdilər,
Qədim Naxçıvanın bir guşəsində,
Qoç-üstü deyilən məhəlləsində
Ev kiraladılar ata-oğultək,
Qulaq as ardına, nə yazdı fələk.
Nərgiz keçirərək başına qarın,
Yığmışdı içinə qulac saçların.
Geymişdi əyninə kobud bir çuxa,
Möhkəm bağlanmışdı həm boyun, yaxa.
Çəkdirib canına min bir əziyyət,
Vermişdi özünə başqa qiyafət.
Adını dəyişib etmişdi Əli,
Bığ yeri tərləmiş gənc qiyafəli
Getdi iltimasçün Üzeyir xana,
Ki, nökər dayansın bir müddət ona.
Bir xeyli işləyib can yandıraraq,
O, xanda oyatdı özünə maraq.
Bir dəfə onunla Üzeyir Ağa,
Qəfildən gəldilər qabaq-qabağa.
Nərgizin ürəyi yandı, alışdı,
Gizli məhəbbəti gözündən daşdı.
Eşqin biixtiyar verib büruzə,
Bir anlıq quruyub, qaldı göz-gözə
Sonrasa nə etsin bilmədi, çaşdı,
Ürkək ceyran kimi o yerdən qaçdı,
Bu anda sanasan ki, Üzeyir Xan,
Yatmışdı qəflətdə, qalxdı yuxudan.
Anladı “Əlinin” qız olduğunu,
Gözlədi nə olur bu işin sonu...
Qalxdı ürəyində təlatümləri,
Axır, anasına verdi xəbəri,
“Ana, Əli gözü qız gözü,
Barmağı üzük yeri,
Qolu bilərzik yeri.
Ana, Əli qızdı, oğlan deyil”.
Oxla anasını vurdu elə bil.
“Dilin nə söyləyir? lənət şeytana
Küfr danışmağın yaraşmaz sana,
Sən bir Xan oğlusan, şöhrəti uca,
Olurmu gəc baxsan öylə bir gəncə?
Bil ki, qurtarmazsan tənədən, sözdən,
Lənətə gələrsən, düşərsən gözdən.
Şəhvət gözlərini qapayıb sənin,
Oğlanı görürsən huri, nazənin,
Xülasə, edərək öyüd nəsihət,
Ana öz oğlunda oyatdı nifrət”
Yanlış fikirlərə, düşüncələrə,
Gecə öz yerini verdi səhərə.
Açıldı üzlərə nurlu bir sabah,
Sübhdə batil olur gecəki günah.
Yenə də, hər yanda qaynadı həyat,
Quruldu evlərdə bir dürlü büsat.
Gündəlik ruzinin düşüb peşinə,
Hərə məşğul oldu kəndi işinə.
Xülasə, ötüşdü bir xeyli zaman,
Üzeyirlə olan o əhvalatdan.
Bir payız axşamıydı Üzeyir Xan,
Həzin bir səs duydu arxa eyvandan.
Gizlicə gedərək o, verdi qulaq,
Bildi oxuyanı yandırır fəraq.:
–”Gəlmişdim qapına, ey vəfalı yar,
Gözün yadı gördü, məni görmədi.
Alışdım oduna lal-pünhan, naçar,
Gözün odu gördü, məni görmədi. ”
Naxçıvan, dedilər bəhrəli bağlar,
Bir yanı Arazdı, bir yanı dağlar,
Bu nisgil ölüncə sinəmi dağlar,
Zalım nədi gördü, məni görmədi.

Məndim öz elimdə şanlı bir xanım
Bu qara sevdadan tükəndi canım,
Üzeyir başına durum dolanım,
Quru adı gördü, məni görmədi.

Qəfildən kəsilib mahnı yarımçıq,
Eyvanı bürüdü boğuq hıçqırıq.
Sonrasa, o gözəl, məlahətli səs
Bir bayatı çəkdi sanki son nəfəs.
–”Dağı nə dolanırsan?
Solu nə dolanırsan,
Sağı nə dolanırsan?
Bostanın dolu vurdu,
Bağı nə dolanırsan?..

Üzeyir hövlnak keçib eyvana,
Axtardı o şəxsi, baxdı dörd yana.
Onda bir kimsəni görmədi gözü,
Nə oxuyan vardı, nə də ki, izi.
Külək qopararaq hey yarpaqları,
Çırpırdı qəzəblə eyvana sarı.
Günəş son şəfəqin çəkib dağlara,
Yerini verirdi qaranlıqlara,
O gözəl nigarı bulmamış hələ
Üzeyir fikrindən keçirdi belə:
–“Gecənin xeyrindən gündüzün şəri
Yaxşıdır gözləyəm gərək səhəri,
Sabahsa İnşaallah Allah olar yar,
Məndən gizlənənin izi tapılar”.
Keçərək öz yataq otağına o,
Uzandı, gözünə getmədi yuxu.
Fikrində yüz götür-qoy elədikcə,
Qurtarmaq bilmədi, uzandı gecə.
Xəyalı dolanıb min yerə vardı,
Özü də bilmədən, yuxu apardı.
Allah rəhm eyləsin cümlə yatana,
Əbədi Oyağa Min Həmd və Səna!
Sübh tezdən ayılıb qalxdı yerindən,
Yorğunluq yağırdı həp gözlərindən.
Otaqda balaca bir mizin üstə,
Həmişəbahar gördü bir iri dəstə.
O, gözəl gülləri ələ alan dəm,
Gördü mizin üstə kağızla qələm.
Orda göz oxşayan incə bir xətlə,
Oxu daşa dəyən bir məhəbbətlə
Yazılmışdı:
–”Əliyəm, düz gedərəm.
Dağ, dərə, düz gedərəm.
Ağa, Sənin evinə
Qız gəldim, qız gedərəm”...

Üzeyir buludtək tutuldu, doldu,
Öz böyük səhvinə peşiman oldu.
Getdi anasına təzim edərək,
Dedi: –”Xanım ana, qulaq as görək,
Ana, sənə demədimmi
Əli gözü, qız gözü,
Barmağı üzük yeri,
Qolu bilərzik yeri?

Ana, “Əli” qızdı, oğlan deyil,
Götür bu naməni, özün oxu, bil.
Ana əhvalatdan olunca hali,
O, da peşman oldu, qarışdı halı.
Dedi:–”Nökərlərə, qulluqçulara
Sor, bəlkə bilirlər o gedib hara.
Göndər dörd bir yana sən atlı, çapar,
Hər-həlbət bir kimsə izini tapar.
İnşaallah Yaradan çatar dadına,
Sən də, yetişərsən öz muradına”.
Gəzdilər hər yanı həp oymaq-oymaq,
Bulmadılar əsla “Əli”dən soraq.
Üzeyir hicrandan hey yana-yana,
Dözmədi o qızın ayrılığına.
Dedi:-O uzağa gedibdir, bişəkk,
Onu tapmaq üçün başqa yol gərək.
İki dəvə yükü parça, bər-bəzək,
Aldı, özü də bir arşın-malçı tək,
Geyindi, düşməmiş yolun ağına,
Xanlığı tapşırıb öz anasına
Dedi:-”Qoşa dönsəm–eylərsən büsat,
Əgər qayıtmasam, məni halal et”.
Xülasə, kəndbəkənd, şəhərbəşəhər,
Gəzib qapı-qapı satdı malını,
Gördü bir-birindən ahu gözəllər,
Fəqət tapammadı öz maralını.
Yollarda-yorulub gəlmişdi cana,
Axır varid oldu o İrəvana.
Bu, dağlar qoynunda qədim diyardı,
Daşında da, türkün nəfəsi vardı.
Dumduru bulaqlar buzdan da, sərin
Doğma diyarıydı Azərilərin.
Üzeyir burda da eyləyib səbir,
Türk gözəllərinə baxırdı bir-bir.
Malını satırdı dəyər, dəyməzə,
Yenə də ol yarı dəymirdi gözə.
Bir gün o, yük vurub dəvələrinə,
Gəldi Xan evinin həndəvərinə.
Səsləndi: -”satıram arşın malları”
Açıldı həyətin darvazaları.
Qaçaraq qulluqçu qızlar, gəlinlər,
Xan qızı Nərgizə verdilər xəbər;
–”Gəlib Naxçıvandan arşın mal alan,
Eyni Rüstəm Zaldır mal satan oğlan.
Yükündə növ bə növ zər var, qumaş var,
Bəlkə xanımın da, zövqünə yarar.
Xan qızı göstərib olmazın maraq,
Düşdü pillələri tez-tez qaçaraq.
“Arşın malçıyla” qız gəlib göz-gözə
Bir-birin tanıdı, verib büruzə,
Ətrafı salmamaqçün əsla duyuq,
Onlar bir-biriylə danışdı soyuq.
Sonra arşın-malçı qəribdir deyə,
Xan qızı əmr etdi ki, qoca dayə
Aparsın yolçunu böyük otağa
Süfrədə özü də qabaq-qabağa
Əyləşib ehtiram göstərdi ona.
Qonaq ovsunlanıb gül camalına
Sölədi ki, xanım verərsə rüsxət,
Şerlə deyərdim çəkdim nə zillət.
Xan qızı söylədi:–Bizdə müsafir
Allah tərəfindən göndərilibdir.
Nə söyləsə ona rüsxətdir əlbət,
Bizim borcumuzdur qonağa hörmət”
Aldı Üzeyir:
–Ay xanımlar gəlin sizə söyləyim,
Bir qız bizim elə gəldi də getdi.
Kişi libasında, nökər adıyla
Evimdə neçə il qaldı da, getdi.

Mən qurban edərdim ona varımı,
Bilmədim, itirdim öylə yarımı
Ruhumu, əqlimi, ixtiyarımı
O, bircə gecədə çaldı da getdi.

O bir pəri idi, yanağında xal,
Ya şirin röyaydı, ya da ki, xəyal,
Onu sevdiyimi ürəyimdə lal
Oxuyub gözümdən bildi də, getdi.

Əlinə yaraşır ləl qaşlı üzük,
Qolları tutana altun bilərzik,
Beli bənövşənin qəddindən nazik,
Məni öz oduna saldı da getdi.

Mən gəda deyiləm, Xan oğlu Xanam,
Uçub əllərimdən gül üzlü sonam.
Var isə insafı qıymazdı yansam,
Səbri qərarımı aldı da getdi.

Qonağı dinləyib Xan qızı Nərgiz,
Dedi:–”Bir kəlmə də söyləyəlim biz:
–Bizdən salam olsun müsafirlərə,
Gözün çəkdiyini qaş nə bilər ki?
Könül parçalansa gündə yüz kərə
Yanaqdan süzülən yaş nə bilər ki.

Nə vaxtdı qəlbimdə borandı, qardı,
Bu dünya başıma zindandı, dardı.
Bir sevda köksümdə tufan qopardı,
Qaya nə bilər ki, daş nə bilər ki?

Mən qanadı sınmış yaralı quşam,
Öylə bilirdim ki, unudulmuşam.
Mən də, öz elimdə hamıdan başam,
Baharın qədrini qış nə bilər ki?
Aldı Üzeyir:
–Şahənşahlar günahkarı bağışlar,
Bülbül gülü, sevən, yarı bağışlar.
Uca dağlar, yağan qarı bağışlar.
Mən bilirəm, Xanım, hara gəlmişəm.

Sevməmişəm ta binadan yalanı,
Canım gedib, bir eşqidir qalanı,
Sövdəgərin tək sevgidir olanı
Allah verib, xiridara gəlmişəm.
Gözüm qalıb gözlərinə həsrətə,
Bir huridir, gedib qonub cənnətə,
Mən gəlmişəm ayağına minnətə,
Könlüm düşüb intizara gəlmişəm.
Aldı xanım:
–Dünya özü bir röyadı, yalandı.
Ta binadan boşalandı, dolandı,
Açan güllər əvvəl-axır solandı,
Lütv eyləyib, düz ilqara gəlmisən.

Bil, sənintək mən də sənə müştəğam,
Sevəcəyəm ta ki, nə qədər sağam,
Mən sənin kənizin, sən mənim ağam,
Aslanımsan sən şikara gəlmisən.

Aşiqin hövl edə, eşqidən yana,
Cəmi ixtiyardır atayla-ana,
Göndər elçilərin Şəhr İrəvana,
Axtarıb, arayıb, yara gəlmisən.

Aldı Üzeyir:
–Şükr edirəm Yaradana min kərə,
Ki, getmədi cəfalarım hədərə.
Qulun gedir elçilərin göndərə,
Mən səndəki etibara gəlmişəm.

Bağlayıb xanımla həp əhdi-peyman
Üzeyir şad-xürrəm qayıtdı ordan.
Yurduna çatanda Naxçıvan eli
Çaldı hər guşədə şadlıq təbili.
Üzeyir hörmətlə və ehtiramla,
Bəlağətli nitqlə, gözəl kəlamla
Gedib ayağına söylədi: –”Ana,
Lütf eylə, möhtacam xeyir-duana.
Bəzəndi Naxçıvan ala, qumaşa,
Gözlər istəyirdi etsin tamaşa,
Üzeyir tərk edib dərdü-sərini,
Şəhri İrəvana elçilərini
Göndərdi qırx dəvə yükü ənamla,
Kəcavə bəzəndi, gözəl nizamla
Düzüldü yer-göylə əlləşən atlar,
Yolçulara atlara süvar oldular,
Təvəkkül söyləyib onlar Allaha,
Yetdilər mənzilə günü sabaha,
Türkün adətiylə, el qaydasıyla,
Gedib elçi düşüb qızı aldılar,
Bayram büsatıyla, təntənəsiylə
Qırx gün, qırx gecə toy orda çaldılar.
Azəri şəhəri gözəl İrəvan,
Bəzəndi qırx gecə oldu çıraqban,
Gözəl Nərgiz xanım kəcavəsiylə,
Süvari atlılar əhatəsiylə,
Cehizi qırx dəvə yükü tutana
Yol alıb getdilər ol Naxçıvana.
Üzeyir eşidib bu şad xəbəri,
Bayram libasında qoşun ləşkəri
Toplayıb başına, çıxdı pişvaza.
Cəmi sevgililər yetsin muraza.
Qırx gün, qırx gecə toy etdilər onlar,
Bəxtiyar olsunlar cəmi cavanlar,
–”Yoxdur sözlərimdə zərrədən yalan,
Bax belə olmuşdu arşın malalan.”
Deyərək, nağılı yetirdi sona,
Doxsan altı yaşlı Xədicə nənə.
Onun məzar evi nur ilə dolsun,
O xanım nənəmə min rəhmət olsun.

MÜNDƏRİCAT

QURTULUŞ 5
NAXÇIVAN 6
SƏNƏ SALAMLAR OLSUN, ALİ BAŞ KOMANDANIM! 7
NİYƏ İNANMIRSAN QAYIDACAĞAM 8
AXIR 9
SƏN HƏMİN BAKISAN 10
DÜNYA 11
ASLAN YURDU TÜLKÜLƏRƏ BASILMAZ 12
DÜNƏN 12
gedim barı 13
Əziz anama 14
NƏ TEZ BELƏ QOCALMISAN, AY ATA 15
ÖZÜN BİLƏRSƏN 15

BAYATILAR 17

RÜBAİLƏR 21

SEVGİ ŞERLƏRİ
SƏN VƏ O 23
SON DƏFƏ GƏL DEMİŞDİN 23
SƏNƏ QONŞU OLMUŞAM 24
SEVGİLİM 25
GÖRÜŞDÜK AYRILMAQÇÜN 25
DƏYİŞMƏZSƏN ELƏMİ? 26
KAŞ BU YUXU OLA 26
NİYƏ SEVDİM 27
HƏSRƏTİN, SƏNSİZLİK, BİR DƏ TƏNHA YOL 27
FIRTINAYA DÖNƏRƏM 28
AY KÖRPƏ CEYRANIM... 29
SƏN DƏ YAZIQ, MƏN DƏ YAZIQ 29
SALAM, BİR DAHA SALAM 30
NƏ FAYDA 31
Burax hƏsrƏtinlƏ baş-başa mƏni 31
GƏL QAYIDAQ ÖTƏN GÜNƏ 32
ŞƏKLİNİ YANDIRMIŞAM 33
MƏRHƏBA 33
BU DÜNYADA 34
QAYIT 35
SƏn sevincini yaşa, mƏn isƏ kƏdƏrimi 35
TƏK QALIB MƏNİM KƏDƏRİM 36
LAL MƏHƏBBƏTİM 36
ÖMRÜMÜZ ÇEVRİLƏR BİR XARÜQƏYƏ 37
TOYUN MÜBARƏK 38
YANINDA BİRİ VAR 38
HAŞİYƏ 39
TƏK SƏBR 40
GÜNƏŞİ İTİRMİŞƏM 40
ÖRPƏYİN QARADIR 41
ŞİRİN EYLƏMƏDİK DİLLƏRİMİZİ 41
DÜZÜLMÜŞ 42
EY BİVƏFA YAR 42
BARI XƏYALINDAN ÇƏKİM GÖZÜMÜ 43
SƏNSƏ YOX 43
GÖZÜM BULUDUNDA YAĞIŞA DÖNDÜN 44
BİLMİRƏM 45
GÜLƏ-GÜLƏ 46
UNUT MƏNİ BACARSAN 46
BƏZƏNSİN 47
SƏN OLMASAYDIN 47
HÜNƏR İSTƏYİRƏM BAXA BİLƏSƏN 48
GÜNƏŞİN TELLƏRİ QIZILI 48
QAYIT BAHARDA 49
QAPINA GƏLMİŞƏM 50
MƏN HEÇ SƏNİ TAPMADIM Kİ, İTİRƏM 50
DAD YARIMÇIQ ƏLİNDƏN 51
DOLDUR QƏDƏHLƏRİ YAXINIMA GƏL 51
MƏNİMSƏN, BİLİRƏM, ÖZ ƏLİMDƏSƏN 52
QOY SƏNİN OLSUN 53
APARIB  54
ÖTƏN XATİRƏLƏR DARIXACAQDIR 54
NƏYİ DƏYİŞƏCƏK Kİ, GECİKMİŞ ETİRAFIN 55
APARDI PAYIZ MEHİ 56
BU NƏ DƏLİ SEVDADIR 56
YUXUMA GƏLMİŞDİN 57
TOYUNA ÇAĞIRARSAN 58
SƏNİ TANIMADIM Kİ... 58
XOŞ GƏLDİN, XOŞ GƏLDİN 59
YARA BİR 60
EL NƏ DEYƏR 60
OLA-OLMAYA 61
LALƏ  62
MƏNİ  62
GÖZƏL  63
YALVARIM 64
HEÇ XOŞBƏXT OLMAĞI BACARAMMADIM 64
SƏNİ İNDİ KİMDƏN İSTƏYƏCƏYƏM 65
QİSMƏTDƏ AYRILIQ, ARZUDA VÜSAL 66
QOY GEDİM BAŞINA DOLANIM BU GÜN 66
SƏNLİ SƏNSİZLİYƏ DÖZƏ BİLMİRƏM 67
SAYANMAZ OLDU 68
BİZ ELƏ BƏXTİYAR İKƏN 68
ƏLVİDA 69
İTİRİLMİŞ MƏKTUB HAQDA BALLADA 70
DEDİN ARAMIZDA İKİ RƏQİB VAR 71

MAHNILAR
AH NECƏ BƏXTƏVƏRSİN 73
NOLURSUN, GƏL BANA YALAN SÖYLƏMƏ 73
SƏNMİŞSƏN, BİLMƏMİŞƏM 74
AYRILIRIQ SÖZSÜZ, VİDASIZ 75
BAKI KÜLƏYİ 76
GÖRƏK BİR-BİRİMİZİ 76
AMANSIZ TALELƏ YAZILACAQSAN 77
BÖYLƏMİ QAYITDIN GÖRÜŞ YERİNƏ 78
DOYUNCA BAX GEDİRƏM 78
QAYIT GERİ 79
DÖN Kİ, QİYAMƏTƏCƏN VİDALAŞAQ 80
DAHA DEMƏYƏCƏYƏM 80
MƏNİ ÖLDÜRƏCƏK 81
O BƏXTİYAR ÇAĞLARIM DAHA XƏYALDI MƏNƏ 82
SƏNDƏN AYRILAMAM Kİ, AY MƏNİM NAMƏHRƏMİM 82
SƏNİ BAHAR MEHİ APARDI 83
EŞQİMİZİN XƏZAN ÇAĞI 83
AYRILIĞA BİR BAX HƏLƏ 84
BAİSKAR ÖZÜN ÖYMƏSİN 84
YALNIZ ÖLÜLƏR OLUR EHTİMALI SIFIRLAR 85
NİYƏ SƏNİ SAXLAMADIM 85
ÇAĞIMDA 86
LERİK 86
NECƏ SƏNİ DARDAN ALIM 87
KEÇƏR 88
MƏN NƏ HAYDA, SƏN NƏ HAYDA 89
QOVARAM GEDƏR 90
SƏN DƏ BÖYLƏ OĞRUSAN 90
VƏFADA DÜNYAYA OXŞAMISAN SƏN 91
SEVİRƏM DEDİN 92
KİPRİYİNDƏ DAMLA YAŞ VAR 92
PƏNCƏRƏMDƏ GÜL AÇIB 93
Sevgilim, ay sevgilim 94
TƏLƏBƏLİK İLLƏRİM 94
SEVGİLİM, BARIŞAQ TALEİMİZLƏ 95
ƏLVİDA, BİVƏFA YARIM, ƏLVİDA! 96
BU SƏN DEYİLSƏN Kİ 96
ÖYRƏT MƏNƏ SEVGİLİM, SƏN NECƏ UNUDURSAN. 97
NƏ KƏSDİ QARŞIMIZI ƏLİN ƏLİMDƏ İKƏN 98
AŞKDAN QURBAN OLAMAZ 98
YAZ YUXUSU YOZULMAZ 99
ÖZÜMÜ ÖLDÜRÜM 100
BENİ NERDEN BULURSUN 101
QAYTAR GƏNCLİYİMİ 012
SEVGİLİM, KADERDİ BU, KÖŞƏLƏRDƏ SATILMIR 102
BİR AZ SƏNİ ÇOX SEVİRƏM, VƏSSALAM 103
QIYMA AYRILIĞA, QIYMA BİZLƏRİ 103
BEN ÖLENDE 104
MƏN, YA O 104
ƏRKƏKLƏR AĞLAMAZ 105
KALBİMDE VARSIN 105
SƏN MƏNİM QƏDRİMİ NƏ BİLƏCƏKSƏN 106
Ölüb, sƏni öldürƏRƏm 107
EY ƏLÇATMAZ SEVGİLİM, MƏN SƏNƏ YALAN DEDİM 108
KEÇİB GEDƏR 108
QOCALDIQ 109
BU DÜNYANIN VƏFASI YOX 110
GEDİYORUM SON KƏRƏ ÖP BENİ, SARIL BANA 110
KALKULYATOR, KALKULYATOR! 111

MİNİATÜRLƏR VƏ MƏnsur şerlƏr
BU MƏHƏBBƏT DEYİL, DƏLİLİKDİR 112
YOLUMU GÖZLƏMƏ, GƏLƏN DEYİLƏM 113
AH, ONLAR ELƏ BİLİR SƏN ZƏNG VURUB SUSURSAN 113
MƏNİ RƏDD ETMƏYƏ TƏLƏSMƏ! 114
GEDİŞİNİ HEÇ KƏSƏ BİLDİRMƏ 114
TANIDIM, BU SƏNSƏN... 115
BAX, ODUR, YENƏ GƏLDİ 115
ARTIQ BİZƏ NƏ GÖRÜŞ VAR, NƏ DƏ AYRILIQ... 116
MƏNİM CANLI ÇİÇƏYİM 116
GÖZLƏRİM SELİ YANAQLARIMI YUMAĞA ALIŞIQ 117
QOCALMISAN 117
AXTARDIĞINI TAPDINMI, TAPA BİLDİNMİ? 118
ÜMİDLƏ GÖZLƏRƏM, SABAHA NƏ VAR... 119
GƏL 119
O KİMDİR EYVANIMDA DOLAŞIR? 120
MƏNİ ÖZ GÜNAHIMA BAĞIŞLA... 120
AMANDIR, YALVARMA! 121
BU GÜN MƏN ONA SEVİRƏM DEDİM 121
BİR MƏN, BİR DƏ SƏN 122
MƏNİM VƏHŞİ CEYRANIM 122
MƏNİ ARAMISAN 122
QƏRƏNFİL 123
MƏNƏ TƏSƏLLİ VERİN 124
GET! QOY ACILARI UDUM, GET! QOY SƏNİ UNUDUM 124

UŞAQLAR ÜÇÜN
LAYLA  125
MƏKTƏBƏ GEDƏCƏYƏM 125
BAHAR  126
ATAM ÇIXIB GÖTÜRƏR 126
BOSTANÇI VƏ DOVŞANLAR 127
SƏRÇƏ  127
ÇƏNBƏR 128
TƏNBƏL 128
BALACA KUKLAM VARDIR 129
PİŞİK  129
DƏCƏL OĞLAN 130
GECƏNİ GƏTİRƏCƏK 130
OVÇU VƏ CANAVAR 130

TƏMSİLLƏR
TÜLKÜ VƏ BALALARI 131
QURD VƏ BALALARI 132
KİTAB VƏ DƏFTƏR 132
OCAQ VƏ KÖMÜR 132
İLAN  133
TAPMACA 133
ŞAM VƏ PƏRVANƏ 133

POEMALAR
ÇIRPIYLA QIRPININ NAĞILI 134
ARŞIN MAL ALAN 145

Gövhər Əntiqə


QURTULUŞ
(Seçilmiş şerlər)


Redaktoru Muxtar Qasımzadə.

Texniki redaktoru və
kompüter tərtibatı Rafael Babayev.


Naxçıvan, “Əcəmi”, 2001


      Yığılmağa verilmiş 12.08.2001. Çapa imzalanmış 06.09.2001. Formatı 60X90 1/16 “Tayms” qarnitürü. Ofset çap üsulu. Ofset kağızı. Həcmi 10,0 ç.v. Sifariş j 56. Tiraj 200 nüxsə.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi.
Təbriz küçəsi, 1.